Məhkəmə qərarları › İş №2(011)-8499/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8499/2025

13.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8499/2025 13.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı Cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 14-2-2/3-1K-3217/2025 saylı, 01 oktyabr 2025-ci il tarixli əmrin ləğv edilməsinə, onun əvvəl işlədiyi Cavabdeh Bakı Regional Qazın Satışı Departamenin (hal hazırda Bakı Qaz İstismarı İdarəsinin) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsində 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi peşəsinə, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı zaman həmin vəzifə mövcud olmadıqda isə ona uyğun vəzifəyə, məcburi iş buraxdığı dövrdə ona ödənilməli olan əmək haqqının ona ödənilməsinə, ona ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş əmək haqqının 1%ni və ona yaşatdıqları mənəvi iztrablara görə 30.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, o xx.xx.2008-ci il tarixində ARDNŞ Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamenti 14 saylı Mənzil İstismar Sahəsinə 2-ci dərəcəli nasos qurğusunun maşinisti peşəsinə qəbul olunmuşdur. xx.xx.2012-ci il tarixdə öz xahişi ilə həmin vəzifədən azad olunmuşdur. xx.xx.2021-ci il tarixində Azərbaycan Dövlət Neft Şirkəti nəzdində Cavabdeh Bakı Regional Qazın Satışı Departamenti üzrə Xəzər rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixində Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti üzrə Xəzər rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsindən qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər yanında fəhlə vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə uyğun olaraq aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə Birliyin Bakı Regional Qazm Satışı Departamentinin Qazm balansı, satışı və müştəri xidmətləri şöbəsində 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi peşəsinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə onun razılığı və məlumatı olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq xitam verilmişdir. Göründüyü kimi o Cavabdeh İB-də müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi müddət ərzində daim işinə məsuliyyət ilə yanaşmışdır. Ona görə də işlədiyi dövr ərzində intizam tənbehilə bağlı heç bir cəza almamışdır. Lakin buna baxmayaraq Cavabdeh İB-nin tərkibində olan Bakı Regional Qazın Satışı Departamenin ləğvi əsas gətirilərək Birlik tərəfindən onunla bağlanmış əmək müqaviləsinə 14-2-2-13-1K- 3217/2025 saylı, 01 oktyabr 2025-ci il tarixli əmr ilə xitam verilmişdir. Cavabdeh qurum aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yuxarıda qeyd etdiyi əmr verərkən əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə verilmiş əmr ləğv olunmalı, o işə bərpa olunmalıdır. Onun himayəsində üç azyaşlı uşaq var. Ailədə yeganə qazanc əldə edən şəxs odur. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə o çox çətin maddi və mənəvi çətinliyə məruz qalmışdır. Ona görə də hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə verilmiş əmr ləğv olunmalı, o işə bərpa olunmalıdır. Bundan əlavə məcburu işburaxmağa görə ona əmək haqqı da ödənilməlidir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etmədiklərini, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İş materiallarında olan 01 oktyabr 2025-ci il tarixli əmrə əsasən işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, ştatların ixtisar edilməsi nəticəsində xitam verilməsi əmr edilmişdir. Əmrin verilməsi üçün əsas kimi X2 razılığı və İddiaçı xəbərdarlıq məktubu göstərilmişdir. İş materiallarında olan AZE 12555888 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X1 xx.xx.2010-cu il tarixdə dünyaya gəlmişdir. Onun atası İddiaçı, anası isə X4r. İş materiallarında olan AZE 11752324 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə dünyaya gəlmişdir. Onun atası İddiaçı, anası isə X4r. İş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə dünyaya gəlmişdir. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”nin sürətinə əsasən X11 xx.xx.2025-ci il tarixdə doğulmuşdur. Onun atası İddiaçı, anası isə X4r. İş materiallarında olan ******* saylı əmək kitabçasına əsasən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəznində Cavabdeh Bakı Regional Qazın Satışı Departamenti üzrə Xəzər rayonu Ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı RQSD üzrə Xəzər rayonu Ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsindən qaz avadalıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi əsasında bir il müddətinə Birliyin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsində 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi peşəsinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi) onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu pəşədən azad edilmişdir. İş materiallarında olan insan resursları şöbəsinin rəisinin, hüquq və uyğunluq şöbəsinin böyük hüquq məsləhətçisinin, həmkarlar təşkilatının üzvünün xx.xx.2025-ci il tarixli aktına əsasən xx.xx.2025-ci il tarixində Bakı RQİİ-nin inzibati binasında Bakı RQSDnin Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərləri İddiaçı, X7 Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli 14-2/3-1İ-41/2025 saylı əmri ilə ştatların ixtisar olunması ilə əlaqədar Bildiriş təqdim edilmişdir və onlar Bildirişlə tanış olmuşlar lakin tanış olmaqları haqqında imza etməkdən imtina etmişlər. İş materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən onun ştatının ixtisar olunduğuna dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli əmrə əsasən SOCAR-in Cavabdeh (Birlik) hüquqi şəxs statusuna malik olmayan Metrologiya Departamenti, Təmir-tikinti İdarəsi və Anbar təsərrüfatı ləğv edilməsi, Birliyin hüquqi şəxs statusuna malik olmayan Sumqayıt Qaz İstismarı Sahəsinincbazasında hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Sumqayıt Regional Qaz İstismarı İdaresi, hüquqi şəxs statusuna malik olmayan Baki Regional Qazın Satışı ve Baki Regional Qaz İstismarı Departamentlərinin bazasında hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Bakı Regional Qaz İstismarı İdarəsi yaradılmışdır. İş materiallarında olan 21 iyul 2025-ci il tarixli Rəyasət Heyətinin iclasının nəticəsi barədə məktubuna əsasən Cavabdeh Birliyin Bakı Regional Qazın Satışı Departamenti ve Baki Regional Qaz İstismar Departamenti üzrə isçilər ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" (isçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Həmkərlar İttifaqı Komitəsi Rəyasət Heyətinin 21 iyul 2025-ci il tarixli qərara əsasən bağlanmış əmək müqavilələrinə xitam veriləcək işçilərin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İddianın hüquqi əsasları: Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi.

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 2-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır.

Maddə 12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: a) müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Maddə 71. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür

3. işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

Maddə 76. Əmək müqaviləsinə xitam verilməsini məhdudlaşdıran şərtlər

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

Maddə 80. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi zamanı razılaşmalar

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin X2 qabaqcadan razılığı alınmaqla xitam verilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

Maddə 84. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin (sərəncamın, qərarın) məzmunu.

1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda işəgötürən dövlət və ya bələdiyyə orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

Maddə 172. Əmək haqqının verilməsi müddətləri

1. Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər.

2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.

3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

6. İşçinin əmək kitabçasının bu Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd: Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

Maddə 300. Əmək müqaviləsinə xitam verilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək də işəgötürənin vəzifəsidir. İşəgötürən işçilərin sayını və ştatları ixtisar etmək hüququndan istifadə edərkən, ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalıdır. İşçinin əmək müqaviləsi bu əsasla ləğv edilərkən də qanunvericiliyin tələblərinə əməl edilməlidir. Hazırkı işdən görünür ki, əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən bu kateqoriya işlər üzrə qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndindəki əsasla əməkmüqaviləsi ləğv edilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin)və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bunun üçün isə işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən etməli, bu zaman onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Məhkəmə qeyd edir ki, işçinin peşakarlıq səviyyəsinin qiymətləndirilməsində işəgötürənin mülahizə sərbəstliyi olsa da, bu qiymətləndirmə ən azından aparılmalı, müqayisəli analizin nəticələri təqdim edilməli idi. Bunun əksi hüquqdansui-istifadə olmaqla, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməzliyi kimi təməl prinsiplərin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə İddiaçı 2021-ci ildən cavabdeh təşkilatda çalışmış, ixtisarlar aparılanadək Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin qazın balansı, satışı və müştəri xidmətiləri şöbəsində 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi peşəsində işləmiş, eyni zamanda öhdəsində 4 nəfər 16 yaşına çatmayan uşağı vardır. Cavabdeh isə ixtisar aparılarkən işdə saxlanılmış şəxslərə münasibətdə hansı kriteriyaların nəzərə alındığını, iddiaçının işəgötürənin mülahizəsinə əsasən hansı kriteriyalara cavab vermədiyini əsaslandırmamış, bu barədə hər hansı dəlil, sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində ixtisar zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsi sadalanmışdır, işin halları ilə isə sübut olunmuşdur ki, iddiaçı bu dairədə olan şəxsdir. Belə ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda digərləri ilə yanaşı öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara üstünlük verilməlidir. İddiaçının öhdəsində isə 4 nəfər 16 yaşına çatmamış uşaqların olduğu, həmin məhkəməyə təqdim edilmiş sənədlər, həm də elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında təsdiq olunmuşdur. Digər tərəfdən cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən qanunun X2 qabaqcadan razılığının alınması barədə tələbinə də əməl edilməmişdir. Belə ki, iş materiallarına olan Həmkarlar İttifaqı Komitəsinin “ siyahıda qeyd olunan işçilərinəmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir” məzmunlu, xx.xx.2025-ci il tarixli məktub və müvafiq qərar əlavə edilsə də, bu sənədlər özlüyündə X2 qabaqcadan razılığının alındığını təsdiq edən sənəd kimi çıxış edə bilməz. Ona görə ki, ilk növbədə Həmkarlar İttifaqı tərəfindən “siyahıda adları qeyd olunan işçilərin əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmir” məzmunlu qərarı hazırkı iş üzrə iddiaçıya aidiyyəti hissədə əsaslandırılmamışdır. Bununla yanaşı, qanuna əsasən, Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə təqdimat hazırlanmalı və ən əsası Həmkarlar İttifaqının razılığı əsaslandırılmış qərar formasında ifadə edilməlidir. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən Həmkarlar İttifaqı Komitəsinə ümumi məzmunlu məktub göndərilərək siyahıda adları qeyd olunan şəxslərin əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi xahiş edilmiş, komitə isə cəmi 3 gün sonra əsaslandırılmamış qərar qəbul etmiş və cavab məktubu tərtib edərək qaldırılan məsələyə etiraz etmədiklərini bildirmişdir. Halbuki, qanuna əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə təqdimat hazırlanmalı, təqdimata dair iclas keçirilməli və ən əsası həmkarlar ittifaqının qərarı işçiyə münasibətdə əsaslandırılmalıdır. Lakin hazırki mülki iş üzrə işəgötürənin əsaslandırlmış təqdimatı, təqdimata dair keçirilmiş iclasın protokolu təqdim edilməmişdir ki, bu da onu deməyə əsas verir ki, məsələyə həddən artıq formal yanaşılmış, məsələ ilə bağlı ümumiyyətlə hər hansı iclas keçirilməmiş, iddiaçının iştirakı təmin edilməmiş, fikri dinlənilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən silsilə pozuntulara yol verilmişdir ki, bu da əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvinə əsas verir. Bununla da, məhkəmə hesab etmişdir ki, “əmək müqaviləsinə xitam verilməsihaqqında” 14-2-2/3-1K-3217/2025 saylı, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi hissədə iddia təmin edilməli, eyni zamanda bu tələb əsaslı olduğundan iddiaçının işə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının ödənilməsi ilə bağlı tələblər də təmin olnmalıdır. Məhkəmə iddiaya ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş əmək haqqının 1% hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, əmək qanunvericiliyinin tələblərinə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir və əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Lakin hazırki mülki iş üzrə faktiki olaraq iddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərinə xitam verilmişdir ki, sonradan əmək münasibətlərinə xitam verilməsinə dair əmrin ləğv edilməsi məcburi işə buraxılma ilə bağlı əməkhaqqının hesablanalaraq ödənilməsi əsas verir. Qeyd edilən hal, əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirilməsi kimi qiymətləndirilə bilməz. Odur ki, iddia qeyd edilən hissədə əsassız hesab edilərək təmin edilməməlidir.

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 14-2-2/3-1K-3217/2025 saylı, 01 oktyabr 2025-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdeh Bakı Regional Qazın Satışı Departamenin (hal hazırda Bakı Qaz İstismarı İdarəsinin) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsində 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi peşəsinə, həmin vəzifə mövcud olmadıqda isə ona uyğun vəzifəyə bərpa edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan dövr üçün ona əmək haqqı hesablanaraq ödənilsin. İddia qalan hissədə təmin edilsin. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar