Məhkəmə qərarları › İş №2(011)-773/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-773/2025

03.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-773/2025 03.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında quraşdırılımış qaz sayğacı (abonent kodu: **********20040) üzrə qaz istifadəsinə görə əsassız olaraq borc kimi yazılmış 572,40 manat məbləğin Cavabdeh İB tərəfindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iozahatında bildirdi ki, o, ünvan 1 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır, evdə quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmiş, o, vaxtı-vaxtında özlərinə aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir, Cavabdeh İB-nin əməkdaşları sözügedən ünvana gəlmiş, bu ünvanda quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, çıxarılmış qaz sayğac isə laborator yoxlamaya göndərilmişdir. Daha sonra ona məlum olmuşdur ki, evdə quraşdırılmış qaz sayğacında guya müəyyən nasazlıqların olması əsas gətirilərək akt tərtib olunmuş və ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 572,40 manat məbləğində ssassız borc yazılmışdır, qaz sayğacı onun evindən kənarda, yol qırağında açıq ərazidə yerləşdiyi üçün həmin sayğacda yarana bilən nasazlıqlardan ötrü heç bir halda o cavabdehlik daşımamalıdır, sözügedən qaz sayğacına o və ailə üzvləri tərəfindən heç bir əlavə müdaxilə olunmamışdır, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, akt onun iştirakı olmadan tərtib edilmişdir və aktı yalnız Cavabdeh İB-nin əməkdaşları imzalamışdırlar. Bu, bir daha aktın həqiqiliyini şübhə alına alır, digər tərəfdən "Azəriqaz” İB tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Bütün bunlar Komissiyanın formal mülahizələr əsasında hesablama apardığını sübut edən hallardır. Komissiyanın sırf "Azəriqaz” İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir, buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda “...sayğacın klapanı işlək deyil, yivli birləşmələr korroziyaya uğrayıb, hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plobmların rəngi fərqlidir” barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********20040) itirilmiş qazın bərpası üzrə 5724 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent saldosundan görünür ki, İddiaçı ünvan 2 ünvanı üzrə **********20040 saylı abonent koduna 11/2019 tarixi üçün 572,4 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən yaşayış evinə quraşdırılmış **********20040 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac cavabdehin əməkdaşları tərəfindən yenisi ilə əvəzləşdirilmişdir, quraşdırılmış sayğaca baxış keçirilən zaman “...sayğacın klapanı işlək deyil, yivli birləşmələr korroziyaya uğrayıb, hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plobmların rəngi fərqlidir” əsasları ilə akt tərtib olunmuş və həmin akt nəticəsində abonentin - iddiaçının **********20040 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 03/2019 tarixi üçün 572,4 manat borc yazılmışdır, hazırda həmin borc məbləği iddiaçıdan tələb edilir. Bununla belə, iddiaçı tərəfindən təbii qaz sayğacına müdaxilə olunması, sayğacda yaranmış nasazlıqla bağlı onun təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz iddiaçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Belə ki, müvafiq qaydalara uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzində cavabdehdən hansı səbəbdən tələb edilmədiyini əsaslandırmaq vəzifəsi cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus ev ilə əlaqədar ona dəymiş zərərə görə hesablanmış borcla bağlı mövqeyini əsaslandıra bilməmiş və bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının abonent koduna hesablanmış 572,4 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən itirilmiş qazın bərpası məqsədilə iddiaçının **********20040 saylı abonent koduna hesablanmış 527,4 manat məbləğində borc pul silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti (527,4 manat) nəzərə alınmaqla cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********20040 saylı abonent koduna hesablanmış 572 (beş yüz yetmiş ikimanat 40 (qırx) məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar