Məhkəmə qərarları › İş №2(011)-8560/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8560/2023

25.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8560/2023 25.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacında baş vermiş nasazlıqlara görə iddiaçının **********00150 saylı abonent hesab nömrəsinə hesablanmış 486 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus evin abonent hesabına 04/2019-cu il tarixində Cavabdeh İB heç bir normativ hüquqi akta əsaslanmadan 486 manat məbləğində borc yazmışdır. Borcun yaranma əsası ilə bağlı iddiaçı maraqlandıqda bildirilmişdir ki, Cavabdeh İB-nin işçiləri iddiaçıya məxsus fərdi yaşayış evinin qaz sayğacını çıxardıb dövlət yoxlamasına göndərmişlər və dövlət yoxlamasına göndərilmiş qaz sayğacında guya müəyyən olunmuş texniki qüsurlara görə (akta, tələbnaməyə, İTRİ rəyinə əsasən) iddiaçının abonent hesabına 486 manat məbləğində borc yazılmışdır. İş materiallarında olan sübutlarla müəyyən edilir ki: xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən iddiaçıya məxsus yuxarıda qeyd olunan ünvandan çıxarılmış qaz sayğacı guya qaz sərfiyyatını qeyd etmir və bu səbəbə görə də çıxarılmışdır. xx.xx.2019-cu il tarixli dövlət yoxlamasının rəyinə əsasən müəyyən edilmişdir ki: 1102AQ**********6 nömrəli sayğaca ümumi baxış keçirilmişdir. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda - 100% nisbi xəta ilə işləyir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, plastmas boruda deşik aşkar olundu. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğacın klapanı işləkdir. Sayğacın yaddaş arxivi oxundu. Sayğac istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən edilmişdir ki: Cavabdeh İB-nin 29/1710-00653 saylı rəyinə əsasən 1102AQ**********6 nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən müəyyən edilmişdir (ƏSAS: xx.xx.2019-cu il tarixli, 29/1710-00653 saylı rəy): G-4 markalı 1102AQ**********6 nömrəli sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilərək qaz itkisi yaranmışdır. Yuxarıda qeyd olunan ünvanda quraşdırılmış qaz sayğacı iddiaçının adıma rəsmiləşdirilmişdir. İddiaçı qaz sayğacına müdaxilə etməmişdir. İddiaçı təbii qazdan hər zaman istifadəsində olan qaz sayğacı üzrə istifadə etmişdir, ödənişləri də vaxtı vaxtında etmişdir. Qaz sayğacının texniki vəziyyətində nasazlıq və s. qüsurlar aşkar edilmişdirsə, eləcə də qaz sayğacı istismara yararsız hala düşmüşdürsə bu hal iddiaçının təqsiri ucbatından baş verməmişdir. Qaz sayğacına müdaxilə etmişdirsə, texniki vəziyyəti nasaz vəziyyətə gətirilmişdirsə və ya sayğac istismara yararsız hala düşmüşdürsə bu hal küçədən keçən istənilən şəxs tərəfindən, iddiaçı ilə qərəzi və düşmənçiliyi olan şəxslər tərəfindən, o cümlədən də, qaz sayğacına özünə məxsus laboratoriyada birtərəfli qaydada baxış keçirən zaman Cavabdeh İB-nin öz işçiləri tərəfindən də qəsdli şəkildə törədilmiş ola bilər. Qaz sayğacında yaranmış texniki nasazlığa və digər qüsurlara görə istehlakçı qismində iddiaçıya 12960 m³ əlavə sərfiyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşdüyündən, belə olan halda abonent hesabına yazılmış 486 manat məbləğində borcun qanuni əsasını göstərmək öhdəliyi də Cavabdeh İB-nin üzərinə düşür. Azərbaycan Respublikasında təbii qazın istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyət "Qaz təchizatı haqqında" Qanun və "Qazdan istifadə Qaydaları" ilə tənzimlən tənzimlənir. Qeyd edilən Qanun və Qaydalarda istehlakçının təqsiri olmadan və ya təqsiri olmaqla qaz sayğacında yaranmış texniki qüsurlarla əlaqədar istehlakçıya əlavə sərfiyyat hesablanması və bu hesablamanın mexanizmi nəzərdə tutulmamışdır. İddiaçıya məxsus ünvanın abonent hesabına yazılmış 486 manat məbləğində borc qanunsuz və əsassız şəkildə hesablanıb yazılmışdır. Bu səbəbdən həmin borc məbləği abonent hesabından silinməlidir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: 30 aprel 2019-cu il tarixdə cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın çıxış plastas borusunun deşildiyi qeyd edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun 2019-cu ilin aprel ayı üzrə 486 manat məbləğində borcunun olması əks olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış borc iddiaçıdan tələb edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Məhkəmə belə qənaətə gəlir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00150 saylı abunə koduna hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar