Məhkəmə qərarları › İş №2(011)-853/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-853/2025

29.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-853/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, Ərizəçi Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Ərizəçi xx.xx.2006-cı il təvəllüdlü X2 anasıdır. X6 hal-h hal-hazırda xəstədir və İ-ci dərəcəli əlildir. O, ərizəçinin himayəsindədir, həmçinin ərizəçi ona baxır və qulluq edir. Kənar şəxsin daimi ümumi qulluğuna ehtiyacı vardır. Daimi olaraq tərəflərindən ona qulluq və nəzarət edilir. Onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, onun adından rəsmi olaraq hər hansı iş görə bilmir. Habelə, qəyyumu kimi onun adından onlar övladı kimi çıxış edə bilmirlər

Ərizəçinin tələbi:

2. xx.xx.2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Ərizəçi xx.xx.2024-cü il tarixdə məhkəməyə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək xx.xx.2006-cı il təvəllüdlü qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən X5 qəyyum təyin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Maraqlı şəxsin etirazı:

4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

7. AZ-İ № 848769 nömrəli “Doğum haqqında Şəhadətnamə”yə əsasən xx.xx.2006-cı il təvəllüdlü X2 atası X8, anası isə Ərizəçidır.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X7 Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 1/4431 saylı Həkim Psixiatr Komissiyasının rəyi.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair sənədə əsasən X5 əsas diaqnoz F84.0 Uşaq autizmi, Kanner sindromu. Ünsiyyətə qoşulmur, özünə qapalıdır, ətrafa reaksiyası yoxdur. Ona edilən müraciətləri anlamır, özdaxili aləmindədir. Göz kontaktı qurmur, ünsiyyətə girmir, nitqi qüsurludur. Ağırlaşma F80.2 Reseptiv nitq pozğunluğu, Nitqi aydın deyil, söz ehtiyyatı azdır, fikrini çatdırmır, öz-özünə danışır. Ağırlaşma F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntuları. Yaddaşı və intellekti kəskin geridir. Davranışı çox narahatdır, aqressivdir. Nitqi qüsurludur. Ağırlaşma F80.1 Ekspressiv nitą pozğunluğu, Nitqin təsir və anlamaq qabiliyyətinin pozuntuları müşahidə olunur. Yanaşı xəstəliklər Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac, Fizioloji prosedurları və gigiyenik qaydalara əməl edə bilmir, daim qulluğa ehtiyacı var.

10. Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 807 saylı arayışa əsasən X1 qəsəbəsində 9-cu Əhmədli məhəlləsi 1, 33 saylı evdə yaşayır, Ağdam rayon məcburi köçkünüdür.

11. 10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 561 №-li rəyinə əsasən, Nəticə hissəsi: Motivləşdirici hissə. Yuxarıda göstərilənlərə əsasən belə qərara gəlirəm ki, X3 Uşaq autizmi (kanner sindromu) ağır dərəcəli əqli gerilik ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal- hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxsi erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqinin zəif inkişaf etməklə qeyri-aydın olması, Bakı Uşaq Nevroloji Xəstəxanasında, Psixi Sağlamlıq Mərkəzində müalicələrdə olması, sonradan isə yaşayış yeri üzrə psixiatrik qeydiyyata düşməsi, ona müvafiq müalicələr təyin edilməsi, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2023-cü il tarixdə müayinə edilərək "Əsas diaqnoz F84.0 Uşaq autizmi, Uşaq autizmi kanner sindromu, ağır kəmağıllıq qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə İQ-31 Ağırlaşma F90.1 Hiperkinetik davranış pozuntusu, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə" diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilməsi, əqli geriliyi, narahatlığı, yerinə düşməyən hərəkətlər etməsi və psixi pozuntularla əlaqədar hər-hansı bir işi müstəqil yerinə yetirə bilməməsi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı mimikasında laqeydlik biruzə verməsi, verbal kontakta praktiki olaraq daxil olmaması və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2006-cı il təvəllüdlü X6 ağıl zəifliyindən və ya ruhi xəstəlikdən əziyyət çəkirmi? Cavab: X3 Uşaq autizmi (kanner sindromu) ağır dərəcəli əqli gerilik ilə müəyyən edilir. 2-ci sual: xx.xx.2006-cı il təvəllüdlü X6 öz hərəkətlərinin mənasını başa düşüb öz hərəkətlərini idarə edə bilirmi? Cavab: X6 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 müəyyən edilən Uşaq autizmi (kanner sindromu) ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.

12. Digər sənədlər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.

16. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2006-cı il təvəllüdlü X4 atasıdır və oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur.

17. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X4 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı, tibbi və digər sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi (§11), habelə işin digər halları ilə tam sübuta yetirilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, X6 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir.

18. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən şəxsin öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı sübuta yetirildiyindən xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

Məhkəmə xərcləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Ərizəçi məcburi köçkün olduğundan dövlət rüsumunu ödəməkdən azad olan şəxslər koteqoriyasına aidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. xx.xx.2006-cı il təvəllüdlü, Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin.

3. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X2 üzərində qəyyum təyin edilməsi həvalə edilsin.

4. Ərizəçi dövlət rüsumunun ödənilməsindən azaddır.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar