Məhkəmə qərarları › İş №2(011)-818/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-818/2023

19.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-818/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 (abonent kodu: **********00110) ünvanına hesablanmış 2177,28 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanı üzrə abonent koduna özünə məxsusdur, bir müddət öncə cavabdehin əməkdaşları, onun evində qeyri-qanuni hal xətt olması əsası ilə cərimə yazmışdırlar, halbuki evindəki sayğaca heç bir kənar müdaxilə olmamışdır, cavabdehin əməkdaşları özünün iştirakı olmadan yaşadığı ünvanda qaz sayğacına baxış keçirmiş, guya qeyriqanuni xətt aşkarlandığıı görərək, yenə onun iştirakı olmadan akt tərtib etmişdirlər, ona heçnə təqdim edilməmiş, daha sonra tələb edildikdə, yalnız abonent saldosunu və aktın surətini vermişdirlər, evdə yaşadığı müddətdə qazdan istifadəyə görə kifayət qədər məbləğ ödəmişdir, he vaxt qazdan istifadəyə görə bir problem yaranmamışdır, sayğaca nə özü, nə ailəsi tərəfindən müdaxil olunmuşdur, bu qədər borc yazılması əsassızdır, onun silinməsini istəyir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddiaçının yaşadığı ünvanda yerləşən sayğaca Cavabdeh İB-in əməkdaşları tərəfindən baxış keçirilən zaman abonentin təbii qazdan qanunsuz qeyri-qanuni xətlə istifadə etdiyi aşkar edilmişdir, bu barədə akt tərtib olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır, həmin akt əsasında iddiaçının abonent hesabına borc hesablanmışdır və hazırda da həmin borc iddiaçıdan tələb olunur, ekspert rəyi ilə də razıyıq, xətt kəsiləndə qaynaq izləri olmuşdur. Sonda R.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan üzrə “abonentin qaz sayğacına baxış keçirilən zaman qeyri-qanuni xətt aşkarlanması” barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 30 iyun 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 18144 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, istehlakçı İddiaçı Qobu ünvanındakı təbii qaz təchizatl qeyri-qanuni istifadəyə görə qaynaq vasitəsi ilə dayandırılmışdır, istehlakçı iştirak etməmiş, akt onun tərəfindən imzalanmamışdır. İş materiallarında olan “Gasrep” sənədindən görünür ki, **********00110 abonent kodu üzrə 08/2022-ci il tarixə 2177,28 manat borc hesablanmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2023-cü il tarixli 3/74 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmiş, təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. Həmin Rəyə əlavə edilmiş Bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 65 manatdır. İş materiallarında olan 29 noyabr 2022-ci il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********00110 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 06/2022-ci il üzrə 2177,28 manat borc yazılmışdır, ünvan üzrə sayğac Smart G-4 İtron Diafraqma tiplidir, quraşdırılma tarixi xx.xx.2018-ci ildir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün xx.xx.2018-ci il tarixdə qaz sayğacı quraşdırılmışdır, abonentin ünvanı üzrə “qaz sayğacına baxış keçirilən zaman qeyri-qanuni xətt aşkarlanması” əsası ilə xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib olunmuş, nəticədə abonentin **********00110 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 06/2022-ci il üzrə 2177,28 manat borc yazılmışdır. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, 09 fevral 2023-cü il tarixli ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********00110) itirilmiş qazın bərpası məqsədilə yazılmış 2177,28 manat məbləğində borc silinməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab verərək hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 41,77 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə, işə baxılması ilə əlaqədar məsrəf kimi ekspertiza dəyərini təşkil edən 65 manat məhkəmə ekspertizasının hesabına ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00110 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 2177 (iki min yüz yetmiş yeddi) manat 28 (iyirmi səkkiz) qəpik borc silinsin. Cavabdehndən 41 (qırx bir) manat 77 (yetmiş yeddi) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində pul Cavabdehndən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar