Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-833/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır. ünvan 2i yaşayış evi faktiki olaraq iddiaçı və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda yerləşən fərdi yaşayış evində qazın Abonent kodu **********00014 olmaqla Cavabdeh İB tərəfindən qazla təmin olunmaqdadır. İddiaçı tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunmuşdur. İddiaçının qaz sayğacı 2021-ci il tarixdə Cavabdeh İB tərəfindən dəyişdirilərək yeni qaz sayğacı ilə əvəz olunmuşdur. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunsa da, iddiaçıya verilməmişdir. Qaz sayğacından bir müddət istifadə edildikdən sonra əməkdaşlıq tərəfindən sayğaca baxış keçirilmiş guya sayğaca müdaxilə olunması aşkar olunmuş və iddiaçıya 6000 manat məbləğində əsassız olaraq borc yazılmışdır. Sayğac çıxarılan zaman X4 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Cavabdeh İB-nin qaz sayğacının yoxlanılması barədə aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Buna görə də iddiaçı hesab edir ki, ünvan 2i yaşayış evinə əsassız olaraq borc kimi yazılmış olan 6000 manatın Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 2i yaşayış evinə (abonent kodu: **********00014) əsassız olaraq cərimə kimi yazılmış olan 6000 manatın Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında bildirmişdir ki, qaz sayğacının quraşdırılması üçün ASAN kommunala müraciət etsə də, quraşdırılmamışdır, qış aylarında qaz xəttindən qanunsuz istifadə etdiyini qəbul edir, qazdan istifadəyə görə hər ay karta 10 manat vurmuşdursa, yarısını cəriməyə çıxmışlar. Borcla bağlı iddiaçının ümumiyyətlə məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, cavabdehin əməkdaşları tərəfindən baxış keçirilən zaman iddiaçıya məxsus mənzildə qeydiyyatsız, istehlakçı hesabı olmadan, qaz sayğacı olmadan, küçə qaz xəttinə qoşulmaqla, təbii qazdan qanunsuz istifadə halı aşkar edilmiş, bununla bağlı 2021-ci ilin altıncı ayından, 2022-ci ilin üçüncü ayınadək aktlar tərtib edilmişdir. 2022-ci ilin iyun ayının 22-də iddiaçıya məxsus mənzildə təmənnasız qaz sayğacı quraşdırılmışdır. İddiaçı tərəfindən 2021-ci ilin aprel ayından, 2022-ci ilin mart ayınadək qaz sayğacından qanunsuz istifadə edilmiş, 2022-ci ilin mart ayında kənar xətt kəsilmişdir. Eyni zamanda iddiaçının ödədiyi məbləğin yarısı borca görə tutulmuş, qalan məbləğ onun istehlakından ibarətdir. Məhkəmə tərəflərin izahatın dinləyib, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı (abonent kodu: **********00014) 2021-ci il üzrə 3412,80 manat, 2022-ci il üzrə 3322,08 manat, cəmi 6734,88 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2021-ci il tarixli, ******* nömrəli, 30 iyul 2021-ci il tarixli, ******* nömrəli, 31 avqust 2021-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli, 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli, 31 mart 2022-ci il tarixli, ******* nömrəli, 29 aprel 2022-ci il tarixli, ******* nömrəli, 31 may 2022-ci il tarixli, ******* nömrəli və 30 iyun 2021-ci il tarixli, ******* nömrəli aktların surətindən məlum olur ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı mədən ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə olunur” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/63 saylı, 24 fevral 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğac və boru adi gözlə təbii işıq altında və xüsusi böyüdücü lupanın köməyilə müxtəlif ölçülərdə böyüdülərək tədqiq edilmişdir. Bu zaman qeyd olunan qaz sayğacının və borunun üzərində trasoloji zədə aşkar edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanında qaz sayğacından kənat xətt vasitəsi ilə qeyriqanuni təbii qazdan istifadəyə görə 2021-ci ilin iyun ayından, 2022-ci ilin mart ayınadək aktlar tərtib olunaraq, ümumilikdə 6734,88 manat borc hesablanmışdır. Məhkəmə iclasında iddiaçı özü tərəfindən sayğacdan kənar qaz xəttindən qış aylarında qaz sayğacı quraşdırılmadığı müddətdə istifadə etdiyini etiraf etmişdir. 2022-ci ilin mart ayında cavabdehin əməkdaşları tərəfindən kənar xətt ləğv edilmişdir. İş materiallarından müəyyən edilir ki, 2022-ci ilin iyun ayında iddiaçı məxsus mənzildə qaz sayğacı quraşdırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının müəyyən müddət qaz sayğacından kənar xətt vasitəsilə istifadə edildiyi məhkəmə iclasında etiraf etməsinə baxmayaraq, hansı müddət ərzində istifadə etdiyi məhkəmə tərəfindən dəqiq müəyyən edilməsə də, cavabdeh tərəfindən 2021-ci ilin iyun ayından, 2022-ci ilin mart ayınadək (kənar xətt ləğv edilənədək) qaz sayğacından kənar xətt vasitəsilə istifadə etdiyi şübhəsiz haldır. Qeyd edilən normalarda müəyyən edilmiş tələblər nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddiaçının qaz sayğacından kənar xətt vasitəsilə istifadə etdiyi təsdiq və etiraf edilsə də, iddiaçının faktiki istehlak etdiyi qazın həcminə görə borcu düzgün hesablanmamışdır. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə baxış keçirilməsi cavabdehin vəzifələrinə aid edilmişdir. Məhkəməyə təqdim edilmiş abonent saldosundan müəyyən edilir ki, 2021-ci il iyun ayından 2022-ci ilin iyun ayınadək (13 ay ərzində) iddiaçının istehlak etdiyi qazın həcmi ümumilikdə 59904 m3, 1 ay ərzində isə 59904:13=4608 m3, yəni 4608 m3x0.12 qəp≈552 manat, 6 ay üçün isə 552x6=3312 manat olmuşdur. Həmin məbləğin yarısı – 1656 manat iddiaçıdan borca görə tutulmuşdur. Qeyd edilən normalarda müəyyən edilmiş tələblər nəzərə alınaraq, məhkəmə hesab edir ki, dəymiş zərərin 6734,88 manat hesablanması qanunsuz olmaqla yanaşı işin faktiki hallarına uyğun deyil. İddiaçı tərəfindən qaz sayğacı quraşdırılanadək 6 ay müddətində qaz sayğacından kənar xətt vasitəsilə istifadə edildiyi ehtimal olunsa belə, iddiaçının faktiki istehlak etdiyi qazın həcminə görə borcunun düzgün hesablanmadığı müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmədiyindən, cavabdehdən tutulması tələb olunan 6734,88 manat borcdan 1656 manat əsaslı olaraq hesablandığından, iddia tələbi qismən təmin edilməli, iddiaçının silinməsini tələb etdiyi 6000 manat borcdan 4344 manatı silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 63.44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00290) hesablanmış 4344 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 63.44 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia qismən təmin edildiyindən, 64 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-833/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-833/2025
30.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver