Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7651/2025 26.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz" İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və xx.xx.2018-ci il tarixli akta əsasən hesablanmış cərimənin silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacı iddiaçının adına qeydə alınmışdır. Cavabdeh Tərtər Regional Qaz istismar idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qaz sayğacı dəyişdirilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, qaz sayğacının yoxlanması barədə X3 Tərtər Regional Qaz istismar idarəsinin xx.xx.2018-ci tarixli aktına əsasən güya sayğacın hesablama mexanizminin qapağında deşilmə aşkar edilməsi ilə bağlı 946 manat məbləğində heç bir günahı olmadan ona cərimə yazılmışdır. Həmçinin sərfiyyata görə abonent saldosuna 946 manat borc daxil edilmişdir. Nəzərə çatdırır ki, qeyd edilən qaz sayğacı darvazadan çöldə yol qırağında olduğu üçün iddiaçı, yaşlı adam hər dəqiqə ona nəzarət edə bilmir. Sayğacın hesablama mexanizminin qapağında deşilmə olmayıb. Lakin iddiaçı barəsində cərimə tərtib edilməsi barədə akt tərtib edilərkən iddiaçıya məlumat verilməmişdir. 2025-ci ilin may ayında X8 Sahəsinin əməkdaşları iddiaçı barəsində cərimə aktı olması ilə bağlı onu məlumatlandırmışlar. Bundan sonra iddiaçı X8 Sahəsinə gedərək aktı oradan əldə etmişdir və iddiaçının barəsində haqsız yerə cərimə aktı tərtib edildiyi üçün X8 Sahəsinin əməkdaşlarından həmin cərimənin silinməsini və aktın ləğv edilməsini tələb etsə də onlar aktın mərkəzdən tərtib edildiyi üçün ləğv edə bilmədiklərini, yalnız məhkəmə yolu ilə ləğv ediləcəyini bildirmişlər. Bundan başqa onlar iddiaçının heç bir borcu olmasa da hansı səbəbdən sərfiyyata görə 946 manat qeyd edilməsinə də aydınlıq gətirməmişlər. Bununla əlaqədar olaraq bildirilib ki, 2023-cü ilin sentyabr ayında X7 sahəsinin işçiləri tərəfindən yaşadıqları Ağcabədi rayon Taxta körpü 552 saylı qəsəbəsində istismar müddəti başa çatmış qaz sayğacları dəyişdirilən zaman iddiaçının da qaz sayğacı dəyişdirilmişdir. Qaz sayğacı dəyişənədək olan dövr ərzində işlək vəziyyətdə olmuşdur. Sayğac keçən yükü qəbul etmiş və sərfiyyatı da qeyd etmişdir. İddiaçı da hər ay vaxtıvaxtında sərfıyyata görə pul ödəmişdir. Sərfıyyata görə də iddiaçının heç bir borcu qalmamışdır. Yəni göründüyü kimi həmin cərimə və sərfıyyata görə məbləğ əsassız olaraq iddiaçının üzərinə qoyulmuşdur. Hesab edir ki, cərimə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozmaqla qanunsuz olaraq iddiaçının üzərinə qoyulduğu üçün qanunsuz sərf məbləği iddiaçının üzərindən silinməlidir. İddiaçının aylıq qaza olan ehtiyacı ən çoxu qış aylarında 15-20 manat ola bilər ki, həmin pulu da o, hər ay ödəmişdir. Həmin borcun necə və hansı şəkildə yaranması iddiaçıya məlum deyildir. İddiaçının maddi imkanı da yoxdur ki, həmin qanunsuz pulları ödəsin. Ona görə də məhkəmədən kömək istəyir. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə verərək, xx.xx.2018-ci il tarixli aktın ləğv edilməsini və xx.xx.2018-ci il tarixli akta əsasən hesablanmış 946 manat cərimə borcunun silinməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin və iddianın dəqiqləşməsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi qismən əsaslıdır. Buna görə də həmin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus **********02490 saylı abonentin saldosundan görünür ki, abonentin 2018-ci ilin may ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 946 manat borcu mövcud olmuşdur. İş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli MSK-29/1710-0301-1 nömrəli akta əsasən sayğaca baxış keçirilib. Xətalar normaya uyğun deyil. Sayğacın hesablama mexanizminin qapağı deşilib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş MSK-29/1710-0301-2 saylı akta əsasən 4.730 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktları cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. İstehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olmasına dair sübutları təqdim etmək vəzifəsi cavabdehə məxsus olsa da, buna dair sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Buna görə də iddia qeyd edilən hissədə təmin edilərək, qaz sərfinə görə hesablanmış cəmi 946 manat məbləğində borc məbləği silinməlidir. X3 tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi barədə iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən akta əsasən hesablanmış borcun silinməsi barədə iddia tələblərinin təmin edilməsinə baxmayaraq, həmin aktın ləğv edilməsi ilə bağlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, aktın yazılması nəticəsində hesablanmış borcun qanuna uyğun hesablanmaması iş materialları ilə öz təsdiqini tapsa da, həmin aktın ləğvi üçün əsaslar iş materialları ilə müəyyən edilmir. Qeyd olunan akt özü-özlüyündə hər hansı bir faktın və ya hadisənin baş verməsini təsdiq edən sənəddir. İş materiallarından da göründüyü kimi, iddiaçının mübahisələndirdiyi akt onun mənzilində quraşdırılmış sayğacın istismarı ilə bağlı müəyyən edilmiş nöqsanların (təbii qazdan sayğacdan kənar istifadə) qeydiyyatının aparılması ilə bağlı cavabdeh tərəfindən tərtib edilmiş sənəddir. Bu baxımdan, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt borc məbləğinin silinməsinə dair iddia üzrə sübut növlərindən biri kimi qəbul edilməlidir və aktın yazılması nəticəsində hesablanmış borc silinməklə, aktın ləğvi barədə tələblər təmin edilməməlidir. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********02490) Cavabdeh İB tərəfindən 2018-cü ilin may ayı üçün hesablanmış 946 (doquz yüz qırx altı) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İB-dən dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-7651/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7651/2025
26.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver