Məhkəmə qərarları › İş №2(011)-7638/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7638/2024

31.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7638/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, İ.İsmayılov küçəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00070) əsassız olaraq borc kimi yazılmış 2.111,52 manatın Cavabdeh tərəfindən silinməsi və əsassız olaraq smart kartdan tutulmuş 354 manatın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, İ.İsmayılov küçəsində yerləşən fərdi yaşayış evində (abonent kodu **********00070) yaşayır. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə sayğac dəyişdirilərək yeni sayğaclar quraşdırmağa başlamışlar. Cavabdeh əməkdaşları tərəfindən həmin köhnə qaz sayğacım aparıldıqdan sonra və sonradan məlumat verdilər ki, sizin sayğacda problem olub və siz cərimə ödəməlisiniz. Həmin evdə istifadəyə görə yaranmış borclar aybaay gecikdirilmədən ödənilmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaranmamışdır. Çünki iddiaçı istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmişdir və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcunu ödəmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O, verdiyi izahatda bir neçə gün sayğacsız qazdan istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2022-ci il, 31 mart 2022-ci il, 29 aprel 2022-ci il, 31 may 2022-ci il və 30 iyun 2022-ci il tarixli aktların surətindən görünür ki, abonentin təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etdiyi aşkarlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, təbii qazdan sayğacsız istifadə etməsi əsas gətirilərək abonentə 2022-ci ilin fevral ayında 1.373,76 manat, mart ayında 423.36 manat, aprel ayında 423.36 manat, may ayında 198.72 manat, may ayında 46.32 manat olmaqla, ümumilikdə 2.465,52 manat cərimə yazılmışdır. İddiaçının etdiyi ödənişlərdən 2022, 2023 və 2024-cü illərdə ümumilikdə 354 manat tutulma olmuş, 2024cü ilin sonuna iddiaçının 2.111,52 manat borcunun olması görünür. Məhkəmə iclasında izahat verən iddiaçı bir neçə gün təbii qazdan sayğacdan kənar istifadə etdiyini bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması iddiaçı məhkəmə iclasında verdiyi izahatla bir müddət sayğacdan kənar qazdan istifadə etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq sayğacsız təbii qazdan istifadə etdiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurduğundan, cavabdeh qarşısında məsuliyyət daşıyır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə yazılmış cərimə borcunun məbləğinə münasibətdə qeyd edir ki, hazırkı hesablamanın hansı qaydada və hansı düsturla aparıldığını müəyyən etmək mümkün olmadığından, cərimənin bu məbləğdə tutulması ağlabatan deyil. Nəzərə alınsa ki, cavabdehin nümayəndələri ayda bir dəfə istehlakçıların ünvanına baxış keçirməli və hər hansı qanunsuzluğun baş verib-vermədiyini aşkar etməlidir. Nə qədər ki, araşdırma zamanı iddiaçının təbii qazdan sayğacsız hansı müddət istifadə etməsini müəyyən etmək mümkün deyil, məhkəmə yuxarıda istinad olunanlara əsasən bu müddətin 5 ay olması qənaətinə gəlir və hesablamanın 5 aylıq müddət üçün aparılmasını ağlabatan hesab edir. Məhkəmə 2022-ci il üçün aylıq qaz sərfiyyatının maksimal həddini 30 manat dəyərində olduğunu müəyyən etdiyindən, cərimənin də 150 manat müəyyən edilməsini zəruri hesab edir. Bundan başqa məhkəmə smart kartdan tutulmuş 354 manatın iddiaçıya qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən tutulmaların aparılması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. Belə ki, iddiaçının abonent koduna hesablanmış cərimənin 2.465,52 manat olduğu, abonent saldosunun ödəniş qrafasından ümumilikdə 354 manat tutulmaların olduğu və il sonuna iddiaçının 2.111,52 manat borcunun olduğu görünür. Odur ki, iddia bu hissədə də təmin edilməli, cavadehin iddiaçının abonent hesabından sildiyi 354 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdehnə 150 manat məbləğində borcunun olması müəyyən edilməli, qalan 1.961,52 manat məbləğində borc iddiaçıya məxsus abonent hesabından silinməli, cavadehin iddiaçının abonent hesabından sildiyi 354 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan Cavabdeh İB-dən 41.12 manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdehnə 150 (bir yüz əlli) manat məbləğində borcunun olması müəyyən edilsin, qalan 1.961,52 (bir min doqquz yüz altmış bir manat əlli iki qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən iddiaçıya məxsus **********00070 saylı abunə kodundan silinsin. Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 354 (üç yüz əlli dörd) manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 41.12 (qırx bir manat on iki qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar