Məhkəmə qərarları › İş №2(011)-7800/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7800/2021

02.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7800/2021 02.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə,. İddiaçıMənzil Tikinti Koperativinin Cavabdeh qarşı “çoxmənzilli binanın ümumi əmlakının saxlanılması üzrə məcburi xərclərdə mülkiyyətçinin payına düşən məbləğin və göstərilmiş xidmət haqqına görə yaranmış borcun ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıMənzil Tikinti Koperativi Cavabdeh qarşı “çoxmənzilli binanın ümumi əmlakının saxlanılması üzrə saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payına düşən məbləğin və göstərilmiş xidmət haqqına görə yaranmış borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 3680 borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış 30.03.2006-cı il tarixli müqaviləyə əsasən MTK tikdiyi yaşayış ünvan 1 ünvanda yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən 67 saylı mənzili cavabdehə payçı kimi verməyi öz öhdəsinə götürmüşdür. Mənzil təhvil verildikdən sonra cavabdeh onu təmir edərək uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə orada yaşayır. Müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflər razılaşırlar ki, yaşayış binasının istismarı ilə bağlı, bina istismara verildikdən sonra “payçı” ilə "xxxx" arasında əlavə olaraq, istismar müqaviləsi bağlanacaq. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilə bağlanması üçün əsas olmuş şərait dəyişərsə, istismarla bağlı “payçı” tərəfindən ödənilən vəsaitin məbləğinə yenidən baxıla bilər. İllərlə göstərilən ünvanda yaşamalarına baxmayaraq, cavabdeh İddiaçı MTK-nın tiktiyi çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payına düşən məbləğin və göstərilən komunal xidmətlərin heç birinin haqqını ödəməmiş, nəticədə MTK-ya 3680 manat borcu yaranmışdır. Binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə yaşayış mənzillərinin hər kvadratına 30 qəpik müəyyən edilmişdir ki, cavabdehin mənzili 132.91 kv/m olduğundan (132.91x0.3=39.873) cavabdehin mənzilinə düşən aylıq komunal xidmətlərə görə ödəniş 39.8 manat təşkil edir. Bugunə ödənilməmiş cəmi borc 3680 manat təşkil edir. Yaşayış kompleksində 465 yaşayış təyinatlı mənzil mövcuddur. Hazırda 357 mənzildə yaşayıy mövcuddur. Toplanan məbləğlər hesabına çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər, nasosxana, pilləkən meydançaları, pilləkənlar, liftlər, digər umumi xidmət ərazilərinin təmizlənməsi, zibillərin daşınması, ümumi istifadə olunan ərazilərin işıqlandırılması, liftlərə nəzarət və lazım olduqda texniki xidmət, şaxtalar, su ambarı, nasosxana, hidroforlara texniki qulluq, umumi həyətin təmizlənməsi və abadlaşdırılması, mühafizəsi və sair xidmətlər daxildir. Həmçinin bu illər ərzində MTK-nın işçilərinin (sədr, mühasib, komendant, elektrik, santexnik, 2 mühafizə, 2 xadimə, mexanik və fəhlə) əmək haqları ödənilmişdir. Həmçinin ümumi istifadə olunan ərazilərin işıqlandırılması iicün “Azərişıqa”, zibillərin daşınması üçün Binəqədi rayon Mənzil Kommunal Təsəriiffatı Birliyinə məişət tullantılarının daşınması üçün, "xxxx" MMC-yə liftlərə göstərdiyi xidmətə görə hər ay MTK tərəfindən ödənişlər də olunur, (bu ödənişlərin son 3 ayının qəbzlərinin sürətləri iddia ərizəsinə əlavə edilir.) Göstərilən xidmət haqları cavabdeh tərəfindən ödənilməməsi İddiaçı MTK-nın vergi və digər təşkilatlara qarşı borclarının yaranmasına səbəb olmuşdur. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsi əsassızdır, hər hansı sübuta istinad olunmur və bu səbəbdən də rədd edilməlidir. Belə ki, Olimp MTK-dan 30.03.2006-cı il tarixdə mənzilin pulunu ödəyərək almış və heç bir borc öhdəliyi mövcud deyildir. Müqavilənin 2.1-ci bəndinin 4-cü abzasında qeyd edilmişdir ki, mənzil müvafiq olaraq 09.06.2006-cı il tarixinədək hər iki tərəfin imzası ilə təsdiq edilən təhvil-təslim aktı ilə təhvil veriləcəkdir. 5-ci abzasında görə verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək (“payçının hesabına orderin və kupçanın verilməsi və s) MTK-nın vəzifəsi kimi müəyyən edilmişdir. Lakin indiyədək onunla hər hansı təhvil-təslim aktı imzalanmamış və mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması üçün heç bir tədbir görülməmişdir. Binəqədi rayon Məhkəməsinin 2(001)-3660/2021 saylı 26.05.2021 -ci il tarixli qətnaməsi ilə iddiası təmin olunaraq mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün tələb olunan sənədlərin verilməsi MTK-ya həvalə edilmişdir. Lakin yuxarıda göstərilənlərə rəğmən İddiaçı MTK ilə aralarında yaşayış sahəsinə və kommunal xidmətlərə görə hər hansı müqavilə bağlanmamış, bu müqavilənin bağlanması üçün mənzil təhvil-təsliminə dair aktın imzalanması təmin edilməmişdir. Həmin mənzili 2012-ci ildə öz vəsati hesabına təmir etdirərək yaşamağa köçmüş, yaşamağa başladığı andan həmin binaya qazın verilməsini MTK rəhbərliyi təmin etməmişdir, onunla heç bir xidmət və istimar müqaviləsi bağlanılmamışdır. Məcbur olub evi elektriklə qızdırmış, hər ay 2 il 200-300 AZN elektrik pulu ödəmişdir. Sakinlərin şikayəti əsasında dövlət binaya qazm verilməsini 2014-cü ilin fevralında təmin etmişdir. MTK-nın özündə dəfələrlə rəhbərlik dəyişikliyi olmuş, həmin sonuncu MTK rəhbərliyinin seçilməsində payçı kimi iştirak etməmişdir. Olimp MTK heç bir əsas olmadan çıxarış almaq üçün protokoldan çıxarışı vermək üçün ondan qeyri-qanuni əsası olmayan kommunal pulu adı altında pul tələb etmiş və çıxarışını verməmişdir. 2012-ci ildən binada öz şəxsi mənzilində yaşamağa başladığı tarixdən bu günə qədər Olimp MTK binanın fasadı, binanın təhlükəsizliyi və həyətdə abadlıq, quruculuq , mühafizə sistemi, lift və ümumiyyətlə heç bir lazimi işlər görməmişdir. (Binanın hal hazırdakı vəziyyətinə dair şəkillər əlavə edilmişdir). O və digər sakinlər öz vəsaiti ilə binanın giriş qapısının bərbad və insan üçün təhlükəli olan giriş qapılarını dəyişdirərək domofon, kamera və s ləvazimatla təchiz etmişdir. Mənzil-tikinti kooperativi binaların tikintisi və yenidən qurulması və müəyyən dövr ərzində bu binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədilə fəaliyyət göstərən könüllü birlikdir ki, bu birlik tərəfindən yaşayış və qeyri-yaşayış sahələri Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun idarə edilməli, başqa sözlə sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bağlamalıdır. Vurğulamaq istərdi ki, İddiaçı MTK ilə aralarında imzalanmış 30.03.2006-cı il tarixli alqı müqaviləsinin yaşayış binasının istismarı ilə bağlı müddəlarında: (5.1) Tərəflər razılaşırlar ki, yaşayış binasının (su, qaz, kanalizasiya, işıq, lift, zibilin daşınması və.s sahələrdə olan xidmətlər) istismarı ilə bağlı bina istismara verildikdən sonra “Payçı “ilə "xxxx" arasında əlavə olaraq, istismar müqaviləsi bağlanacaq. 30.03.2006-cı il tarixli müqavilənin 5-ci maddəsi də kommunal və istismarla əlaqədar digər xərclərin ödənilməsini yalnız bina istismara verildikdən sonra mümkün hesab edir. Yaşadığı bina 2019 aprel ayında istismara verilmişdir. Onunla heç bir istismar müqaviləsi bağlamamışdır. Göründüyü kimi kommunal xidmətlərə görə haqq ödəmək öhdəliyi daşımamasına baxmayaraq İddiaçı MTK hər hansı bir işlərin görülməməsinə baxmayaraq özünün müəyyən etdiyi 15 il müddət ərzində məhkəməyə vermədiyini və borcunun olması barədə heç bir bildiriş və xəbərdarlıq etmədən və hər hansı bir sübuta və qanuna söykənməyən 3680 manat məbləğində pul vəsaitinin məndən məhkəmə qaydasında tələb edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçıMənzil Tikinti Koperativinə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, göstərdi ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasına gəlməməsi yalnız mübahisəyə baxılmasının uzadılması məqsədi daşıyır. Bu səbəbdən də mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə qeyd edilənləri və cavabdehin nümayəndəsi X1 işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Cavabdehin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verrək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcraçı Olimp MTK ilə payçı Cavabdeh arasında bağlanmış 30.03.2006-cı il tarixli müqavilənin surətindən müəyyən olunur ki, icraçı Bakı şəhəri Binəqədi rayonu Ə.Nəvai 33/Naxçıvani 3068-ci məhəllə ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 1-ci bina 2-ci giriş 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 132,91 m2 olan 3 otaqlı 67 saylı mənzilini payçıya verməyi, payçı isə öz növbəsində mənzilin 1 m2 üçün 428 manat olmaqla cəmi 56885 manat məbləğində vəsaiti ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, yaşayış binasının (s, qaz, kanalizasiya, işıq, lift, zibilin daşınması və s. Sahələrdə olan xidmətlər) istismarı ilə bağlı, bina istismara verildikdən sonra “payçı” ilə "xxxx" arasında əlavə olaraq, istismar müqaviləsi bağlanacaq. Olimp MTK-nın 29.11.2012-ci il tarixli 528 saylı arayışının surətindən müəyyən olunur ki, payçı Cavabdeh Olimp MTK-dan 1 saylı evin 2-ci blok 5-ci mərtəbəsində yerləşən sahəsi 132,91 m2 olan 3 otaqlı 67 saylı mənzili almış və payçının həmin mənzil üçün borcu yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25.10.2010-cu il tarixli qərarında göstərilir ki, “Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 10.0.2-ci maddəsi ilə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. 18-ci maddəsinin tələblərinə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1-ci maddəsinə görə yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Həmin Məcəllənin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Həmin Məcəllənin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir Həmin Məcəllənin 142.1-ci maddəsinə görə, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 141-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilir ki, “Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: • binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; • mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; • idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi).” Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.” Daha sonra həmin Qərarda göstərilir ki, “Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfindən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir (Mənzil Məcəlləsinin 36.1, 38.2, 140.1-ci maddələri). Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər.... Çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərinin mənzil qanunvericiliyi ilə kifayət qədər aydın və hərtərəfli tənzimlənməsinə baxmayaraq, Konstitusiya Məhkəməsi Plenumunun iclasında müəyyən olunmuşdur ki, təcrübədə kommunal xidmətlərin göstərilməsi ilə bağlı mübahisələrin yaranması əsasən həmin binaların idarə olunmasında qanunvericiliyin tələblərinə riayət edilməməsindən irəli gəlir.” Sonda isə Konstitusiya Məhkəməsi qərara almışdır ki, “çoxmənzilli binaların mənzil və digər sahələrinin mülkiyyətçiləri ilə ümumi əmlakın saxlanmasına dair xidmətləri həyata keçirən idarəedici təşkilatlar arasında müqavilə bağlanarkən Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeləri nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26.07.2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, qanunvericiliyin tələbləri və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə yaşayış binasının (s, qaz, kanalizasiya, işıq, lift, zibilin daşınması və s. Sahələrdə olan xidmətlər) istismarı ilə bağlı, bina istismara verildikdən sonra “payçı” ilə "xxxx" arasında əlavə olaraq, istismar müqaviləsinin bağlanmasının nəzərdə tutulmasına, baxmayaraq, tərəflər arasında belə müqavilə bağlanmadığından, bununla da, İddiaçıMənzil Tikinti Koperativinin Cavabdeh qarşı “çoxmənzilli binanın ümumi əmlakının saxlanılması üzrə məcburi xərclərdə mülkiyyətçinin payına düşən məbləğin və göstərilmiş xidmət haqqına görə yaranmış borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi əsaslandırılmadığından, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçıMənzil Tikinti Koperativinin Cavabdeh qarşı “çoxmənzilli binanın ümumi əmlakının saxlanılması üzrə məcburi xərclərdə mülkiyyətçinin payına düşən məbləğin və göstərilmiş xidmət haqqına görə yaranmış borcun ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar