Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8322/2025 06.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "Azəriqaz” İstehsalat Birliyi Bakı X1 Departamenti tərəfindən verilmiş 14 yanvar 2018-ci il tarixli, ******* nömrəli və 28 mart 2018-ci il tarixli, ******* nömrəli aktların ləğv olunması və həmin aktlar əsasında ünvan 1 ünvanda mənim abonent kodun üzrə (**********01240) yaranan 2732,92 (iki min yeddi yüz otuz iki manat doxsan iki qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “ünvan 1 ünvanındakı fərdi yaşayış evi mənim xüsusi mülkiyyətimdədir. Özümə məxsus olan fərdi yaşayış evində uzun müddətdir ki yaşayıram. Həmin fərdi yaşayış evində 2016-cı ildən başlayaraq smart-kart tipli sayğacdan (sayğac nömrəsi GPG ********), 2018-ci ildən isə sayğac nömrəsi GPG 17119829 olan sayğacdan istifadə olunur. Bugünə qədər də qaz sərfiyyatına görə borcum olmamışdır. Bunu, qaz sərfiyyatı ilə bağlı 2016-2025-ci illəri əhatə edən cədvəldən də (abonentin saldosu) görmək olar. 2016-ci ilin noyabr ayında "Azəriqaz” İstehsalat Birliyi tərəfindən zavod No 1602AZ**********98, SMART G-4 İTRON smart-kart tipli qaz sayğacı quraşdırılmışdır. Qeyd edim ki, 2018-ci ilin yanvar ayının 14-də "Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və baxış nəticəsində sayğacda dəlik aşkarlanmış və sayğac yenisi ilə əvəz olunmuşdur (zavod № 1702AZ.**********29, SMART G-4, sayğac nömrəsi GPG ********). 2018-ci ilin mart ayının 28-də isə "Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və baxış nəticəsində sayğacın çıxış plastmas borusunun deşildiyi, klapanın bağlandığı aşkarlanmışdır. Cavabdeh Bakı X1 Departamenti (BRQSD) tərəfindən 14 yanvar 2018-ci il tarixli, ******* nömrəli və 28 mart 2018-ci il tarixli, ******* nömrəli aktlar tərtib olunmuşdur. Üstəlikdə, 2018-ci ilin yanvar ayının 14-də quraşdırılmış yeni sayğacın pulunu da məndən tələb edirdilər. Məndə məcbur qalıb məhkəməyə müraciət etməli oldum.. Belə ki, Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, mənə məxsus fərdi yaşayış evinə hesablanmış 2876,40 manat borcun və 235,88 manat sayğac pulunun "Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdim. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək mənə məxsus fərdi yaşayış evinə qazın verilməsinin dayandırılmasına yönələn bütün hərəkətlərin, həmin smart karta blok qoyulmasının və borca görə tutulmaların aparılmasının cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdim. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-11008/2018 saylı qərardadına əsasən ərizə təmin edilərək, İddiaçı yaşadığı ünvan 2 ünvanına (abonent kodu: **********01240) qazın verilməsinin dayandırılması və həmin ünvana hesablanmış borcun tutulması iddianın təmin tədbiri olaraq cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qadağan edilməsi; ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********01240) quraşdırılmış qaz sayğacının smart kartının blokdan çıxarılması qərara alınmışdır. Lakin, sonradan şəxsi səbəblərdən məhkəmədə iştirak edə bilməməyim səbəbindən iddia baxılmamış saxlanılmışdır (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-529/2019 saylı qərardadı əsasında). Bildirmək istəyirəm ki, "Azəriqaz” İstehsalat Birliyi Bakı X1 Departamenti (BRQSD) tərəfindən tərtib edilmiş 14 yanvar 2018-ci il tarixli, ******* nömrəli və 28 mart 2018-ci il tarixli, ******* nömrəli aktlar əsasında ümumilikdə 2732,92 (iki min yeddi yüz otuz iki manat doxsan iki qəpik) manat borcla razı deyiləm. Çünki borcun bu qədər məbləğ təşkil etməsi mümkün deyil, absurtdur. Bundan başqada, yuxarıdada qeyd etdiyim kimi fərdi yaşayış evinə quraşdırılmış sayğac smart-kart tipli sayğac olmuşdur və məlumdur ki, bu tip sayğaclar kartla işləyir. Yəni, abonent əvvəlcədən karta həmin ay və ya aylar üzrə müəyyən ödənişlər etməklə təbii qazdan istifidə edə bilər. Ödənişlərin ödənilmədiyi təqdirdə isə hər hansı təbii qazdan istifadə edilməsi mümkünsüzdür. Bu səbəbdəndir ki, həmin aktlara mənim tərəfimdən imza atılmamışdır. Hal-hazırda isə mənə məxsus fərdi yaşayış evinə qazın verilməsi dayandırılmışdır. Bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət edirəm.” İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona yazılmış 2718.34 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda “sayğacın çıxış plastmas borusu deşilib” barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı H İddiaçı məxsus abonent koduna (**********01240) itirilmiş qazın bərpası üzrə 9072 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı Bakı, Xəzər, Qala qəs. Hövsan Südçülük sov ünvanında yerləşən fərdi yaşayış evinin **********01240 saylı abonent koduna “Ödəniş” və “O cümlədən qeyri-ödənişlər” qrafasında 07/2025 tarixi üzrə müvafiq olaraq “-2718.34” və “-2718.60” qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Gasrep sənədindən görünür ki, iddiaçının **********01240 saylı abonent hesabına 2018-ci ilin noyabr ayı üçün 2876.40 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı, Xəzər, Qala qəs. Hövsan Südçülük sov ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********01240 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman “sayğacın çıxış plastmas borusu deşilib” əsası ilə akt tərtib olunmuş və həmin akt nəticəsində abonentin - iddiaçının **********01240 saylı abonent hesabına 2018-ci ilin noyabr ayı üçün 2876.40 manat borc hesablanmışdır, hazırda həmin borc məbləği iddiaçıdan tələb edilir, iddiaçı həmin borcun silinməsini xahiş edir. Bununla belə, iddiaçı tərəfindən təbii qaz sayğacına müdaxilə olunması, sayğacda yaranmış nasazlıqla bağlı onun təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddiaçının abonent hesabına 2018-ci ilin noyabr ayı üzrə hesablanmış 2876.40 manat, həmçinin abonent hesabına “Ödəniş” və “O cümlədən qeyri-ödənişlər” qrafasında 07/2025 tarixi üzrə müvafiq olaraq “-2718.34” və “-2718.60” manata münasibətdə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz iddiaçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Belə ki, müvafiq qaydalara uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzində cavabdehdən hansı səbəbdən tələb edilmədiyini əsaslandırmaq vəzifəsi cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus ev ilə əlaqədar ona dəymiş zərərə görə hesablanmış borcla bağlı mövqeyini əsaslandıra bilməmiş və bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış 2718.34 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından və iddiaçının sayğaca müdaxilə etməsi halı müəyyən edilmədiyindən iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən itirilmiş qazın bərpası məqsədilə iddiaçının **********01240 saylı abonent koduna hesablanmış 2718.34 manat məbləğində borc pul silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti (2718.34 manat) nəzərə alınmaqla cavabdehdən dövlət mədaxilinə 47,19 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********01240 saylı abonent koduna hesablanmış 2718 (iki min yeddi yüz on səkkiz) manat 34 (otuz dörd) qəpik məbləğində borc silinsin. Cavabdehndən 47 (qırx yeddi) manat 19 (on doqquz) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-8322/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8322/2025
06.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver