Məhkəmə qərarları › İş №2(011)-7582/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7582/2024

24.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7582/2024 24.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 408.96 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana süd/sovxozu Vidadi Xudumov küçəsi 37 (abonent kodu: **********10000) ünvanında yerləşən yaşayış evində yaşayır. Həmin evdə yeləşən sayğac mərhum X1nun adına qeydiyyatdan keçmişdir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra həmin evə dair sayğac xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə onun arasında yenidən müqavilə bağlanaraq, onun adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama apararkən akt tərtib edərək kənar xətt aşkar edilmiş və sayğacı yoxlanılması üçün laborotoriyaya göndərilmişdir. Laborotoriya rəyində qeyd edilmişdir ki, o sayğaca müdaxilə etmişdir və ona görə ona haqsız yerə ******* nömrəli aktla 5495.04 manat əsassız cərimə borçu yazılmışdır. Halbuki nə o, nə də ki onun ailə üzvləri tərəfindən sayğaca müdaxilə olmamışdır. Bununla bağlı Bakı şəhəri Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə tərəfindən müraciət edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi tam təmin edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin Xətai Rayon Məhkəməsinə müraciət edərkən səhvən iddia tələbində saldoda qeyd edilən 5495,04 manat əvəzinə 5086,08 manat borcun silinməsini tələb edilmişdir. Bu səbəbdən məhkəmə qətnaməsi icra olunarkən əsassız ******* nömrəli aktl yazılmış 5495,04 manat yox 5086,08 manat silinmişdir. Bütün bunları nəzərə alaraq yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi məhkəməyə etirazı təqdim edərək iddianın tamamilə əsassız olduğu bildirimiş, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları İddiaçının mərhum X1 barəsində xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib edilmişdir. Aktda sayğaca ümumi baxış keçirildiyi zaman sayğacda kənar xətt aşkarlanmışdır. Abonent adına xx.xx.2023-cü il tarixli akta əsasən qalıq 5495,04 manat məbləğində borc hesablanmışdır (abonentin saldosu **********10000). İddiaçı Vidadi oğlu məhkəməyə müraciət edərək ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 5068,08 manat borcun Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-6012/2023 nömrəli Qətnaməyə əsasən Cavabdeh İB tərəfindən İddiaçı Vidadi oğlunun faktiki istifadəsində olan ünvan 1 ünvanında (abonent kodu: **********10000) dair əsassız hesablanmış 5086,08 manat məbləğində borc silinmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən abonent barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında qalıq 5495,04 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. 5086,08 manat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-6012/2023 nömrəli qətnaməsi il\ qeyd edilən akta əsasən hesablanmış borcdan iddia tələbi həcmində uyğun olaraq 5086,08 manat məbləğində borcun silindiyi nəzərə alınaraq, Cavabdeh İB-i tərəfindən iddiaçıya hesablanmış qalıq 408.96 manat məbləğində borc silinməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 30 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanı üzrə (abonent kodu: **********10000) xx.xx.2023-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”a əsasən hesablanmış 408.96 (dörd yüz səkkiz manat doxsan altı qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 30 (otuz manat) manat məbləğində dövlət rüsumu Cavabdeh İBdən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar