Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8225/2022 26.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “faktın müəyyən olunması” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasını 24 dekabr 2002-ci il tarixli 05 saylı qərarı ilə JN-0163 Kod 50100028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X2 aid hissədə sənədin X1, X3 aid hissədə sənədin Ərizəçi1 və Ərizəçi3 Vəlyə qızına aid hissədə sənədin Ərizəçi3 məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, ərizədə müəyyən olunması nəzərdə tutulan fakt kimi “dövlət aktının X2 aid hissədə sənədin X1, X3 aid hissədə sənədin Ərizəçi1 və Ərizəçi3 Vəlyə qızına aid hissədə sənədin Ərizəçi3 məxsus olması” göstərilmişdir, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3dır, ərizə üzrə Ərizəçi2 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Bununla belə, ərizəyə əlavə edilmiş sənədlərdən, ərizəçilərin dövlət aktında qeyd olunmuş səhvlərin aradan qaldırılması üçün maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etməsi və sonuncu tərəfindən bu səhvlərin aradan qaldırmasının mümkün olmaması görünmür (bu barədə məlumat ərizədə göstərilməmiş, buna dair sübutlar ərizəyə əlavə edilməmişdir). Halbuki qanunvericiliyə əsasən, məhkəmənin hüquqi əhəmiyyətli olan faktı təsdiq etməsi üçün əsas şərt, həmin faktları təsdiq edə biləcək lazımi sənədləri ərizəçinin başqa qaydada ala bilməməsidir və ərizəçi, lazımi sənədləri ala bilməməsini təsdiq edən sübutları əldə etməli, onu ərizəsində göstərməklə, ərizəyə əlavə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçilər birgə ərizə ilə məhkəməyə müraciət edərək ayrı-ayrılıqda 3 faktın – 1. dövlət aktının X2 aid hissədə sənədin X1, 2. X3 aid hissədə sənədin Ərizəçi1 və 3. Ərizəçi3 Vəlyə qızına aid hissədə sənədin Ərizəçi3 məxsus olması faktlarının müəyyən edilməsini xahiş etmiş, ərizəyə yalnız ərizəçi Rzayeva (Hüseynzadə) Nərmin Akşin qızı tərəfindən ödənilmiş dövlət rüsumunun qəbzi əlavə edilmiş, digər ərizəçilər tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 149.2.5-ci maddəsinə görə ərizədə ona əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6-cı hissəsinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin iş materiallarından görünür ki, Ərizəçi2 tərəfindən xx.xx.2022-ci il tarixdə ********** saylı qəbz ilə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu da tam geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 152, 261-262, 264-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “Qazax rayon Aqrar İslahat Komissiyasını 24 dekabr 2002-ci il tarixli 05 saylı qərarı ilə JN-0163 Kod 50100028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X2 aid hissədə sənədin X1, X3 aid hissədə sənədin Ərizəçi1 və Ərizəçi3 Vəlyə qızına aid hissədə sənədin Ərizəçi3 məxsus olması faktı müəyyən edilməsi” barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi2 tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-8225/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8225/2022
26.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver