Məhkəmə qərarları › İş №2(011)-836/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-836/2022

11.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-836/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Z.Kərimov küçəsində yerləşən 96B fərdi yaşayış evinə hesablanmış 1721,22 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Y.İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Z.Kərimov küçəsində yerləşən 96B saylı fərdi yaşayış evi faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir, həmin ünvanda Abonent kodu **********20000 olmaqla cavabdeh X2 tərəfindən qazla təmin olunmaqdadır, həmişə tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub, son zamanlar qaz smart kartına ödənişlər edərkən ödədiyim məbləğin bir hissəsinin karta oturduğunu, məbləğin qalan hissənin isə karta köçürülmədiyini öyrənmişdir, bu barədə X1 müraciət etmiş, bildirmişlər ki, ona məxsus sayğac dəyişdirilmiş və qazdan istifadəyə görə ona borc hesablanmışdır, karta ödənilən məbləğin yarısı həmin borca silinir, yerdə qalan məbləğ karta yüklənir, 2016-cı ildə yaşayış evinə 2444,03 manat borc yazılmışdır, iddia müddətinin keçməsini nəzərə alaraq borcun silinməsini xahiş edir. Sonda Y.İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 saylı MKİS tərəfindən verilmiş 18.11.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı V.Əliyev küçəsi 96 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 26.02.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, iddiaçıya məxsus ünvanda “Zenner 4” markalı **********3 nömrəli qaz sayğacı çıxarılaraq, yeni “Zenner G-4” markalı **********874 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan “Zenner smart sayğaca olan ödənişlər” çıxarışından görünür ki, **********20000 abonent kodu üzrə Vasif Əliyev küçəsi ev 96B ünvanında **********874 saylı sayğaca 26.02.2021-ci il tarixdə 03.03.2022-ci il tarixinədək 84 ay müddətində yekun ödənilən məbləğ 1044 manat təşkil edir. İş materiallarında olan 23.11.2021-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 11/2021-ci il üçün 1721,22 manat borc hesablanmışdır. İş materiallarında olan Gasrep sənədindən görünür ki, 2016-cı ilin sentyabr ayı üçün iddiaçının **********20000 saylı abonent hesabına 2444,3 manat borc yazılmışdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Z.Kərimov küçəsində yerləşən 96B saylı fərdi yaşayış evində qazdan qaz sayğacı vasitəsilə istifadə edir, həmin ünvan üzrə onun **********01930 saylı abonent hesabına 2016-cı ilin sentyabr ayı üçün cavabdeh tərəfindən 2444,30 manat borc yazılmışdır, həmin borcdan onun tərəfindən qismən tutulmalar aparılmışdır, təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 26.02.2021-ci il tarixdə yenisi ilə əvəz edilmişdir, iddia tələbi 1721,22 manat borcun silinməsi barədədir. Bununla belə, borc hesablanmasına əsas verən, həmçinin vaxtaşırı ödənişlər haqqında tələblər üzrə müddətin keçməsini istisna edən, müddətin axımının kəsilməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən, vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirdiyindən, müddətin axımının kəsilməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbi nəzərə alınaraq cavabdeh tərəfindən iddiaçının **********20000 saylı abonent hesabına 2016-cı ilin sentyabr ayı üçün hesablanmış məbləğdən 1721,22 manat qalıq borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə, iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı **********00030 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 1721,22 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarından və iddianın qiyməti 1000 manatdan çox (1721,22 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 37,21 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********20000 saylı abonent koduna hesablanmış 1721 (min yeddi yüz iyirmi bir) manat 22 (iyirmi iki) qəpik məbləğində borc silinsin. Cavabdehndən 37 (otuz yeddi) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar