Məhkəmə qərarları › İş №2(011)-8090/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8090/2024

29.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8090/2024 29.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 169,3 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala donuzçuluq sovxozu ünvanında ailəsi ilə birlikdə yaşayır. Qeyd olunan mənzil onun mülkiyyətindədir. Yaşadıqları müddət ərzində daim kommunal xərcləri vaxtlı-vaxtında ödəyiblər. Mənzilləri fərdi yaşayış evidir, qaz sayğacı çöldə yerləşir. Qaza mütəmadi olaraq ödəniş ediblər, sayğac smart olduğu üçün ödəniş bitdikdən sonra onsuzda qaz dayanır. xx.xx.2020-ci il tarixdə Cavabdeh İB-nin işçiləri gəlib ******* nömrəli akt əsasında sayğaclarını çıxardılar ki, artıq sayğaclar dəyişilir, yeni sayğac quraşdıracağıq. Sayğacları da normal işləyirdi. O, onlara bildirib ki, sayğac normal işləyir, şikayətləri yoxdur, lakin onlar yeni sayğacı quraşdırıb köhnə sayğacını isə çıxarıb bir maşına atdılar və apardılar. Sayğac çıxarılarkən də ******* nömrəli aktda özləri qeyd edib ki plomb sayğacın üzərindədir. Belə olan halda yəni plomb üstündə özləri qeyd etdikləri halda onun sayğaca müdaxilə etməsi mümkünsüzdür. Lakin sonradan gəldilər ki sənin 2063kb mənfi qaz sərfin var bununda qiyməti o vaxtın qazın dəyəri ilə (2063*0.10 = 206,30 manat) 206,30 manat edirdi. Qeyd olunan məbləği qaz saldosundan görünür ki artıq hissə-hissə ödəyib. Lakin bunlar ona 375,60 manat qanunsuz borc hesablayıblar (375,60-206,30=169,30). Qanunsuz olaraq ondan əlavə 169.30 manat pul istəyirlər. Nazirlər kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında qərarının 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylacısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğac: istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları xx.xx.2020-ci il tarixində “Qaz sayğacının çıxarılması, quraşdırıması və istismara qəbulu haqqında” akt tərtib edərək istehlakçı İddiaçı ünvanında quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Aktda qeyd edilmişdir ki, köhnə qaz sayğacında 2063 m3 dəyəri ödənilməmiş qaz sərfinin olduğu müəyyən edilmişdir. 2020-ci ildə 2063 m3 qazın dəyəri 206,30 manat təşkil edildiyi halda, abonentə 2020-ci ilin aprel ayı üzrə 375,60 manat məbləğində borc hesablanmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi

Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, qazın dəyəri yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən dəyəri ödənilməmiş qaz sərfi 2063 metr3 müəyyən edildiyi halda, qazın dəyərinə görə hesablanmış borc 206,3 manat (2063 × 0,10) deyil, 375,6 manat məbləğində hesablanmışdır. Qalıq olan 169,3 manat borcun mənbəyi isə müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən 2020-ci ilin aprel ayı üzrə 169,30 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia təmin edilərək abonent İddiaçı hesablanmış 169,30 manat məbləğində borc silinməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 30 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh İB tərəfindən abonent İddiaçı (abonent kodu: **********09270) hesablanmış 169,3 (yüz altmış doqquz manat otuz qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar