Məhkəmə qərarları › İş №2(011)-7920/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7920/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7920/2021 09.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 23 iyul 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********86877 olan Samsung Galaxy A6 markalı telefon üçün 115 manat ödənilməmiş hissə, 36 manat dəbbə pulu; 18 iyul 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********27397 olan Samsung Galaxy A50 markalı telefon üçün 210 manat ödənilməmiş hissə, 63 manat dəbbə pulu; 21 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********44172 olan iphone 7 markalı telefon üçün 651 manat ödənilməmiş hissə, 197 manat dəbbə pulu; 13 fevral 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********38359 olan iphone 11 markalı telefon üçün 1.393 manat ödənilməmiş hissə, 418 manat dəbbə pulu olmaqla, ümumilikdə 3.083 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 23 iyul 2018-ci il, 18 iyul 2019-cu il, 21 sentyabr 2019-cu il, 13 fevral 2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Samsung Galaxy A6 markalı telefon, Samsung Galaxy A50 markalı telefon, İphone 7 markalı telefon və İphone 11 markalı telefon almış və nəticədə 3.083 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 23 iyul 2018-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 960 manat olan Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə 151 manat olmaqla, 115 manat ödənilməmiş hissə, 36 manat cərimə pulu borcu; 18 iyul 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 791 manat olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 273 manat olmaqla, 210 manat ödənilməmiş hissə, 63 manat cərimə pulu borcu; 21 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.347 manat olan İphone 7 markalı telefon üçün ümumilikdə 848 manat olmaqla, 651 manat ödənilməmiş hissə, 197 manat cərimə pulu borcu; 13 fevral 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2.181,20 manat olan İphone 11 markalı telefon üçün ümumilikdə 1.811 manat olmaqla, 1.393 manat ödənilməmiş hissə, 418 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin 23 iyul 2018-ci il tarixli müqavilə üzrə son ödəniş tarixi 05 noyabr 2020-ci ildir. Cavabdehin cəmi ödədiyi məbləğ 2.910,20 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 23 iyul 2018-ci il, 18 iyul 2019-cu il, 21 sentyabr 2019-cu il, 13 fevral 2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Samsung Galaxy A6 markalı telefon, Samsung Galaxy A50 markalı telefon, İphone 7 markalı telefon və İphone 11 markalı telefon almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən 14 sentyabr 2021-ci il tarixə onun cəmi 3.083 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 23 iyul 2018-ci il tarixli müqavilə üzrə hesablanmış 36 manat dəbbə məbləği azaldılaraq 3 manat məbləğində, 18 iyul 2019-cu il tarixli müqavilə üzrə 63 manat dəbbə məbləği azaldılaraq 6 manat məbləğində, 21 sentyabr 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 197 manat dəbbə məbləği azaldılaraq 20 manat məbləğində, 13 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 418 manat dəbbə məbləği azaldılaraq 40 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 23 iyul 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 115 manat, dəbbə pulu 3 manat, 18 iyul 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 210 manat, dəbbə pulu 6 manat, 21 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 651 manat, dəbbə pulu 20 manat, 13 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1.393 manat əsas, dəbbə pulu 40 manat olmaqla, ümumilikdə 2.438 manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 23 iyul 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 115 (bir yüz on beş) manat, dəbbə pulu 3 (üç) manat, 18 iyul 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 210 (iki yüz on) manat, dəbbə pulu 6 (altı) manat, 21 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 651 (altı yüz əlli bir) manat, dəbbə pulu 20 (iyirmi) manat, 13 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1.393 (min üç yüz doxsan üç) manat əsas, dəbbə pulu 40 (qırx) manat olmaqla, ümumilikdə 2.438 (iki min dörd yüz otuz səkkiz) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar