Məhkəmə qərarları › İş №2(011)-835/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-835/2024

08.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-835/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, O, ünvan 1 ünvanında həyət evində yaşayır. X1, X5 və X4r. Kiçik bir yol vardır. Həmin yoldan onlar başqa Zığ yamacında məskunlaşmış 100-dən artıq ailə də istifadə edir. Əvvəllər iddiaçının yaşadığı evin yanında X3 məxsus kiçik bir dəmir qaraj var idi (təxminən 20 kv.m-lik). Sonradan məlum olmuşdur ki, həmin qaraj və onun yerləşdiyi ərazi Məsumə Məhsumova tərəfindən özgəninkiləşdirilmiş, həmin qaraj və onun yerləşdiyi ərazi Cavabdeh satılmışdır. İddiaçı cavabdehin həmin ərazidə obyekt tikəcəyindən şübhələnərək, cavabdehə onların normal yaşamaqlarına mane ola biləcək bir obyekt tikməməsini xahiş etmişdir. Cavabdeh də burada belə bir obyekt tikməyəcəyinə dair söz vermiş və dəmir konstruksiyalardan böyük bir qeyri-yaşayış binası tikməyə başlamışdır. Hazırda məlum olmuşdur ki, Cavabdeh həmin qeyri-yaşayış binasını avtomobil təmiri sexinə çevirərək satmaq istəyir. Çünki hazırda binanın içərisində bokslar və avtomobil təmiri üçün digər avadanlıqlar quraşdırılır. Həmin obyekt avtomobil təmiri sexi kimi fəaliyyət göstərərsə, artıq ərazidə yaşamaq qeyri-mümkün olacaqdır. Çünki obyekt iddiaçının həyətinin hasarına bitişik vəziyyətdədir. Həmin təmir sexinə çoxsaylı maşınlar gəldikdə orada səs-küydən durmaq mümkün olmayacaqdır. Həmçinin həm onların evlərinin, həm də Zığ yamacında məskunlaşmış 100-dən artıq ailənin yolu bağlanacaqdır. Həmin əraziyə yük və yanğınsöndürən maşınların daxil olması da qeyri-mümkün olacaqdır. Bundan əlavə həmin sexdə qaynaq işləri də aparılacaqdır. Yaşayış evlərinin əhatəsində qaynaq işlərinin görülməsi özünün və ailə üzvlərinin həyatı üçün təhlükə təşkil edir. Müxtəlif dövlət orqanlarına, o cümlədən Bakı şəhəri, Xətai Rayon İcra Hakimiyyətinə müraciət etməklərinə baxmayaraq, indiyə kimi əsaslı tədbirlər görülməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusu ilə əlaqədar olaraq ünvan 2 ünvanladığı 23 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, X2 mülkiyyətində olmuş ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasına dair məlumat və sənəd surətlərinin verilməsi ilə bağlı müraciətlərinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, ünvan 3 ünvanda yerləşən 26.3 kv.m qeyri-yaşayış binası (9 saylı emalatxana) 2647 nömrəli xx.xx.2013-cü il tarixli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. ünvan 3 ünvanda yerləşən 280,4 kv.m torpaq sahəsi 4512 nömrəli xx.xx.2013-cü il tarixli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə vahid əmlak olmaqla, X2 adına ilkin qeydiyyatdan keçmişdir. 4 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu B.M.Mehdiyev tərəfindən təsdiq edilmiş 4Ə-1185 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sənədlərin surətləri məhkəmə sorğusu əsasında təqdim edilə bilər. Beləliklə, Cavabdeh yaşadığı evə bitişik, eləcə də, qonşularının evlərinin yanında ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi, tikintiyə icazə verilməsi və şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması qaydalarını, habelə iddiaçının, ailəsinin və qonşularının təhlükəsiz şəraitdə yaşamaq hüququnu pozmaqla, onların həyatı və dincliyi üçün ciddi təhlükə təşkil edən içərisində avtomobil sexi olan qeyri-yaşayış sahəsi tikmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı hesab etmişdir ki, ünvan 1 ünvanında yanında General Mehmandarov küçəsi, 71 b saylı ünvanda yerləşən qeyri-yaşayış binasının cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanının yanında General Mehmandarov küçəsi, 71b saylı ünvanda yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 hər biri ayrıayrılıqda iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Nümayəndə izahatında bildirmişdir ki, həmin tikili yalnız iddiaçının deyil, bütün sakinlərin hüquqlarını pozur. Səs-küydən yatmaq mümkün deyildir. Ümumi sahəsi 250 kv. m torpaq sahəsində 26.4 kv.m emalatxana vardır. Həmin ərazidə avtomobil təmiri etmək olmaz. Cavabdehin fəaliyyəti qanunsuzdur və həmin tikili də qanunsuz olduğu üçün sökülməlidir. İddiaçı əlavə olaraq bildirmişdir ki, onun üç övladı var. Cavabdeh ona bildirmişdir ki, həmin yer anbar olacaq, on gündən bir açılacaq, işıq, su və qaz olmayacaq. Lakin sonradan müəyyən olundu ki, cavabdeh orda avtomobillərin təmiri üçün emalatxana açıb. Hazırda bu işlə bağlı orada benzin işlədilir, bu isə onun üçün və qonşular üçün təhlükəlidir. Həmçinin ora təmirə gələn avtomobillər yolu bağlayırlar. İddiaçı vurğulamışdır ki, cavabdeh söz verdiyi kimi həmin tikilini anbar kimi işlətsəydi heç bir problem olmazdı, məhz həmin tikilinin təmir emalatxanası kimi işlədilməsi onun hüquqlarını pozur. Məhkəmənin baxış iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, iddia tələbi təmin edilməməlidir, belə ki, hazırkı iddia tələbi cavabdehin konstitusion hüquqlarını pozur. Həmin daşınmaz əmlaka dair cavabdehin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır, çıxarışı vardır, həmin torpaq sahəsində cavabdeh istədiyi fəaliyyətlə məşğul ola bilər. Bu hal üçüncü şəxslərin hüquqlarının pozulmasına hər hansı təsiri yoxdur. İddiaçının iddia tələbində göstərdiyi normalar pozulsaydı, müvafiq qurumlar bununla bağlı iddia qaldıra bilərdilər. İddiaçının özünün yaşadığı sahəyə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır, ona görə onun heç bu iddianı qaldırmağa subyektiv hüququ yoxddur. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin 23 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən 26.3 kv.m qeyri-yaşayış binası ( 9 saylı emalatxana) 2647 nömrəli xx.xx.2013-cü il tarixli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 280.4 kv.m torpaq sahəsi 4512 nömrəli xx.xx.2013-cü il tarixli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqısatqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə vahid əmlak olmaqla X2 adına ilkin qeydiyyatdan keçmişdir. 4 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu B.M.Mehdiyev tərəfindən təsdiq edilmiş 4Ə-1185 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası (9 saylı emalatxana) Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 26.30 kv.m olan qeyri yaşayış binası xx.xx.2021-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Xətai Rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 04 iyul 2017-ci il tarixli 191 nömrəli sərəncamdan çıxarışın surətindən görünür ki, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən mövcud fərdi yaşayış evi vətəndaş İddiaçı adına sənədləşdirilməsi və hüquqi qeydiyyata alınması qərara alınmışdır. Lakin iddiaçı həmin mənzilin onun adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınması ilə bağlı sənədləri məhkəməyə təqdim etməmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sübutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən 26.3 kv.m qeyri-yaşayış binası ( 9 saylı emalatxana) və onun yerləşdiyi 280.4 kv.m torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda onun xüsusi mülkiyyətindədir. İddiaçı hazırda “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mövcudluğu ilə deyil, həmin qeyri-yaşayış sahəsində emalatxana fəaliyyətinin göstərilməsi ilə bağlı yaranmışdır. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, cavabdeh həmin ərazidə anbarın olacağını bildirmiş və bu barədə razılığa gəlmişlər, lakin cavabdeh sonradan həmin qeyri-yaşayış sahəsində avtomobil təmiri sexi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. İddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında verdiyi izahatlarda cavabdehə məxsus qeyri-yaşayış sahəsində aparılan qanunsuz fəaliyyət nəticəsində hüquqlarının pozulduğunu bildirsə də, tələbində həmin fəaliyyətin həyata keçirildiyi tikilinin sökülməsini tələb etmiş, iddia tələbinin predmeti dəfələrlə müzakirə olunsa da, məhkəmə gedişatı zamanı iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilməmişdir. Bununla yanaşı mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, İddiaçı faktiki sahibliyində və istifadəsində olan daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmamaqla yanaşı, cavabdehin mülkiyyətində olan daşınmaz əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədləri təqdim etməmiş, həmin əmlakın mövcudluğunun onun hər hansı hüquqlarına toxunduğunu, hüquqlarını pozduğunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı sökülməsini tələb etdiyi tikilinin onun hər hansı hüquqlarını pozduğunu sübuta yetirə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar