Məhkəmə qərarları › İş №2(011)-8447/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8447/2025

26.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8447/2025 26.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 172J nömrəli bağ evində quraşdırılmış qaz sayğacına görə iddiaçının adına açılmış **********70000 saylı abonent koduna Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 8812,80 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 172J nömrəli bağ evi iddiaçıya məxsusdur. Evdə quraşdırılmış qaz sayğacı iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı sözügedən ünvanda ilin isti vaxtlarında yaşayır. Ona görə də təbii qazdan istifadə etmək zərurəti yaranmır. Cavabdeh İB-nin əməkdaşları xx.xx.2023-cü il tarixdə iddiaçının məlumatı olmadan sözügedən ünvana gəlmiş, guya iddiaçının təbii qazdan qeyri-qanuni, sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini əsas gətirərək akt tərtib etmiş, iddiaçıya itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə ona məxsus **********70000 saylı abonent koduna 8812,80 manat məbləğində borc yazmışdırlar. Sözügedən akt istehlakçının iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Qeyd edilən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı kimi ağlabatan da deyildir. Bu ondan irəli gəlir ki, Cavabdeh İB sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları iddiaçıya məxsus ünvanda mövcud olan cihazları və onların saatlıq sərfiyyatı əsas götürməklə hesabat aparmışdırlar. Aparılmış hesabatda guya iddiaçıya məxsus ünvanda PQ-4 tipli qaz peçinin, QSSQ-nin, İran sobasının və Dəmir sobanın mövcud olmasını qeyd etmişdirlər. Birliyin əməkdaşları PQ-4 tipli qaz peçinin maksimal saatlıq qaz sərfiyyatı 1,2 kub/metr, QSSQ-nin maksimal saatlıq qaz sərfiyyatı 3,0 kub/metr, dəmir sobanın saatlıq qaz sərfiyyatı 1,4 kub/metr, İran sobasının saatlıq qaz sərfiyyatı 1,5 kub/metr, cihazların orta günlük iş rejimini 24 saat olmaqla 360 gün üçün hesabat aparmışdırlar. Hər hansı qaz cihazının bir il ərzində 24 saat fasiləsiz işləməsi mümkün deyil. Bu bütün cihaz istehsalçıları tərəfindən qadağan olunur. Digər tərəfdən 360 günün böyük əksəriyyəti ilin isti vaxtına təsadüf etdiyini nəzərə alınsa, bu dövrdə istilik qaz cihazlarından istifadə etmək zərurəti yaranmır. Birlik tərəfindən aparılan hesablamalar da ağlabatan deyil. Belə ki, Birliyin əməkdaşları yalnız PQ-4 tipli qaz peçinə görə iddiaçıya 10368 kub metr qaz sərfiyyatı hesablamışdır. Bunun manat ekvivalenti 1244,16 manat təşkil edir. Əgər Birliyin əməkdaşları tərəfindən aparılmış hesablamalara inanılsa, iddiaçı yalnız PQ-4 tipli qaz peçinə görə gündəlik 3,45 manat ekvivalentində təbii qaz istehlak etmişdir. Bu isə heç bir halda həqiqəti əks etdirmir. Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiya üzvlərinin heç birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Tərəflərin mövqeləri: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, izahatında bildirmişdir ki, fərdi yaşayış evinə qazn sayğacı 2010-cu ildə quraşdırılmışdır. Cavabdehin borc hesabladığı ünvan ümumiyyətlə ona məxsus evin ünvanı ilə üst-üstə düşmür. Təqdim edilmiş foto-şəkillər də sözügedən fərdi yaşayış evinə aid deyildir. Hesablanmış borc məbləği sonradan, yəni, yeni sayğac quraşdırıldıqdan sonra ona məlum olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda abonentin sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi barədə qeydlər aparılmışdır. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən dəymiş ziyanın həcminin 73440 m3 olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun 2023-cü ilin aprel ayı üzrə 8812,80 manat məbləğində borcunun olması əks olunmuşdur. İşin müəyyən edilən halları: İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Albahlıq yaşayış massivində yerləşən 172J nömrəli fərdi yaşayış evi üzrə **********70000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilmiş pozuntuya əsasən 73440 m3 miqdarında ziyan dəyməsi müəyyən olunmuş və 8812,80 manat məbləğində dəymiş zərərin iddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. Hazırda İddiaçı Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 8812,80 manat məbləğində borcun silinməsini tələb edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllə: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. xx.xx.2026-cı il tarixədək qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13, 8-1 hissə. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: Bənd 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.3. Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bənd 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Maddə 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Mülki prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsi ilə təsdiq edilməli olduğunu qeyd edir. Hazırda da həmin vaxt qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində də sübut edilməli olan halın, yəni baş vermiş zərərin məhz istehlakçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olmasının yalnız göstərilən sübutetmə vasitəsi ilə təsdiq olunmalı olduğu nəzərdə tutulur. Belə ki, qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ, onun qazın talanmasında təqsirli olması faktı müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə əsaslı hesab olur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi halı yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş akt əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin sözügedən qanunun tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, akt tərtib edilərkən onun bir nüsxəsi həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq nə iddiaçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət təqibi orqanına təqdim edilməmiş, beləliklə də iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən olunmamışdır. Beləliklə, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması iş materialları ilə müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, cavabdehin hesabladığı borc əsassızdır. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə qeyd edir ki, iddiaçı istehlakçı kimi qanunla dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutulmalıdır. Ona görə iddianın qiymətinə uyğun olaraq 108,12 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 172J nömrəli fərdi yaşayış evi üzrə İddiaçı məxsus **********70000 nömrəli abonent koduna hesablanmış 8812,80 manat məbləğində borc silinsin. 108,12 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar