Məhkəmə qərarları › İş №2(011)-8592/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8592/2025

12.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8592/2025 12.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qazın Regional Satışı Departamenti tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi və həmin akta əsasən iddiaçıya hesablanmış 245,4 manat borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış evi iddiaçıya məxsusdur. Həmin mənzilə mexaniki sayğac quraşdırılıb. İddiaçı daima sərf etdiyi qaza görə vaxtlı-vaxtında ödəniş edib. xx.xx.2025-ci il tarixdə Cavabdeh texniki qrupu həmin ünvanda yerləşən sayğaca baxış keçirmiş və güya qazdan istifadə olunduğunu aşkar etmişdir. Bu barədə bir neçə dəfə qanunsuz akt tərtib edilmişdir. İddiaçı həmin aktla razılaşmayaraq imza etməkdən imtina etmişdir. Bundan sonra Bakı Regional Qazın Satışı Departmenti itirilmiş təbii qazın dəyərinin hesablanmasının komissiyası tərəfindən dəymiş ziyanın bərpasına dair bir neçə dəfə tələbnamələr tərtib edilmişdir. İddiaçı, Cavabdeh əməkdaşlarına bu hesablanmanın, ümumiyyətlə tərtib olunmuş aktın əsassız olmasını bildirsə də onlar iddiaçının iradlarına məhəl qoymayıblar. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin tərtib etdiyi akt əsassız və qanunsuzdur. Ona görə də ləğv edilməli və həmin aktın əsasında hesablanmış cərimə silinməlidir. Əvvəla sayğaca baxış keçirilən zaman əgər kənar müdaxilənin olması müəyyən olunmuşdursa nəyə görə heç bir tədbir görülməmişdir. Bundan sonra bir neçə dəfə kənar müdaxilə haqqında akt tərtib edilmişdir, əgər belə bir şey olsa idi yəqinki iddiaçı bunu təkrarlamazdı. İkincisi iddiaçıya yazılan qaz sərfiyyatı həqiqətə uyğun deyildir. Çünki iddia ərizəsində əlavə edilən abonentin saldosundan da görünür ki, iddiaçı sayğacda problem yaranana qədər və bundan da sonra təxminən eyni dərəcədə qaz sərf edib. O da qeyd olunub ki, bütün qaz sayğacları küçələrdə yerləşdirilib və mühafizə qutuları ilə əhatə olunmamışdır. Hansı ki bu vəzifə birbaşa cavabdeh təşkilatın üzərinə düşür ki, bu da istehlakçı ilə cavabdeh arasında bağlanmış müqavilədə öz əksini tam tapmışdır. Məhz cavabdehin günahı ucbatından qaz sayğaclarının müqavilədə nəzərdə tutulmuş qaydada mühafizə edilməməsi, nəzarətin zəif olması nəticəsində mütəmadi olaraq bu cür problemlər yaranır və bu kütləvi hal almışdır, bu da istehlakçılarının hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş aktların əsasında hesablanmış qaz sərfiyyatı nəticəsində müəyyən edilmiş 245,4 manat cərimə silinməlidir. İddiaçı həmin evdə böyük bir ailə ilə yaşayır, ailəsində azyaşlı uşaqlar var. İddiaçının ailə vəziyyəti çox ağırdır. Ailənin yeganə qazanc gətirəni iddiaçıdır. O, günəmuzd işlərlə məşğul olur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, iddiaçıya X2nın pozulmasına görə hər hansı akt tərtib edilməmişdir. İddiaçının mübahisələndirdiyi 245,4 manat borc iddiaçı tərəfindən dəyəri ödənilmədən istifadə edilmiş qaza görə olan borcdur. İddiaçının qaz sayğacı mənfi hesablama apararaq, mexaniki hissənin qeydə aldığı qaz həcmini qeydə almamışdır. Buna görə də dəyəri ödənilmədən istifadə edilmiş qazın dəyəri istehlakçının abonent hesabına borc kimi daxil edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı aid sayğacın dəyişdirilməsi zamanı çıxarılan sayğacın mexaniki hissəsində göstərici 07947 m3, elektron hissəsində göstərici 05307,5 m3 olmuşdur. İş materiallarında olan İddiaçı aid olan **********00530 saylı abonentin saldosundan görünür ki, abonentin 2025-ci ilin oktyabr ayı üzrə cədvəlin “ayın sonuna borc” bölməsində 245,40 manat borcu mövcud olmuşdur. İş materiallarında olan Gasrep sistemindən elektron çıxarışın surətindən görünür ki, abonentin 2025-ci ilin avqust ayında 245,40 manat borcu olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-15-2-1/2-5154/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh İВ tərəfindən 2025-ci ilin may ayında abonentin smart tipli qaz sayğacı çıxarılaraq (növbəti əvəzləmə) yeni mexaniki tipli qaz sayğacı ilə əvəzlənmişdir. xx.xx.2025-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın təhlili göstərir ki, sayğacın elektron hissəsi işlək olmamış, yəni sayğacın kartına pul vəsaiti yükləmədən sayğac qazı buraxmışdır. Smart kart tipli qaz sayğaclarından keçən qazın həcmi elektron hissə ilə yanaşı sayğacın mexaniki hissəsində də qeyd edilir. Sözügedən qaz sayğacının çıxarılma aktında sayğacın mexaniki göstəricisinin 77947 m3, elektron göstəricisinin isə 5307,5 m3 olduğu qeyd edilmişdir. Yəni 7947 m3 - 5307,5 m3 = 2639,5 m3 qaz həcmindən dəyəri ödənilmədən istifadə edilmişdir. Qeyd edilən qaz həcminin 233,27 manat məbləğində ödənilməyən hissəsi 2025-ci ilin oktyabr ayında iddiaçının abonent bazasına daxil edilmişdir. xx.xx.2025-ci il tarixə yeni quraşdırılmış mexaniki sayğacdan keçən qaz həcminə görə abonentin 17,13 - 5 =12,13 manat borcu yarandığından, xx.xx.2025-ci il tarixə yekun borc məbləği 233.27 + 12,13 = 245,40 manat təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”-nın 3.1.10 bəndinin tələbinə qaz sayğacına baxış abonentin iştirakı ilə həyata keçirilməli və tərtib edilmiş aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin, sözügedən qaz sayğacının çıxarılmasında istehlakçının iştirakı təmin edilməmiş, çıxarılan sayğacın mexaniki göstəricisinin 7947 m3 olduğunu abonent təsdiq etməmişdir. Bu baxımdan iddiaçının abonent bazasına daxil edilmiş 233,27 manat borc məbləğinin düzgünlüyü tam təsdiqini tapmır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli aktla çıxarılan sayğacın elektron hissəsi işlək olmamış, yəni sayğacın kartına pul vəsaiti yükləmədən sayğac qazı buraxmışdır. Qaz sayğacının çıxarılma aktında sayğacın mexaniki göstəricisinin 77947 m3, elektron göstəricisinin isə 5307,5 m3 olduğu qeyd edilmişdir. Bu sərfiyyatın fərqi olan (7947 m3 - 5307,5 m3 = 2639,5 m3) qaz həcmindən dəyəri ödənilmədən istifadə edilmişdir. Qeyd edilən qaz həcminin 233,27 manat məbləğində ödənilməyən hissəsi 2025-ci ilin oktyabr ayında iddiaçının abonent bazasına daxil edilmişdir. xx.xx.2025-ci il tarixə yeni quraşdırılmış mexaniki sayğacdan keçən qaz həcminə görə abonentin 17,13 - 5 =12,13 manat borcu yarandığından, xx.xx.2025-ci il tarixə yekun borc məbləği 233.27 + 12,13 = 245,40 manat təşkil etmişdir. Bununla da iş materialları ilə müəyyən edilir ki, sayğacın elektron hissəsinin sönməsi zamanı sayğac təbii qazı buraxmışdır və abonent tərəfindən dəyəri ödənilmədən 2639,5 m3 qazdan istifadə edilmişdir. Bu qazın dəyəri 233,27 manat olmaqla, həmin borcun üzərinə debitor borc olan 12,13 manat borcu cəmlənmişdir və yekunda borc məbləği mübahisələndirilən 245,40 manat məbləğindəki borc olmuşdur. Məhkəmə qeyd edir ki, 2639,5 m3 qaz həcmi həmin dövrdə qüvvədə olan tarif üzrə hesabladıqda (2639,5x0,12) qazın dəyəri 316,74 manat təşkil edərdi. Məhkəmə hesab edir ki, 2639,5 m3 həcmində qazın abonent tərəfindən dəyəri ödənilmədən istifadə edildiyi müəyyən edildiyindən, həmin qaz həcminə görə borcun tutulması əsaslı hesab edilməlidir. Həmçinin həmin qaz həcminə görə cavabdeh təşkilatın hesabladığı borc hesablana biləcək borcdan daha az olduğundan (2639,5 m3 qaz həcminə görə 233,27 manat borc hesablanıb və debitor borc olan 12,13 manat borca əlavə olunub), borcun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. Həmçinin, iş materialları üzrə xx.xx.2025-ci il tarixli sayğacın dəyişdirilməsinə dair aktın məlumatları aparılmış sayğac dəyişikliyini əks etdirdiyindən, həmin aktın ləğvinə dair hər hansı əsaslar müəyyən edilməmişdir. Bundan savayı məhkəmə qeyd edir ki, qeyd olunan akt özü-özlüyündə hər hansı bir faktın və ya hadisənin baş verməsini təsdiq edən sənəddir. İş materiallarından da göründüyü kimi, iddiaçının mübahisələndirdiyi akt onun mənzilində quraşdırılmış sayğacın istismarı ilə bağlı müəyyən edilmiş nöqsanların (sayğacın elektron hissəsi ilə mexaniki hissəsi arasında fərqin) qeydiyyatının aparılması ilə bağlı cavabdeh tərəfindən tərtib edilmiş sənəddir. Bu baxımdan, akt sübut növlərindən biri kimi qəbul edilməlidir və hissədə də iddia təmin edilməməlidir. Odur ki, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən tərtib edilmiş akt ləğv edilməklə, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00010) İddiaçı 2025-ci ilin oktyabr ayı üçün hesablanmış 245,40 (iki yüz qırx beş manat qırx qəpik) manat borcun silinməsi barədə iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən tərtib edilmiş akt ləğv edilməklə, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00010) İddiaçı 2025-ci ilin oktyabr ayı üçün hesablanmış 245,40 (iki yüz qırx beş manat qırx qəpik) manat borcun silinməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar