Məhkəmə qərarları › İş №2(011)-7875/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7875/2025

27.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7875/2025 27.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi (abonent kodu: **********00005) ünvanı üzrə cərimə kimi yazılmış olan 6022,31 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi (abonent kodu: **********00005) mənzildə yaşayır. Həmin mənzildə yerləşən sayğac mərhum anası Aşurova X1 adına rəsmiləşdirilmişdir. Mərhum anası Aşurova X4 vəfat etmişdir. Cavabdeh nümayəndələri həmin yaşayış evinə yoxlama apararkən akt tərtib edərək sayğacı yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriya rəyində qeyd edilmişdir ki, guya sayğaca müdaxilə etmiş və ona görə haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu görmüşdür. Tərəflərin mövqeləri: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, əvvəllər həmin evdə anası tək yaşamış, onun ölümündən sonra artıq iki ildir ki, iddiaçı öz ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Yalnız 2018-ci ildə 972 manat məbləğində cərimə olub, başqa heç vaxt cərimə yazılmayıb. Əvvəllər “smart” tipli sayğac idi, sonra onu mexaniki tipli sayğacla əvəz etmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı izahatında iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə yalnız bir dəfə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilib, qalan borc məbləği isə iddiaçının təbii qazdan istifadə etməsi nəticəsində yaranmış borc məbləğidir. İddiaçı iki ildir həmin evdə yaşamasın baxmayaraq ödənişləri tam həyata keçirmir. Sübutların tədqiqi: İş materiallarında olan xx.xx.1971-ci il tarixdə verilmiş AЗБ seriyalı 136176 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, atası X5, anası Aşurova X3r Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 211370 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Aşurova X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən fərdi yaşayış evində “Smart” tipli, G4 markalı köhnə qaz sayğacı yenisi olan “Smart” tipli G4 markalı qaz sayğacı ilə əvəz edilmişdir. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda sayğacın çıxış plastmas borusunun deşilməsi barədə qeydlər aparılmışdır. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən dəymiş ziyanın həcminin 9720 m3 olması müəyyən edilmişdir. İddiaçı adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun 2018-ci il üzrə üzrə 972 manat, “ayın sonuna borc” bölməsində isə 6046,91 manat məbləğində borcunun olması əks olunmuşdur. İşin müəyyən edilən halları: İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən fərdi yaşayış evi üzrə **********00005 saylı abonent kodu ilə iddiaçının anası Aşurova X4 qeydiyyata alınmışdır. Aşurova X4 xx.xx.2021-ci il tarixində ölmüşdür. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən fərdi yaşayış evində iddiaçı yaşayır. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilmiş pozuntuya əsasən ümumilikdə 972 manat məbləğində dəymiş zərərin iddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. Hazırda İddiaçı Cavabdeh İB tərəfindən aktlar əsasında hesablanmış 6022,31 manat məbləğində borcun silinməsini tələb edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllə: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: Bənd 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.3. Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1.1. İddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Maddə 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. İddiaçı 6022,31 manat borcun akt əsasında cərimə olaraq hesablandığını iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana dair xx.xx.2018-ci il tarixdə ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt tərtib edilərək, sayğacın çıxış plastmas borusunun deşilməsi əsası ilə abonent koduna 972 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçının silinməsini tələb etdiyi 6022,31 manat borcun 5050,31 manat hissəsinin isə qaz sərfiyyatına görə hesablandığı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan iddiaçının adına abonent saldosu əsasında müəyyən olunur ki, iddiaçı 2021-ci ildə 391,43 manat dəyərində təbii qazdan istifadə etmiş, 2,10 manat məbləğində ödəniş edilmişdir. 2022-ci ildə 566,5 dəyərində təbii qazdan istifadə etmiş, heç bir ödəniş olunmamış, 2023-cü ildə 1822,5 manat dəyərində təbii qazdan istifadə etmiş, iddiaçı tərəfindən heç bir ödəniş olunmamış, 2024-cü ildə 1707,25 manat dəyərində təbii qazdan istifadə etmiş, 268,58 manat məbləğində ödəniş edilmiş, 2025-ci ildin ilk doqquz ayında 1352,31 manat dəyərində təbii qazdan istifadə etmiş, 69 manat məbləğində ödəniş həyata keçirilmişdir. Abonent saldosunun “ayın sonuna borc” bölməsində İddiaçı 2025-ci ilin sentyabr ayına 6022,31 manat məbləğində borcunun olması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, həmin borcdan 5050,31 manat məbləğində borc iddiaçının istifadə etdiyi lakin dəyərini ödəmədiyi təbii qazdan istifadəyə görə yaranmış borc olduğundan, cavabdeh 5050,31 manat məbləğində borcu iddiaçının abonent hesabına hesablamaqda və iddiaçıdan tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddia ərizəsində mübahisələndirilən 972 manat borc məbləğlərinin hesablanmasına əsas olmuş akt xx.xx.2018-ci il tarixdə tərtib edildiyindən, aktın tərtib edildiyi zaman qüvvədə olan qanunvericiliyə əsasən mübahisəyə hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, akt iddiaçının anası Aşurova X1 adına tərtib edilmiş və onun aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, bu halda qazdan isifadə qaydalarının pozulmasının iddiaçının təqsiri sübut olunmadığından əsassız hesablanmış borcun iddiaçıdan tələb edilməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, cavabdehin hesabladığı 972 manat borc məbləğini tələb etməsi əsassızdır və həmin borc abonent hesabından silinməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə qeyd edir ki, iddiaçı istehlakçı kimi qanunla dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutulmalıdır. Ona görə iddianın qiymətinə uyğun olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə Aşurova X2 məxsus **********00005 nömrəli abonent koduna hesablanmış 972 manat məbləğində borc silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar