Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-851/2022 25.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı Bəyverdi oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun və sayğacın dəyərinin silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə 744,40 manatın və 235,88 manat sayğacın dəyərinə görə tələb olunan borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda ünvan 1 ünvanında yerləşən 51 saylı evdə yaşayır. Həmin evə dair Cavabdeh İB ilə evin keçmiş mülkiyyətçisi olan iddiaçının atası arasında qazın alğı-satqısına dair müqavilə bağlanmışdır. İddiaçının atası hazırda vəfat etmişdir. Həmin müqavilə nəticəsində mənzilə smart tipli, G-4 markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçı evində quraşdırılmış qaz sayğacının blokda olduğunu görmüş, cavabdeh təşkilata müraciət etdikdə ona borcu ödədikdən sonra adına müqavilə bağlanacağı bildirilmişdir. İddiaçı tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mənzilə aid abonent hesabı iddiaçının atasının adına olmuş, onun atası X2 09 iyul 2019-cu ildə vəfat etmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, abonentin 744,40 manat borcu mövcuddur. Məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən mənzildə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 744,40 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh təşkilat tərəfindən iki dəfə cərimələnmişdir. İlk cərimə 2012-ci ildə 425 manat, növbəti cərimə isə 2016-cı ildə 372 manat olmaqla iddiaçının abonent saldosuna yazılmışdır. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı işə Azərbaycan Respublikası MM-nin 373.3-cü maddəsinə əsasən iddia müddətini tətbiq etməklə 425 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə qiymət verərək hesab edir ki, cavabdehin nümayəndəsi hazırkı ərizə ilə məhkəməyə müraciət etsə də, onun göstərdiyi əsaslar üzrə ərizə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə görə, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq belə hesab edir ki, mübahisəli ünvanın abunə koduna Cavabdeh İB tərəfindən yazılmış son borc 2016-cı ilin fevral ayında olmuşdur. Həmin tarixdən cavabdeh təşkilat tərəfindən mübahisəli ünvanın abunə koduna yazılmış borc məbləği tələb edilməmiş, vaxtaşırı ödənişlərlə bağlı borcun tələb edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş beş illik müddət ötürülmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtda istinad edilən öhdəlik mövcud olmamışdır. Mövcud olmayan öhdəlik üzrə Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilən müddət tətbiq edilə bilməz. Məhkəmə iddia tələbinin 235,88 manat sayğacın dəyərinə görə tələb olunan borc məbləğinin silinməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, iddiaçı sayğacın dəyərinə görə tələb olunan borcun silinməsini xahiş etsə də, həmin borc məbləğinin yaranması əsasını təşkil edən hər hansı akt məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən 51 saylı evin **********01190 saylı abunə koduna hesablanmış 744,40 manat məbləğində borca münasibətdə öhdəlik mövcud olmadığından iddia təmin edilməli, 744,40 manat abonentin hesabından silinməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan az olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1.000 manatdan az olduğundan və iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 238-253, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən 51 saylı evin **********01190 saylı saylı abunə koduna hesablanmış 744,40 (yeddi yüz qırx dörd manat qırx qəpik) manat məbləğində borc abonentin hesabından silinsin. Cavabdeh İB-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-851/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-851/2022
25.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver