Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8253/2021 07.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və Zamin qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 08 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən Asus markalı notebook üçün 2.276,60 manat ödənilməmiş hissə, 680.40 manat dəbbə pulunun Cavabdeh, 29 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********35752 olan İphone 11 markalı telefon üçün 2.092,80 manat ödənilməmiş hissə, 625.20 manat dəbbə pulunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada, ümumilikdə 5.675 manat borc və 76.75 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 08 yanvar 2020-ci il və 29 yanvar 2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Asus markalı notebook və İphone 11 markalı telefon almış və nəticədə 5.675 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 08 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2.2928,60 manat olan Asus markalı notebook üçün ümumilikdə 2.957 manat olmaqla, 2.276,60 manat ödənilməmiş hissə, 680.40 manat cərimə pulu borcu; 29 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2.512,80 manat olan İphone 11 markalı telefon üçün ümumilikdə 2.718 manat olmaqla, 2.092,80 manat ödənilməmiş hissə, 625.20 manat cərimə pulu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1072 manat təşkil edir. Həmçinin 29 yanvar 2020-ci il tarixli müqavilənin təminatı olaraq 29 yanvar 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır, Zamin "xxxx" MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək onun qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 08 yanvar 2020-ci il və 29 yanvar 2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Asus markalı notebook, İphone 11 markalı telefon almışdır. Həmçinin 29 yanvar 2020-ci il tarixli müqavilənin təminatı olaraq 29 yanvar 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən 07 oktyabr 2021-ci il tarixə onun cəmi 5.675 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış alğısatqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə digər cavabdehin (zamin) mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə arasında bağlanmış alğı-satqı müqavilələri əsasında məhsul alaraq, üzərinə həmin müqavilələr üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmaq barədə öhdəlik götürmüşdür. Digər cavabdeh Zamin isə 29 yanvar 2020-ci il tarixli zaminlik müqaviləsi əsasında Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə onun cəmiyyət qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hər iki müqavilə üzrə iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 08 yanvar 2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə hesablanmış 680.40 manat dəbbə məbləği azaldılaraq 65 manat məbləğində, 29 yanvar 2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə hesablanmış 625.20 manat dəbbə məbləği azaldılaraq 65 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 08 yanvar 2020ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 2.276,60 manat, dəbbə pulu 65 manat olmaqla, cəmi 2.341,60 manat cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada, 29 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 2.092,80 manat əsas, dəbbə pulu 65 manat olmaqla, ümumilikdə 2.157,80 manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 76.75 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 76.75 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 08 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 2.276,60 (iki min iki yüz yetmiş altı manat altmış qəpik) manat, dəbbə pulu 65 (altmış beş) manat olmaqla, cəmi 2.341,60 (iki min üç yüz qırx bir manat altmış qəpik) manat pul vəsaiti cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. 29 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 2.092,80 (iki min doxsan iki manat səksən qəpik) manat əsas, dəbbə pulu 65 (altmış beş) manat olmaqla, ümumilikdə 2.157,80 (iki min yüz əlli yeddi manat səksən qəpik) manat pul vəsaiti və ödənilmiş 76.75 (yetmiş altı manat yetmiş beş qəpik) dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-8253/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8253/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver