Məhkəmə qərarları › İş №2(011)-7608/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7608/2021

25.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7608/2021 25.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçının Cavabdehnə qarşı “əsassız borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib edilmiş 29 yanvar 2021-ci il tarixli ******* saylı aktı qanunsuz hesab etməklə qazdan istifadəyə görə qanunsuz hesablanmış 11448 m/kub, yəni 1.144,80 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Qeyd edilən fərdi yaşayış evi yeni tikilidir və qaz sayğacının quraşdırılması üçün 27 avqust 2020-ci il tarixdə iddiaçı "xxxx" QSC-nin direktoruna rəsmi ərizə ünvanlamışdır. 15 oktyabr 2020-ci il tarixdə "xxxx" QSC tərəfindən qeydiyyata alınmış və qaz xətlərinin çəkilmə prosesi başlanmışdır. 21 oktyabr 2020-ci il tarixdə qaz xətti çəkildikdən sonra iddiaçı sayğacın quraşdırılmasını bildirsə də, sayğacın quraşdırılmasının 20 gün çəkəcəyi ona bildirilmişdir. Cavabdeh İB-nin əməkdaşları iddiaçıya sayğac gələnə qədər rezin şlankla qaz çəkməyi təklif etmişlər və iddiaçı qəbul etmişdir. Rezin şlankla evə qaz verilmişdir. Bundan sonra 11 noyabr 2020-ci il tarixdə sayğac quraşdırılmış və şlank ləğv edilmişdir. İddiaçı 2020-ci ilin noyabr və dekabr ayları üçün sayğac üzrə ödənişlər etmiş və ona hər hansı borc məbləği barədə məlumat verilməmişdir. 29 yanvar 2021-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edilməsi aşkar edilmiş və dəymiş ziyanın ödənilməsi barədə akt tərtib edilmişdir. Aktla iddiaçının 20 gün ərzində 11448 m/kub qaz sərf etdiyi müəyyən edilmişdir. İddiaçı qaz sayğacının göstəricisi ilə müəyyən edilmiş borcu vaxtında ödəmişdir. Onun tərəfindən sayğaca heç bir vaxt müdaxilə olunmamışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə qazdan istifadəyə görə qanunsuz hesablanmış 1.144,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının məhkəmə iclasında verdiyi izahatlara əsasən müəyyən olunmuşdur ki, o, 2020-ci ilin iyul ayında Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanındakı fərdi yaşayış evində yaşamağa başlamışdır. İddiaçı ilə Cavabdeh İB arasında 21 oktyabr 2020-ci il tarixli qazın alğı-satqısı barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, İddiaçı adına yeni abonent kodu açılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 yanvar 2021-ci il tarixli akta əsasən, həmin mənzildəki sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur, abonentin saldosuna əsasən həmin ünvana itirilmiş təbii qazın dəyəri olaraq 2021-ci ilin yanvar ayına 1.144,80 manat borc yazılmışdır. İddiaçı 1.144,80 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçı mübahisələndirilən ünvanda 2020-ci ilin iyul ayından yaşamağa başladığını qeyd etmişdir. Onun yaşadığı ünvana qaz sayğacı 2020-ci ilin noyabr ayında quraşdırılmış, cərimə isə 2021-ci ilin yanvar ayında yazılmışdır. Daha sonra iddiaçının məhkəmə iclasında verdiyi izahatdan məlum olmuşdur ki, o qeyd edilən ünvana köçdüyü zaman Cavabdeh İB-nin əməkdaşları tərəfindən mənzilə rezin boru vasitəsi ilə qaz xətti çəkilmiş və ev qazla təmin olunmuşdur. Qaz idarəsindən gələn işçilər məhz bu xəttin mövcudluğunu əsas götürərək iddiaçının qeyri-qanuni xətdən istifadə etdiyi qənaətinə gəlmişlər. İddiaçı bilmədiyindən bu hal baş vermiş və sərf etdiyi qazın dəyərini ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edilən hala qiymət verərək hesab edir ki, iddiaçıdan tələb edilən məbləğ yüksək bir məbləğdir. Belə ki, məhkəmə iş materiallarını araşdırarkən cavabdeh təşkilatın cəriməni hansı hesablama qaydaları ilə apardığına, yəni heç bir hesablama düsturuna rast gəlmədiyindən, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmadığından, məhkəmə iddiaçının 2020-ci ilin noyabr, dekabr və 2021-ci ilin yanvar ayı da daxil olmaqla qazdan qanunsuz istifadə etdiyi nəzərə alınaraq, cərimə məbləğinin 50 manat həddində olmasını qanuni hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş saldodan iddiaçının qış aylarında olan sərfiyyatından görünür ki, iddiaçı üç ay ərzində ortalama 50 manat dəyərində qaz sərf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********03556 saylı abunə koduna hesablanmış 1.144,80 manat borcdan 50 manat saxlanılmaqla, qalan 1094,80 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********03556 saylı abunə koduna hesablanmış 1.144,80 (min yüz qırx dörd manat səksən qəpik) manat borcdan 50 (əlli) manat saxlanılmaqla, qalan 1.094,80 (min doxsan dörd manat səksən qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar