Məhkəmə qərarları › İş №2(011)-7832/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7832/2024

25.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7832/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-in Zaqatala RQiinin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı aktın əsasında qanunsuz hesablanaraq onun **********00540 saylı abonent koduma hesablanmış 216 manat borcun silinməsi barədə sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı fərdi yaşayış evində qazdan istifadə etdiyinə görə küçədə Cavabdeh tərəfindən G-4 markalı ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. "Azəriqaz” İB-in əməkdaşları yaşayış evi üçün küçədə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və sayğacın növbəti dövlət yoxlamasının zamanı gəldiyi əsas gətirilərək ünvanından açılmışdır.Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və 216 manat borc toplanmışdır "Azəriqaz"İB-in əməkdaşları tərəfindən tərtib edilməş ******* saylı akt, həmçinin onun abonent koduna hesablanmış 216 manat borc qanunsuzdur. Cavabdeh orqan "Azəriqaz" İB-in əməkdaşları onlara veriliş hüquqlardan sui-istifadə edərək yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşlar ki, bu da yol verilməzdir. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aramızda yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və həmin mübahisə məhkəmə qaydasında həll edilməlidir. xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə cavabdehin etirazı daxil olmuş və iddiaçının Cavabdehnə qarşı iddiasına etiraz edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00540 saylı qaz hesabında xx.xx.2024-cü il tarixə 216.28 (iki yüz on altı manat iyirmi səkkiz qəpik) manat borc vardır. Həmin borcun 0.28 (iyirmi səkkiz qəpik) manat hissəsi sayğac üzrə, 216 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********5 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2020-ci il tarixli 29/1710-04342-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020- ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 sutkalıq iş rejimi 6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİnin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. İddiaçı qanunvericiliyin tələblərinə görə yaşadığı ünvan üzrə quraşdırılmış qaz sayğacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla həmin sayğaca müdaxilə nəticəsində sayğacın sıradan çıxması nəticəsində paylayıcı Cavabdehnə dəymiş ziyana görə məsuliyyət daşıyır. Əlavə olaraq, müdaxilə faktı aşkar edilmiş sayğacın çıxarılma aktını və ondan olan qeydlərin mübahisələndirməməsi belə qənaətə gəlməyə əsas verir ki, o, sayğaca müdaxilə edilməsi ilə razılaşmışdır. Digər tərəfdən, qaz sayğacı küçədə olduğuna görə onun qorunmasının mümkün olmaması barədə izahatlar istehlakçını məsuliyyətdən azad edilməsinə əsas ola bilməz. Belə ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsirinin olmaması nəzərə alındıqda, bu dəlilin ağlabatan olmadığını bildirən Kollegiya belə qənaətə gəlir ki, mübahisəli qaz sayğacına müdaxilə edilməsi qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmişqəsddən irəli gəlir ki, bu “gəlirin” istehlakçıdan başqa hər hansı bir kənar şəxsə müsbət təsiriola bilməz (xx.xx.2018, 2(107)-332/2018; xx.xx.2018, 2(107)-444/2018). Mülki iş materiallarından göründüyü kimi tərəfin mübahisələndirdiyi 216 manat borc xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmışdır. Beləliklə, iddiaçı tərəf iddiaçı iddia müddətinin buraxıldığı və müddətin üzürsüz səbəbdən buraxılmasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçının silinməsini xahiş edilən məbləğ iddiaçının abonent hesabına xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında işlənmişdir. Ona görə də iddiaçı tərəfindən qaldırılmış iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 373.2-ci maddəsinin təsir dairəsinə düşür. Belə olduğu halda hazırkı iş üzrə 3 (üç) il müddəti ötürülmüşdür. Belə ki, mübahisəli akt xx.xx.2020-ci ildən yazıldığından iddia müddəti həmin tarixdən başlamış və üç ilin son tarixi xx.xx.2023-cü ildə başa çatmışdır Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda “...sayğaca ümumi baxış keçirildi, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var” barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, **********00540 saylı abonent kodu üzrə ünvana itirilmiş qazın bərpası üzrə 2160 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent saldosundan görünür ki, ünvan 1i ünvanı üzrə İddiaçı **********00540 saylı abonent koduna 12/2020 tarixi üzrə 216 manat borc yazılmış, 08/2024 tarixinə ay sonuna borc 221,64 manat olmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1i ünvanında yerləşən evə quraşdırılmış **********00540 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac cavabdehin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmişdir, çıxarılan sayğaca baxış keçirilən zaman “...sayğaca ümumi baxış keçirildi, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var” əsası ilə cavabdeh tərəfindən iddiaçının abonent hesabına itirilmiş qazın bərpası məqsədilə 12/2020 tarixi üzrə 216 manat borc yazılmış, 08/2024 tarixinə ay sonuna borc 221,64 manat olmuşdur, cavabdeh “iddiaçının silinməsini xahiş edilən məbləğ iddiaçının abonent hesabına xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında işləndiyini” bildirməklə, iddiaçının qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyünü, bu səbəbdən iddia tələbinin təmin edilməməsini xahiş edir. Bununla belə, iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, həmçinin cavabdeh tərəfindən iddiaçının abonent hesabına yazılmış 216 manat borcun iddiaçı tərəfindən ödənilməsi və ya cavabdehin bu məbləğin ödənilməsinə dair tələb irəli sürməsi halları məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, əvvəla, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə etməsi faktı öz təsdiqini tapmamışdır, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının abonent koduna hesablanmış 216 manat borc silinməlidir. Məhkəmə, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Göründüyü kimi iddia müddətinin tətbiqi üçün həmin müddətin axımının başlamasının müəyyən edilməsi zəruridir ki, bu müddət də şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Lakin iş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 216 manat məbləğdən iddiaçının xəbəri olmamaqla həmin məbləği ödəməmiş, cavabdeh isə həmin məbləğin iddiaçıdan tələb edilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının öz hüquqlarının pozulduğunu xx.xx.2020-ci il tarixdə və ya üç illik iddia müddəti ərzində bilməsi müəyyən edilmədiyindən, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslı deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından və iddiaçının sayğaca müdaxilə etməsi halı müəyyən edilmədiyindən iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən itirilmiş qazın bərpası məqsədilə iddiaçının **********00540 saylı abonent koduna hesablanmış 216 manat məbləğində borc pul silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti (216 manat) nəzərə alınmaqla cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00540 saylı abonent koduna hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar