Məhkəmə qərarları › İş №2(011)-827/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-827/2021

16.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-827/2021 16.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana, 2-ci sahə ünvanında yerləşən evə əsassız olaraq borc kimi yazılmış 949,20 manatın Cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu,Yeni Ramanada yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Cavabdeh əməkdaşları tərəfindən 30.03.2020-ci il tarixində həmin fərdi yaşayış evdə baxış keçirilən zaman, quya, kənar xətdən istifadə edildiyinə görə cərimə hesablanmışdır. Halbuki iddiaçı qeyd edilən ünvana 28.03.2020-ci il tarixdə köçmüş və təbii qazdan qaz sayğacından kənar, qeyri-qanuni istifadə etməmişdir. Hesab edir ki, hesablanmış borc məbləği əsassızdır və silinməlidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana, 2-ci sahə ünvanında quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 30.03.2020-ci il tarixli aktda “abonent qaz sayğacından kənar qeyri-qanuni qazdan istifadə aşkar edilmişdir” qeyd edilmişdir. Həmin akt əsasında tərtib edilmiş 30.03.2020-ci il tarixli “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”nin surətindən görünür ki, iddiaçıya qanunsuz istifadə etdiyi 8856 m3, qazın dəyərinə borc hesablanmış, 885,60 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. Mülki iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.05.2021-ci il tarixli, 10/923 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı abonenti olduğu Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə ilə əlaqədar Cavabdeh İB-nə məxsus qaz xəttinə sayğacdan kənar qanunsuz hər hansı qoşulmanın, eləcə də qoşulmaya xarakterik əlamətlərin/qaynaq və s./ olması halı aşlar edilmədi. Aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 885,60 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz sübuta yetirilmədiyindən, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 885,60 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə aid olan ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 102 manat cavabdehdən tutularaq dövlət hesabına aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********01980) hesablanmış 885,60 (səkkiz yüz səksən beş manat altmış qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdehndən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 102 manat dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar