Məhkəmə qərarları › İş №2(011)-7748/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7748/2024

29.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7748/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı 1944 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Məhəllədə yerləşən fərdi yaşayış evində yaşayır. Bu ünvanla bağlı qazın alqı-satqısına dair Cavabdeh İB ilə aralarında müqavilə bağlanmış və həmin ünvanda Smart tipli qaz sayğacı quraşdırılmışdır. Yaşadıqları dövr ərzində mütamadi olaraq işlətdiyimiz qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin onun məlumatı olmadan Cavabdeh əməkdaşları tərəfindən 2018-ci ilin yay aylarında həmin sayğac çıxarılaraq yoxlamaya aparılmışdır. Bundan sonra o sayğacın hara aparılmasın bilməmiş, bu barədə bizə hər hansı bir məlumat verilməmişdir. Lakin onlara məxsus köhnə sayğaclar aparılandan sonra Cavabdeh əməkdaşları həmin sayğacda müəyyən nasazlıqların olduğunu bildirmiş və cavabdeh tərəfindən ona 1944 manat zərər hesablanmışdır. Bundan sonra o cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla onlara hesablanmasın soruşanda, cavabdeh ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İddiaçı məhkəmənin nəzərinə çatdırmışdır ki, sayğac müayinə olduğu zaman onun iştirakı təmin olunmamışdır. Sayğacın müayinə olunduğu laboratoriya Birliyin tabeliyində olduğunu nəzərə alsaq həmin laboratoriyanın Birliyin maraqlarına uyğun rəy verəcəyi heç kimə sirr deyildir. Bundan əlavə qaz sayğacı onun evindən kənarda yerləşdiyi üçün həmin sayğacda yarana bilən nasazlıqlardan ötrü heç bir halda o cavabdehlik daşımamalıdır. Qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi məhkəməyə etirazı təqdim edərək iddianın tamamilə əsassız olduğu bildirimiş, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəf etirazının əsasını təşkil edən dəlilləri və ya sübutları məhkəməyə təqdim etməmişdir. İşin halları İddiaçı barəsində xx.xx.2018-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, 29/1710-01336/2-158 saylı rəyə əsasən, 1702AZ**********23 zavod nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. Abonent İddiaçı adına xx.xx.2018-ci il tarixli akta əsasən 1944 manat məbləğində borc hesablanmışdır. (**********00001 kodlu abonent saldosu). İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi

Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 1944,00 manat məbləğində borc silinməlidir. Məhkəmə mərhəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 39,44 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh İB tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Məhəllə ünvanı üzrə abonent İddiaçı (abonent kodu: **********00001) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 1944 (bir min doqquz yüz qırx dörd manat) manat məbləğində borc silinsin. 39,44 (otuz doqquz manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar