Məhkəmə qərarları › İş №2(011)-822/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-822/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-822/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə borcun ödənilməsi, lizinq obyektinin zəruri sənəd və ləvazimatları ilə birlikdə mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx/xx/0726 saylı, xx xxxxxx 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 1.579,70 manat, cərimə üzrə 342.67 manat olmaqla, cəmi 1.922,37 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi və lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 2.022 manat olan 1 ədəd divardan asılan məişət qaz qazanı, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator optimal, 2 ədəd pol oborot vintil 25 mm-lik, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 50 ədəd radiator, 5 ədəd radiator asqı seti, 10 ədəd radiator vintil köşə, 10 ədəd rekor 25 mm-lik düz zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh1 qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx xxxxxx 2018-ci il tarixdə xx/xx/0726 saylı Daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 2.022 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd divardan asılan məişət qaz qazanı, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator optimal, 2 ədəd pol oborot vintil 25 mm-lik, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 50 ədəd radiator, 5 ədəd radiator asqı seti, 10 ədəd radiator vintil köşə, 10 ədəd rekor 25 mm-lik düz cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən xx xxxxxxx 2020-ci il tarixinədək lizinq ödənişləri üzrə 1.579,70 manat, cərimə üzrə 342.67 manat olmaqla, cəmi 1.922,37 manat məbləğində borcu yaranmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Hazırda lizinq obyekti cavabdehin qanunsuz sahibliyindədir. Hazırkı iş üzrə cavabdeh sayılan Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixli xx/xx/0726-Z1 saylı zaminlik müqaviləsinə əsasən lizinq müqaviləsi üzrə zaminlik qəbul etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə İddiaçı MMC ilə lizinq alan Cavabdeh1 arasında daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən lizinq verən lizinq obyektini ləvazimatları ilə birlikdə öz mülkiyyətinə əldə edərək, onu lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə müvafiq olaraq İddiaçı MMC-yə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixli xx/xx/0726-Z1 saylı zaminlik müqaviləsinə əsasən lizinq müqaviləsi üzrə zaminliyi qəbul etmişdir. Lizinq obyektinin sahibi İddiaçı MMC-dir. Cavabdehlərin daxili maliyyə lizinq müqaviləsi üzrə xx xxxxxxx 2020-ci il tarixə ümumilikdə 1.922,37 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə digər Cavabdeh2 (zamin) mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, digər Cavabdeh2 zaminlik müqaviləsi əsasında Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə onun cəmiyyət qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Məhkəmə hesab edir ki, cavabdehlər yuxarıda adı çəkilən daxili lizinq müqaviləsi üzrə öhdəliklərə görə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədikləri üçün iddiaçı həmin müqavilə üzrə yaranmış borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə, cavabdehlərdən müştərək qaydada tutulmalı olan borcun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin lizinq obyektinin ləvazimatları ilə birlikdə iddiaçıya geri qaytarılması hissəsini araşdıraraq hesab edir ki, Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli xx/xx/0726 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliyi lazımi qaydada icra etmədiyindən və iddiaçı mübahisəli lizinq obyektinin mülkiyyətçisi olduğundan, iddiaçının lizinq obyektinin geri qaytarılması barədə tələbi əsaslıdır. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx xxxxxx 2018-ci il tarixli xx/xx/0726 saylı Daxili maliyyə lizinqi müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş lizinq ödənişləri üzrə 1.579,70 manat, cərimə üzrə 342.67 manat olmaqla, cəmi 1.922,37 manat məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməli və Cavabdeh1 lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 2.022 manat olan 1 ədəd divardan asılan məişət qaz qazanı, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator optimal, 2 ədəd pol oborot vintil 25 mm-lik, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 50 ədəd radiator, 5 ədəd radiator asqı seti, 10 ədəd radiator vintil köşə, 10 ədəd rekor 25 mm-lik düz zəruri sənədləri və ləvazimatları ilə birlikdə alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx xxxxxx 2018-ci il tarixli xx/xx/0726 saylı Daxili maliyyə lizinqi müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş lizinq ödənişləri üzrə 1.579,70 (bir min beş yüz yetmiş doqquz manat yetmiş qəpik) manat, cərimə üzrə 342.67 (üç yüz qırx iki manat altmış yeddi qəpik) manat olmaqla, cəmi 1.922,37 (bir min doqquz yüz iyirmi iki manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh1 lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 2.022 manat olan 1 ədəd divardan asılan məişət qaz qazanı, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator optimal, 2 ədəd pol oborot vintil 25 mm-lik, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 50 ədəd radiator, 5 ədəd radiator asqı seti, 10 ədəd radiator vintil köşə, 10 ədəd rekor 25 mm-lik düz zəruri sənədləri və ləvazimatları ilə birlikdə alınaraq İddiaçı MMC-yə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar