Məhkəmə qərarları › İş №2(011)-779/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-779/2022

01.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-779/2022 01.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf qızının sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı işirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi, qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 oktyabr 2021-ci il tarixli ******* saylı aktın ləğv olunması və həmin akta əsasən 4320 kubmetr qaz sərfiyyatı üzrə hesablanmış 432 manat debitor borcun onun abonent hesabından silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı Saatlı rayonu, Sarıcalar kəndində yerləşən fərdi yaşayış evi üzrə **********00870 saylı kod ilə abonent kimi qeydiyyata alınmınmış, iddiaçının yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə yenisi ilə əvəz edilmiş, bu barədə ******* saylı akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması barədə qeyd aparılmaqla, X3 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 4320 m3 olması (432 manat) müəyyən edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, o, ailəsi ilə birlikdə Saatlı rayonu, Sarıcalar kəndində yaşayır. 24 sentyabr 2021-ci ildə X2 işçiləri həyətə gəlib, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* saylı akt tərtib ediblər və "Elster” tipli qaz sayğacını növbəti dövlət yoxlaması adı ilə açıb aparmışlar. Bundan sonra 14 oktyabr 2021-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan üzrə 4320 kubmetr qaz səfiyyatı hesablanmışdır. Həmin qazın dəyəri olan 432 manat borc abonent saldosuna daxil edilmişdir. Ona aid abonent saldosunu iddia ərizəsinə əlavə etmişdir. "Dəymiş ziyamın bərpasına dair” tələbnamədə qeyd edilmişdir ki, G-4 markalı 10353885 №-li sayğaca baxış keçirilərkən müəyyən edilmişdir ki, qaz sayğacının hesablama mexaniziminin qoruyucu qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarda əzik-cızıq izləri aşkar olunmuşdur. Onun və ailə üzvləri tərəfindən, qaz sayğacına müdaxilə edilməmişdir. Tərtib edilmiş aktda, qaz sayğacına istehlakçı tərəfindən müdaxilə edilmə halı göstərilməmişdir. Bundan əlavə sayğac açılıb labaratoriyaya göndərilərkən onun iştirakıyla qablaşdırmamış və möhürlənməmişdir. Labaratoriyada qaz sayğacına baxış keçirilərkən iştirakı təmin edilməmişdir. X4 gedərək, qaz idarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barəsində etirazını bildirmişdir. Qaz sayğacına istehlakçı tərəfindən müdaxilə halı sübut olunmadan ədalətsiz olaraq borc şəklində öhdəlik, onun üzərinə qoyulmuşdur. Barəsində tərtib edilmiş akt ləğv edilməlidir. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat vermədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. Göstərilən qanunvericilik normasının mənasından da göründüyü kimi, aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür. Cavabdeh İB hüquq normasında qeyd edilən dövlət orqanı, icra və s. orqan olmasa da, insanların həyatı əhəmiyyətli təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin müddəalarının da eyni ilə Cavabdeh İB tərəfindən tərtib edilən aktların mübahisələndirilməsi hallarına da şamil olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş ******* saylı akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən ləğv edilməlidir. Məhkəmə həmçinin, hesab edir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından iddiaçı borcun silinməsi barədə iddia qaldırmaqda haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Saatlı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı akt ləğv edilməklə, Saatlı rayonu, Sarıcalar kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00870) dair İddiaçı hesablanmış 432 manat məbləğində borc silinsin. 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar