Məhkəmə qərarları › İş №2(011)-7705/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7705/2024

18.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7705/2024 18.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (kod: **********01501) hesab koduna əsassız hesablanmış 5097, 60 manat (beş min doxsan yeddi manat altmış qəpik) məbləğin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh İB-yi ilə aralarında 01.1 2.2017-ci il tarixdə ünvan 2 ünvanına 69501 saylı müqavilə bağlanmış, qaz xətti üzərinə G-4 markalı, 1702AZ1301 17074777 zavod nömrəli qaz sayğacı quraşdırılmış və **********01501 saylı abonent kodu verilmişdir, xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən ünvan 2 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin qaz xəttinə baxış keçirilmişdir, baxış zamanı təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması barədə akt tərtib edərək əsassız olaraq hesab koduna 3628,80 manat dəymiş ziyan hesablanmışdır, xx.xx.2024-cü İl tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirmiş təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 734,40 manat dəymiş ziyan hesablanmışdır, xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirmiş təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 367,20 manat dəymiş ziyan hesablanmışdır, xx.xx.2024-cü il tarixdə Cavabdeh İBnin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirmiş təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 367,20 manat dəymiş ziyan hesablanmışdır. İmumilİkdə cavabdeh tərəfindən hesab koduna 5097,60 manat dəymiş ziyan hesablanmışdır, Cavabdeh İB-nin hesabladığı dəymiş ziyan qanunsuz və əsassıdır, belə ki, akt tərtib olunarkən Cavabdeh İB-nin nümayəndələri tərəfindən ona məlumat verilməmiş, onun iştirakı və imzası olmadan tərtib olunmuşdur, fotoşəkillərdə göründüyü kimi ona məxsus evin qaz xətti üzərində və sayğacdan kənar heç bir müdaxilə izi aşkar olunmur, eyni zamanda həmin müdaxilə izi onun hasarından 25 metr məsafədən qonşu tərəfindən müdaxilə olunmuş və Cavabdeh İB-nin nümayəndələri tərəfindən həmin qonşunun hesab koduna dəymiş ziyan hesablanmışdır, bundan başqa cavabdeh tərəfindən səhvən onun hesab koduna dəymiş ziyan hesablanmışdır, qeyd olunan ünvanda fotoşəkildə göründüyü kimi faktiki olaraq 1 ədəd QP-4, 1 ədəd qənaətli su qızdırıcısı olduğu halda cavabdeh tərəfindən 1 ədəd iran sobası, 1 ədəd dəmir sobanın olmayan cihazların hesabatını apararaq əsassız olaraq dəymiş ziyan hesablamışdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Pərviz Əliyev bildirmişdir ki, iddiaçı ilə müqavilə bağlansa da, iddaçı qanunsuz olaraq təbii qazdan sayğacdan kənar istifadə etmiş, bu hal bir neçə dəfə təkrarlanmışdır, bu fakt Birliyin əməkdaşları tərəfindən aşkarlandıqdan sonra şəkillər çəkilmiş və 2023-cü ilin noyabr ayında, 2024-cü ilin yanvar, fevral və mart aylarında aktlar tərtib edilmiş, həmin aktların əsasında istehlakçıya borc hesablanmışdır. X2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı qrafasında “İddiaçı” qeyd edilməklə **********01501 abonent koduna “abonent mənzildə təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olundu” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, **********01501 abonent koduna xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 6120 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli 042275 saylı aktın surətindən görünür ki, istehlakçı qrafasında “İddiaçı” qeyd edilməklə **********01501 abonent koduna “mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlandı” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, **********01501 abonent koduna xx.xx.2024-cü il tarixli ******* sayı akta əsasən itirilmiş qazın bərpası üzrə 3060 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmudur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı qrafasında “İddiaçı” qeyd edilməklə **********01501 abonent koduna “mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkar olundu” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, **********01501 abonent koduna xx.xx.2024-cü il tarixli ******* sayı akta əsasən itirilmiş qazın bərpası üzrə 3060 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmudur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********01501 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 11/2023 tarixi üzrə 3628,8 manat, 01/2024 tarixi üzrə 734,40 manat, 02/2024 tarixi və 03/2024 tarixi üzrə 367,20 manat borc hesablanmışdır. İş materiallarında olan Gasrep sənədindən görünür ki, **********01501 saylı abonent kodu üzrə 07/2024 tarixi üzrə 5097,6 manat borc qeyd edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı sayğacdan kənar təbii qazdan istifadə edilməsi əsasları ilə akt tərtib olunmuş, aktın istehlakçı qrafasında “İddiaçı” qeyd edilməklə, akt nəticəsində abonentin - iddiaçının **********01501 saylı abonent hesabına 01/2023-cü il tarixi üzrə 5287,68 manat, 11/2023 tarixi üzrə 3628,8 manat, 01/2024 tarixi üzrə 734,40 manat, 02/2024 tarixi və 03/2024 tarixi üzrə 367,20 manat borc hesablanmış, 07/2024 tarixində borc 5097,6 manat olmuşdur, hazırda həmin məbləğ ondan tələb edilir. Bununla belə, Akt əsasında 11/2023 tarixi üzrə hesablanmış 3628,8 manat, 01/2024 tarixi üzrə hesablanmış 734,40 manat, 02/2024 tarixi və 03/2024 tarixi üzrə hesablanmış 367,20 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, təbii qazdan sayğacsız istifadə edilməsinə dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir Məhkəmə qeyd edir ki, əvvəla, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilsə də, Aktlar əsasında “Qalıq və aktlar” qrafasında 11/2023 tarixi üzrə 3628,8 manat, 01/2024 tarixi üzrə 734,40 manat, 02/2024 tarixi və 03/2024 tarixi üzrə 367,20 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, üçüncüsü, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış 5097,6 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********01501) itirilmiş qazın bərpası məqsədilə yazılmış 5097,6 manat məbləğində borc silinməlidir. Məhkəmə, məhkəmə xərcləri məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddia tələbinin həcmi (5097,6 manat) nəzərə alınmaqla 70,98 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********01501 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 5097 (beş min doxsan yeddi) manat 60 (altmış) qəpik məbləğində borc silinsin. Cavabdehndən 70 (yetmiş) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar