Məhkəmə qərarları › İş №2(011)-7701/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7701/2024

04.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7701/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçı X3 və iddiaçının etibarnamə üzrə nümayəndəsi Nadirov Vəkil Əvəz oğlunun iştirakı ilə, iddiaçı X2 Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı X3 Cavabdeh İB-nə qarşı əsassız hesablanmış 2028 manat məbləğində borcun silinməsi , “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin aktdan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında torpaq sahəsinin üzərində 1 mərtəbəli 20-30 kv.m. köməkçi tikili tikilmişdir ki, gələcəkdə qeyd olunan torpaq sahəsində ev tikəndə ustalar həmin köməkçi tikilidə gecəni yata bilsinlər. Bu yaxınlarda iddiaçı qeyd olunan torpaq sahəsində ev tikilməsinə qərara gəlmiş və həmin köməkçi tikilidən istifadə edərək ustalar orda özlərinə yemək bişirməkləri üçün qazdan isitfadə olunması zəruriliyi yaranmışdır. Həmin torpaq sahəsinə aid olan sayğac mexaniki olmadığına görə onun istifadəsində problemlər yaranmışdır və iddiaçı Cavabdehnə müraciət etmişdir ki, sayğacını mexaniki sayğacla dəyişdirsinlər. Cavabdeh onun müraciətinə əsasən xx.xx.2024-cü il tarixində ******* saylı akt tərtib edərək sayğacı dəyişdirmişlər. Sayğacı dəyişdiriləndən sonra, təbii qazdan istifadə edilməsi başlanılmışdır. xx.xx.2024-cü il tarixədək təbii qazdan istifadə olunmamışdır, köməkçi tikilidə təbii qazdan isitfadə olunması üçün yalnız birdənə yemək bişirilməsi üçün qaz plitası mövcud idi. Təbii qazdan isitifadə edəndən sonra, qazdan istidəyə görə hesab gəlmiş və hesabda qeyd olunmuşdur ki, iddiaçının Cavabdehnə 2028 (iki min iyirmi səkkiz) manat borcu var. Qeyd olunan borc hardan və necə yaranması ilə bağlı o Cavabdehnə müraciət etmişdir. Cavabdeh ona bildirmişdir ki, xx.xx.2018-ci il tarixində ünvanına qurlaşdırılan sayğac dəyişdiriləndən sayğaca müdaxilələr aşkar edilmişdir və xx.xx.2018-ci il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt qəbul edilərək 2028 (iki min iyirmi səkkiz) manat borc qeydə alınmışdır. xx.xx.2018-ci il tarixində ünvanıma qurlaşdırılan sayğac dəyişdirilməsi ilə bağlı iddiaçıya heç bir xəbardarlıq edilməmişdir və onun iştirakı olmadan cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt qəbul edilmişdir. 2018-ci ildə smart tipli sayğacın quraşdırılması ilə bağlı iddiaçı tərəfindən hər hansı müraciət olunmamışdır. Cavabdeh xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktında qeyd edir ki, güya ki aktın imzalanmasına iddiçı tərəfindən imtina olunmuşdur. İddiaçının smart tipli sayğacın qurlaşdırması ilə bağlı müraciəti olmamışdır və cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt onun iştirakı olmadan qəbul edilmişdir. İddiaçı X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsiin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları X1 barəsində Cavabdeh İB tərəfindən xx.xx.2018-ci il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Aktda sayğacın üzərində olan dörd ədəd zavod plombdan iki ədəd plastmas plombun olmadığı qeyd edilmişdir. İddiaçıya 2018-ci ilin fevral ayı üzrə 1944 manat məbləğində borc hesablanmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi

Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi:

Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 1944 manat məbləğində borc silinməlidir. Məhkəmə iddiaya qalan 84 manat borcun silinməsi hissəsində qiymət verərək hesab edir ki, həmin borc abonentə istifadə etdiyi qazın dəyərinə görə hesablandığından iddia həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə iddianın xx.xx.2018-ci il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın etibarsız hesab edilməsi ilə bağlı hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, aktın etibarsız hesab edilməsinə əsas yoxdur, çünki, həmin akt labaratoriya rəyinə əsaslanmaqla, dəymiş ziyanın hesablanmasını özündə əks etdirir. Odur ki, iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 39.44 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil üzrə (abonent kodu: **********00000) xx.xx.2018-ci il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akta əsasən hesablanmış 1944 (min doqquz yüz qırx dörd) manat məbləğində borc silinsin. 39.44 (otuz doqquz manat, qırx dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar