Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-83/2023 10.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 208 saylı sərəncamına əsasən, Xətai rayonu, Cavanşir küçəsi, 36 saylı evin şərqində yerləşən 20 kv.m ölçülü məntəqənin sağ və sol tərəfində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan zəbt etmiş torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin sökülməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.M.Quliyev iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 208 saylı sərəncamına əsasən, Cavanşir küçəsi 36 saylı evin şərqində yerləşən 20 kv.m ölçülü məntəqə mövcud ölçüsü daxilində İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır, hal hazırda qeyd edilən məntəqə qanuni əsaslarla iddiaçının sahibliyindədir, onun tərəfindən istifadə edilir, həmin obyektin sağ və sol hissəsində qanunsuz tikililər inşa edilməklə, torpaq sahəsi özaşına tutulmuş və zəbt edilmişdir, hal-hazırda həmin tikililərin birində təkər balans və təmiri, digərində isə avtomobil elektriki və radiator təmiri fəaliyyət göstərir, qeyd edilən fəaliyyət növü birbaşa onun və obyekti, habelə ətraf üçün yüksək təhlükə mənbəyidir, həmin obyektlərdə adi qısa qapanma nəticəsində yanğın baş verməsi qaçılmazdır, cavabdeh onlara müraciət edərək, ailəsini dolandırmaq – ticarət üçün həmin ərazini onlardan arendaya verilməsini istəmişdir, cavabdehə 10 il həmin ərazini arendaya vermişdirlər, orada işləmişdir, bu müddət ərzində ona yardım da etmişdirlər, cavabdeh oranı kiçik bir mağaza kimi işlətmişdir, daha sonra borcları yaranmış, ödənişlər etməmişdirlər, bu səbəbdən 6-7 il sonra iddiaçı cavabdehdən həmin ərazidən çıxmasını tələb etmişdir, lakin cavabdeh imtina edərək, həmin sahənin onun olduğunu, tikib düzəltdiyini, xərc çəkdiyini, həmin obyekti arendaya verəcəyini bildirmişdir, torpaq İcra Hakimiyyətinindir, ətrafında su və istilik xətləri keçir, onun heç bir hüquqi sənədi yoxdur, bunu cavabdeh də təqdim edə bilməz, çünki belə bir sənəd yoxdur, cavabdehin həmin sahədə tikdiyi obyekt iddiaçıya məxsus tikiliyə işıq düşən pəncərələrin qarşısını kəsir, iddiaçının obyekti təhlükəli vəziyyətdədir, ona külli miqdarda ziyan dəymişdir, mübahisə ilə bağlı İcra Hakimiyyətinə də müraciət etmişdirlər, cavab məktubunda görünür ki, obyektin sökülməsi yalnız məhkəmə qərarı ilə ola bilər. Sonda iddiaçının nümayəndəsi Ə.M.Quliyev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili F.V.Həsənov iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır, predmet qanunsuzdur, 24 kv.m torpaq sahəsi iddiaçıya verilmişdir, orada təsərrüfat işi ilə məşğuldur, sahənin verilməsi barədə sənədləşmə olmamışdır, şifahi şəkildə verilmişdir, kommunal xərcləri ödənilmişdir, iddiaçının qeyd etdiyi torpaq sahəsi Xətai rayon İcra Hakimiyyətinə məxsusdur, iddianın predmeti düzgün qoyulmamışdır, digər sahədə olan obyektlərə iddiaçının aidiyyəti yoxdur, hazırda ekspert rəyi əsas götürülməlidir. Sonda cavabdehin nümayəndəsi və vəkili F.V.Həsənov iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 208 saylı sərəncamının surətindən görünür ki, Cavanşir küçəsi 36 saylı evin şərqində yerləşən 20 kv.m ölçülü məntəqə mövcud ölçüsü daxilində İddiaçı adına sənədləşdirilməsi və mövcud ölçü daxilində təqdim edilmiş layihəyə əsasən yenidən daşla tikilməsinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti 3-cü ərazi X5 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 23 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, müraciət əsasında ünvan 1 ünvanında yerləşən kafenin VÖEN-i Ədliyyə Nazirliyinin Vahid Məlumat Reyestr sisteminə daxil edilərək xx.xx.2021-ci il tarixli KY211699218 saylı çıxarış əsasında yanğın-tikinti müayinə keçirilmişdir. Yanğın-təhlükəsizliyi qaydalarının pozulması ilə əlaqədar aşkar olunmuş nöqsanlarla bağlı kafenin icarədarı X2 barəsində vəzifəli şəxs qismində xx.xx.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və yoxlamanın nəticəsi barədə qərar təqdim edilərək mövcud nöqsanların aradan qaldırılması tələb olunmuşdur. İş materiallarında olan Xətai RPİ-nin 36-cı Polis Bölməsinin 15 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixdə verilmiş AA seriyalı 159984 nömrəli “Məcburi köçkün vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı Füzuli rayonunda doğulmuşdur, hazırda məskunlaşdığı ünvan Suraxanıdır. İş materiallarında olan Azərbaycan Respublikası Xətai rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış Q-79-151 nömrəli xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, vətəndaşa tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaların və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı ilə sökülə bilər. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2022-ci il tarixli 10/5357 saylı Ekspert rəyindən görünür ki, Xətai rayonu, Cavanşir küçəsi, 36 saylı evin şərqində yerləşən, faktiki sahəsi 24,38 kv.m olan qeyri-yaşayış sahəsinin sağ və sol hissəsində olan tikililərin, həmin tikilidən sərbəst isitifadəyə hər hansı maneəçilik yaratmadığı müəyyən edilmişdir. Rəyin “tədqiqat prosesinin təsviri” hissəsindən görünür ki, iddiaçıya məxsus tikilinin uzunluğu 5.30 metr, eni 4.60 metr olmaqla, sahəsi 24.38 m2 təşkil edir, tikilinin ayrıca giriş-çıxış qapısı mövcuddur, tikiliyə bitişik sağ və sol hissədə digər obyektlər yerləşir, həmin obyektlərə giriş-çıxış ayrıdır. Həmin Rəyə əlavə edilmiş “ekspert xərclərinə dair” Bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 208 saylı sərəncamına əsasən, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 36 saylı evin şərqində yerləşən 20 kv.m ölçülü məntəqə mövcud ölçüsü daxilində İddiaçı adına sənədləşdirilməsi və mövcud ölçü daxilində təqdim edilmiş layihəyə əsasən yenidən daşla tikilməsinə icazə verilməsi qərara alınmışdır, həmin evin şərqində iddiaçıya məxsus uzunluğu 5.30 metr, eni 4.60 metr olmaqla, sahəsi 24.38 m2 olan qeyri-yaşayış sahəsi vardır, tikilinin ayrıca girişçıxış qapısı mövcuddur, tikiliyə bitişik sağ və sol hissədə digər obyektlər yerləşir, həmin obyektlərə giriş-çıxış ayrıdır, qeyd edilənlər işin mübahisəsiz hallarıdır, hazırki tələb, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 36 saylı evin şərqində yerləşən sahənin sağ və sol hissəsində olan tikililərin sökülməsi barədədir. Bununla belə, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 36 saylı evin şərqində yerləşən tikilidən sərbəst istifadəyə hər hansı bir maneə olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, 14 dekabr 2022-ci il tarixli ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 36 saylı evin şərqində yerləşən tikilinin sağ və sol hissəsində olan obyektlər, iddiaçının mənafeləri və hüquqlarına təsir etməməklə, həmin tikilidən sərbəst isitifadəyə hər hansı maneəçilik yaratmadığından, mübahisələndirilən qeyri-qanuni tikintinin sökülməsi üçün də əsas ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, tikintisi başa çatmış və ya çatmamış tikinti obyektlərinin (və ya onun hissəsi) sökülməsi barədə qərarın qəbul edilməsi, qanunvericiliklə, onun hallarından asılı olaraq, müvafiq icra hakimiyyəti orqanları və onların müraciəti əsasında məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli tikililər, iddiaçının maraqlarına toxunmadığından, onun tələbi ilə sökülə bilməz və ona görə də İddiaçı hazırki iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə görə isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.3-cü maddəsinə əsasən müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə (95.1.1); bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda (95.1.2); bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda (95.1.3);. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda (95.1.3-1); sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə (95.1.4). Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən, bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən, bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Həmin Məcəllənin 95.3-1-ci maddəsinə əsasən, bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Azərbaycan Respublikası Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 208 saylı sərəncamına əsasən, Xətai rayonu, Cavanşir küçəsi, 36 saylı evin şərqində yerləşən 20 kv.m ölçülü məntəqənin sağ və sol tərəfində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan zəbt etmiş torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin sökülməsi” barədə iddia tələbi rədd edilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı isə məcburi köçkün kimi dövlət rüsumu ödəməkdən azad olunduğundan, tərəflərdən dövlət rüsumu alınmamalı, iddiaçının digər məhkəmə xərclərindən azad olmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ondan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərclər məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “Azərbaycan Respublikası Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 208 saylı sərəncamına əsasən, Xətai rayonu, Cavanşir küçəsi, 36 saylı evin şərqində yerləşən 20 kv.m ölçülü məntəqənin sağ və sol tərəfində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan zəbt etmiş torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin sökülməsi” barədə iddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-83/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-83/2023
10.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver