Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7797/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 216,0 manat və 2177,28 manat, ümumilikdə 2393.28 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsində yerləşən fədi yaşayış evində öz ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvanda quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Sözügedən ünvanda yaşadığı dövr ərzində onlar vaxtı-vaxtında onlara aid qaz sayğacından qanuna uyğun formada istifadə ediblər. Cavabdeh İB-nin əməkdaşları ayrıayrı vaxtlarda onun yaşadığı ünvana gəlmiş, bu ünvanda quraşdırılmış qaz sayğacına baxış keçirtmiş, həmin ünvanda quraşdırılmış qaz sayğacında müəyyən nasazlıqların olmasını əsas gətirərək yenisi ilə əvəz etmişdirlər. Bu əsas gətirilərək xx.xx.2021-ci il tarixdə və xx.xx.2024-cü il tarixdə akt tərtib olunmuş, adına açılmış **********00000 saylı abonent koduna itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 216 manat və 2177.28 manat olmaqla ümumilikdə 2393.28 manat məbləğində əsassız borc yazılmışdır. İddiaçı bildirmişdir ki, qaz sayğacı yaşadıqları evdən kənarda yerləşdiyi üçün həmin sayğacda yarana bilən nasazlıqlardan ötrü heç bir halda o cavabdehlik daşımamalıdır. Onu da qeyd etmişdir ki, qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi məhkəməyə etirazı təqdim edərək iddianın tamamilə əsassız olduğu bildirimiş, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Lakin etirazının əsasını təşkil edən dəlilləri və sübutları məhkməyə təqdim etməmişdir. İşin halları İddiaçı barəsində xx.xx.2021-ci il tarixdə və xx.xx.2024-cü il tarixdə ******* və ******* saylı aktlar tərtib edilmişdir. Aktlarda sayğaca vizual baxış zamanı sayğacın giriş borusunda yad cisim aşkarlandığı və sayğacın çıxış plasmas borusu deşildiyi qeyd edilmişdir. Abonent hesabına xx.xx.2021-ci il tarixli akta əsasən 216 manat, xx.xx.2024-cü il tarixli akta əsasən isə 2177.28 manat məbləğində borc hesablanmışdır (abonentin saldosu **********00000). İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun ( 01 may 2022-ci il tarixli 486-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş redaksiyasında) Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyada)
4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”a əsasən hesablanmış 216,00 manat məbləğində borcun silinməsi barədə iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyada) yuxarıda istinad edilən maddələri təşkil edir. İstinad edilən qanunvericiliyin müddəalarına əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 216,00 manat məbləğində borc silinməlidir. Cavabdeh İB tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış 2177,28 manat məbləğində borcun silinməsi hissəsində iddianın hüquqi əsasını “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13 maddəsinin 9-cu hissəsinin 25 fevral 2022-ci il tarixinədək qüvvədə olan redaksiyası və “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarını təşkil edir. Qeyd edilən qanunvericilik müddəalarına əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğacdan qeyri-qanuni istifadə halları aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər qanunvericiliyin tələblərinə riayət edilmədən istehlakçıdan tələb edilmişdir Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən abonent barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən 2177,28 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia təmin edilməli və Cavabdeh İB-i tərəfindən iddiaçıya hesablanmış qalıq 2177,28 manat məbləğində borc silinməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 43,93 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh İB tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsində yerləşən fədi yaşayış ev üzrə İddiaçı (abonent kodu: **********00000) xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”a əsasən hesablanmış 216,00 (iki yüz on altı manat) və xx.xx.2024-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”a əsasən hesablanmış qalıq 2177,28 (iki min yüz yetmiş yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 43,93 (qırx üç manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova