Məhkəmə qərarları › İş №2(011)-8386/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8386/2023

26.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8386/2023 26.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona hesablanmış 1.015,20 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, İsmayılov küçəsi ev 61 A ünvanında yerləşən evdə yaşayır. Qeyd edilən yaşayış evi iddiaçıya məxsusdur və həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və iddiaçı ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasıda qazın alqı-satqısı” barədə müqavilə imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən iddiaçıya məxsus ünvanda Smart-kart tipli sayğac quraşdırılmışdır. İddiaçı har ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin cavabdehin əməkdaşları tərəfindən dəfələrlə sayğaclar çıxarılaraq yoxlamaya aparılmışdır. Bundan sonra iddiaçı sayğacların hara aparılmasını bilməmiş, bu barədə iddiaçıya hər hansı bir məlumat verilməmişdir. Lakin iddiaçıya məxsus köhnə sayğac aparılandan sonra cavabdehin əməkdaşları həmin sayğaca müdaxilənin aşkar edilməsini bildirmiş və cavabdeh tərəfindən iddiaçıya 1.015,20 manat zərər hesablanmışdır. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla hesablanmasını soruşanda, cavabdeh iddiaçıya aktı təqdim edərək, kənar təsir nəticəsində Smart kart tipli sayğacın xarab olmasını bildirmiş və bu əsasla qeyd edilən borcun hesablanmasını demişdir. İddiaçıya məxsus Smart kart tipli sayğac çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuşdur. Halbuki, həmin plomblar cavabdehin əməkdaşları tərəfimdən vurulmuş və sayğac açılan zaman da sayğacda olan plomblar cavabdehin əməkdaşları tərəfindən açılmışdır. Yəni cavabdeh iddiaçını sayğacın kənarı təsir nəticəsində xarab olmasında təqsirləndirərək, ona əsassız borc hesablasa da, onu nəzərə almamışdır ki, sayğacın içində hər hansı bir kənar təsirin edilməsi üçün açmaq gərəkdir. Sayğaca vurulmuş plombları qırmadan bunu etmək mümkün deyil. Beləliklə də sayğaca vurulmuş plombların qırılmamasını nəzərə alsaq, bir daha görmək olar ki, iddiaçı tərəfindən plomb qırılmadan sayğaca müdaxilə edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O, izahatında bildirmişdir ki, sayğac atasının adına qeydiyyata alınmış, lakin hazırda onun istifadəsindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən evdə quraşdırılmış sayğac iddiaçının atasının adına rəsmiləşdirilmişdir və hazırda iddiaçının istifadəsindədir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 avqust 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı evdə yerləşən sayğacın klapanının işlək vəziyyətdə olmadığı, yivli birləşmələrin korroziyaya uğradığı, sayğacda ALARM-1 rejimin təyin olunduğu və sayğacın istismara yararsız olduğu müəyyən olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentə 2013-cü ilin noyabr ayında 237.60 manat, 2023-cü ilin avqust ayında 777.60 manat olmaqla, cəmi 1.015,20 manat borc hesablanmışdır və həmin borc məbləği cavabdeh tərəfindən iddiaçıdan tələb edilir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı onun atasının adına rəsmiləşdirilsə də, hazırda iddiaçının istifadəsindədir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana baxış keçirilən zaman sayğacın istismara yararsız olması aşkar edilərək akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ondan borc tələb edilmişdir. Məhkəmə iddiaçının istifadəsində olan abonent hesabına 2013-cü ildə hesablanmış 237.60 manat məbləğində borca münasibətdə qeyd edir ki, borcun hansı akta əsasən, nə səbəbdən tələb edilməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, cavabdeh tərəfindən cərimənin yazılmasına əsas olan hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə iddiaçının istifadəsində olan abonent hesabına yazılmış 237.60 manat məbləğində borcun ondan tələb edilməsinin qanunsuz olduğu qənaətinə gəlir. Məhkəmə iddiaçının istifadəsində olan abonent hesabına 2023-cü ildə hesablanmış 777.60 manat məbləğində borca münasibətdə qeyd edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının istifadəsində olan abunə koduna hesablanmış 777.60 manat borc silinməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan **********00611 saylı abunə koduna 2013cü ildə hesablanmış 237.60 manat, 2023-cü ildə hesablanmış 777.60 manat olmaqla, ümumilikdə 1.015,20 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 30.16 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan **********00611 saylı abunə koduna 2013-cü ildə hesablanmış 237.60 manat, 2023-cü ildə hesablanmış 777.60 manat olmaqla, cəmi 1.015,20 (bir min on beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 30.16 (otuz manat on altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar