Məhkəmə qərarları › İş №2(011)-7845/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7845/2021

11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7845/2021 11.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 11 noyabr 2020-ci il təvəllüdlü X1 ərizəçinin öhdəsində (himayəsində) olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun X2 ilə qeyri-rəsmi münasibətləri olmuş, bu münasibətdən 11 noyabr 2020-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Uşağın atası Kamran Nəsibov bir müddətdir ki, evdən çıxıb getmişdir. Onun harada olması ilə bağlı ərizəçinin hər hansı məlumatı yoxdur. X3 doğulduğu gündən ərizəçinin himayəsindədir. Ərizəçi məcburi köçkündür. Azyaşlı uşağının onun himayəsində olması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş sənədləri təqdim edə bilmədiyindən ərizəçi Dövlət tərəfindən məcburi köçkünlərə verilən güzəşt və imtiyazlardan yararlana bilmir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-in 307.2.2-ci maddəsinə əsasən, məhkəmə şəxsin öhdədə olması faktını müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Məhkəmə qanunvericilik normalarına əsaslanaraq belə hesab edir ki, qanunun tələblərinə görə məhkəmə şəxsin öhdədə olması faktını müəyyən edərkən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasını və digər bütün halları aydınlaşdırmalıdır. Hazırkı iş üzrə ərizəçinin qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olması halı məhkəmədə işin hər hansı halı ilə aşkarlanmamışdır. Qanunvericiliyin tələbinə görə, şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırkı iş üzrə ərizəçi öz azyaşlı övladının onun öhdəliyində olması faktının müəyyən edilməsi barədə tələblə məhkəməyə müraciət etsə də, qanunvericilikdə belə bir hüquqi faktın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yetkinlik yaşına çatmayan uşaq valideynlərinin himayəsindədir. Hazırkı iş üzrə ərizəçinin övladı 11 noyabr 2020-ci il təvəllüdlü X1 doğum haqqında şəhadətnaməsində ana qrafasında Ərizəçi ata qrafasında isə X2 qeyd edilmişdir. Uşağın valideynləri arasında rəsmi nikah qeydə alınmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kamran Nəsibovun hal-hazırda harada olması barədə heç bir məlumat yoxdur. 11 noyabr 2020-ci il təvəllüdlü X3 hazırda anasının yanında qalmaqla onun himayəsindədir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, bu kateqoriya işlər üzrə qanunvericiliyin tələblərinə əməl olunmadığından və ərizəçinin tələbinin əsasını təşkil edən hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilmədiyindən ərizə əsassız olmaqla rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 10 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi-11 noyabr 2020-ci il təvəllüdlü X1 ərizəçinin öhdəsində (himayəsində) olması faktının müəyyən edilməsi barədə ərizəsi rədd edilsin. Ərizəçinin ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar