Məhkəmə qərarları › İş №2(011)-864/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-864/2024

21.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-864/2024 21.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı, Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilməsi və hesablanmış 4622,28 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. O, verdiyi izahatında bildirmişdir ki, ünvanda sayğac 2023-cü ilin mart ayında quraşdırılmış, sayğac quraşdırılanadək Cavabdeh İB tərəfindən qaz xətti çəkildikdən sonra 18 gün müddətində qaz xəttinə qoşulmuşdur. Lakin həmin dövrdə qazın təzyiqi olmadığına görə evdə təbii qazdan istifadə edə bilməmişdirlər. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin halları İstehlakçı İddiaçı barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023cü il tarixli ******* nömrəli aktlar tərtib edilmiş, aktlarda abonentin qeydiyyatsız təbii qazdan istifadə edildiyi, kənar xəttin aşkarlandığı qeyd edilmişdir. Bundan sonra istehlakçı barəsində X1 dari Tələbnamələr tərtib edilərək istehlakçının **********00037 kodlu abonent hesabına 2022-ci ilin dekabr ayı üzrə 3638,80 manat, 2023-cü ilin yanvar ayı üzrə 475,20, fevral ayı üzrə isə 475,20 manat məbləğində borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, onun evində 1 ədəd 4 gözlü qaz plitəsi quraşdırımışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Məhkəmə qeyd edir ki, iddiaçı ünvanda qaz sayğacı quraşdırılanadək qaz xəttinin çəkildiyini bildirsə də, verdiyi izahatında qeyd etmişdir ki, qazın təzyiqi olmadığına görə qazdan istifadə edə bilməmiş və, bununla bağlı Cavabdeh İB-nə müraciət etmişdir. Belə olan halda, iddiaçıya aid ünvan üzrə çəkilmiş qaz xətti vasitəsilə qaz təchizatının həqiqətən də aparıldığı və iddiaçının bundan istifadə edərək qazdan qeyri-qanuni istifadə etdiyi yuxarıda qeyd edilən qaydada müvafiq dövlət qurumları tərəfindən aparılan araşdırma nəticəsində sübuta yetirilməlidir. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan qanunsuz olaraq tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş akt əsasında 4579.2 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia təmin edilməli və Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış 4579.2 manat məbləğində borc silinməlidir. İddiaçı tərəfindən silinməsi tələb edilən qalan borc məbləği, yəni 43,08 manat məbləğində borc istehlak edilmiş qazın dəyərinə görə hesablandığına görə, iddia qeyd edilən məbləğin silinməsi hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 65.89 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu **********00037) hesablanmış 4579,2 (dörd min beş yüz səksən doqquz manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 65.89 (altmış beş manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar