Məhkəmə qərarları › İş №2(011)-7814/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7814/2022

05.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7814/2022 05.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X2, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Ərizəçi ərizəsini Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət etmədən tərtib etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, ərizənin məzmunundan görünür ki, ərizəçi qızı X1 xəstə olmasını və İ qrup əlil olmasını, kənar şəxsin daimi ümumi qulluğuna ehtiyacının olmasını bildirmiş və bu məqsədlə qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, ərizəçinin ərizədə qeyd etdiyi əsaslar şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsas kimi mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Həmin məcəllənin 39.2-ci madəsinə görə isə yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu (köməkçisi) həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir. Hesab edirəm ki, ərizəçiyə qızı X1 üzərində patronaj təyin edilməsi barədə ərizə ilə Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmək hüququ izah olunmaqla, ərizə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.3-cü maddəyə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə qızı X1 üzərində patronaj təyin edilməsi barədə ərizə ilə Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmək hüququ izah olunsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar