Məhkəmə qərarları › İş №2(011)-7862/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7862/2024

18.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7862/2024 18.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evimə (kod: **********00000) əsassız olaraq hesablanmış 8238,92 (səkkiz min iki yüz otuz səkkiz manat, doxsan iki qəpik) manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ünvan 1 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır, Cavabdeh ilə münasibətləri tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən tənzimlənir. Münasibətlər müqavilə üzrə tənzimləndiyindən Cavabdeh tərəfindən adına **********00000 nömrəli abunə hesabı açılmış və iddiaçının evinə smart kart tipli sayğac quraşdırılmışdır. İddiaçı müqavilə imzalandıqdan bu yana istifadə etdiyi qazın dəyərini daim vaxtı-vaxtında ödəmişdir, lakin Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının guya təbii-qazdan qeyri-qanuni istifadə etməsinə dair aktlar tərtib edilmişdir, cavabdehin əməkdaşları guya onun qazdan kənar xəttdən istifadə etməyini, qaz itkisinə yol verdiyini və dəymiş ziyana görə cərimə borcunun hesablandığını bildirdilər. İddiaçı təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə etməmişdir, ona borc yazılması barədə deyildikdə, iddiaçı buna etiraz etmiş, lakin bunun bir nəticəsi olmamışdır, iddiaçının abonent hesabında hal-hazırda 8238,92 manat borcunun olduğu bildirilmişdir. Aktda qeyd edilən hesablama qaydasının hansı qanuna və ya hüquqi akta əsaslanaraq aparıldığı məlum deyil. Cavabdeh təşkilat öz mülahizəsinə uyğun heç bir qanuna əsaslanmadan əsassız borc hesablayaraq, heç bir hüquqi əsası olmadan qaz hesabıma borc yükləmişdir, halbuki, qanunvericiliyə uyğun olaraq cavabdeh özü bu hesablamanı apara bilməzdi, hər hansı bir pozuntu ilə bağlı müvafiq orqanlara müraciət etməli idi, lakin cavabdeh onun səlahiyyətinə uyğun olmadığı halda iddiaçının abonent hesabına borc yazmışdır, buna görə də, əsassız hesablanmış borc silinməlidir. Sonda Vəkil iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Pərviz Əliyev bildirmişdir ki, iddiaçı 2022-ci ildə dəfələrlə təbii qazdan sayğacdan kənar istifadə etmiş, buna görə də, Birliyin əməkdaşları tərəfindən akt tərtib edilmişdir, lakin iddiaçı hər dəfə yenidən kənar xəttdən istifadə etmişdir, həmin aktlar əsasında istehlakçıya hesablanmış borc məbləği onun kart hesabına köçürülmüşdür, bundan sonra onun sayğacı mənfiyə işləmiş, həmin məbləğ də saldoda 01/2023 tarixində “-1520,64” manat kimi qeyd edilmişdir, bundan başqa istehlakçının AVİS sistemində olan borcu da onun kartına köçürülməklə ondan hər dəfə ödəniş edildikcə tutulur. X2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı qrafasında “İddiaçı” qeyd edilməklə **********00000 abonent koduna “abonent mənzildə təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olundu” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, **********00000 abonent koduna xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 3816 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 12/2021 tarixi üzrə 888,28 manat, 01/2022 tarixi üzrə 449,28 manat, 02/2022 tarixi üzrə 457,92 manat, 03/2022 tarixi üzrə 354,24 manat, 04/2022 tarixi üzrə 457,92 manat, 05/2022, 06/2022, 07/2022, 08/2022, 09/2022 və 10/2022 tarixləri üzrə 233,28 manat, 11/2022 tarixi üzrə 354,24 manat, 12/2022 tarixi üzrə 457,92 manat borc, 01/2023 tarixi üzrə “-1520,64” manat borc hesablanmış, 02/2023 tarixi üzrə Ödəniş və qeyri-ödəniş qrafasında “- 6330,36” manat qeyd edilmiş, 03/2023 tarixi üzrə 10 manat, 2024-cü il tarixi üzrə 60 manat ödəniş aparılmış, 09/2024 tarixində “Ay sonuna” borc 8238,92 manat borc məbləği qalmışdır. İş materiallarında olan Gasrep sənədindən görünür ki, **********00000 saylı abonent kodu üzrə 01/2022 tarixi üzrə 888,28 manat, 02/2022 tarixi üzrə 449,28 manat, 04/2022 tarixi üzrə 812,16 manat, 06/2022 tarixi üzrə 691,20 manat, 08/2022 tarixi üzrə 456,56 manat 12/2022 tarixi üzrə 1054,08 manat borc qeyd edilmiş, 02/2023 tarixi üzrə “Written off” qrafasında 6330,36 manat qeyd edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı sayğacdan kənar təbii qazdan istifadə edilməsi əsasları ilə akt tərtib olunmuş, akt nəticəsində abonentin - iddiaçının **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 12/2021 tarixi üzrə 888,28 manat, 01/2022 tarixi üzrə 449,28 manat, 02/2022 tarixi üzrə 457,92 manat, 03/2022 tarixi üzrə 354,24 manat, 04/2022 tarixi üzrə 457,92 manat, 05/2022, 06/2022, 07/2022, 08/2022, 09/2022 və 10/2022 tarixləri üzrə 233,28 manat, 11/2022 tarixi üzrə 354,24 manat, 12/2022 tarixi üzrə 457,92 manat borc, 01/2023 tarixi üzrə “-1520,64” manat borc hesablanmış, 02/2023 tarixi üzrə Ödəniş və qeyri-ödəniş qrafasında “-6330,36” manat qeyd edilmiş, 03/2023 tarixi üzrə 10 manat, 2024-cü il tarixi üzrə 60 manat ödəniş qrafasında qeyd edilməklə istehlakçıdan tutulma olmuşdur, 09/2024 tarixində “Ay sonuna” borc 8238,92 manat olmuşdur, hazırda həmin məbləğ ondan tələb edilir. Bununla belə, Akt əsasında 2021 və 2022-ci il tarixləri üzrə yazılmış borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, təbii qazdan sayğacsız istifadə edilməsinə dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, əvvəla, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilsə də, Aktlar əsasında “Qalıq və aktlar” qrafasında 2021 vı 2022-cil tarixi üzrə hesablanmış borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir, ikincisi, 01/2023-cü il tarixi üzrə “Ödəniş” əsasında yazılmış “-1520,64” manat və 02/2023 tarixi üzrə Ödəniş və qeyri-ödəniş qrafasında “- 6330,36” manat borc məbləğin yaranmasına əsas verən hər hansı sübut iş materiallarından görünmür. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi isə həmin məbləğlərin iddiaçının abonent koduna hansı əsasla yazılmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış 8238,92 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00000) itirilmiş qazın bərpası məqsədilə yazılmış 8238,92 manat məbləğində borc silinməlidir. Məhkəmə, məhkəmə xərcləri məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddia tələbinin həcmi (8238,92 manat) nəzərə alınmaqla 102,39 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 8238 (səkkiz min iki yüz otuz səkkiz) manat 92 (doxsan iki) qəpik məbləğində borc silinsin. Cavabdehndən 102 (yüz iki) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar