Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8668/2025 02.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddia tələbi: İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhər, Suraxanı rayonu, Zığ qəsəbəsi, Cənub-Şərq hissə, ev 153 ünvanında quraşdırılmış qaz sayğacına görə iddiaçının adına açılmış **********00000 saylı abonent koduna 29 iyun 2018-ci il tarixli, ******* nömrəli akt əsasında yazılmış 1944,0 manat və xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında yazılmış 1036,80 manat, 2020-ci ilin avqustunda yazılmış 1931,65 manat olmaqla, ümumilikdə 4912,45 manat məbləğində borcun əsassız hesab edilərək, silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmişdirlər. Əvvəlki sayğac iddiaçıya məxsus ünvandan çıxarıldıqdan sonra müayinə olunması üçün Birliyə məxsus laboratoriyaya aparılmışdır. Sayğac laboratoriyada iddiaçının iştirakı olmadan müayinə olunmuş, laboratoriya tərəfindən verilmiş 28 iyun 2018-ci il tarixli rəy əsasında məlum olmuşdur ki, guya iddiaçıya məxsus ünvandan çıxarılmış qaz sayğacının çıxış plastmas borusu deşilmişdir. Buna görə də 29 iyun 2018-ci il tarixli, 017271 1 nömrəli akt tərtib olunaraq iddiaçının adına açılmış **********00000 saylı abonent koduna 1944,0 manat əsassız borc yazılmışdır. Birliyin əməkdaşları tərəfindən 2020-ci ilin avqustunda sayğacın mənfiyə işlədiyini əsas gətirərək iddiaçının adına açılmış **********00000 saylı abonent koduna 1931.65 manat əsassız borc yazılmışdır. Bundan əlavə Birliyin əməkdaşları 26 avqust 2022-ci il tarixində yenidən iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz sayğacını əvəzləmişdirlər. Həmin sayğac da iddiaçıya məxsus ünvandan çıxarıldıqdan sonra müayinə olunması üçün Birliyə məxsus laboratoriyaya aparılmışdır. Sayğac laboratoriyada iddiaçının iştirakı olmadan müayinə olunmuşdur. Laboratoriya tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli rəyə əsasən məlum olmuşdur ki, guya sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissəsi deşilib, sayğacın gövdəsi kənar təsir nəticəsində əzilmişdir. Buna görə də, sayğac istismara yararsız hesab edilmişdir. Birliyin əməkdaşları bu hala görə xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib etmiş, iddiaçının adına açılmış **********00000 saylı abonent koduna 1036,80 manat məbləğində əsassız borc yazılmışdır. Birliyin əməkdaşları sayğacda baş vermiş nasazlıqlara görə iddiaçını təqsirili hesab edərək, iddiaçıya ümumilikdə 2980 manat məbləğində əsassız borc yazmışdır. İddiaçı təbii qazdan həmişə qanunauyğun formada, qaz sayğacı vasitəsi ilə istifadə etmişdir. Buna baxmayaraq Birlik yuxarıda qeyd olunan borcun yaranması üçün əsas kimi qaz sayğacında müəyyən nasazlıqların olmasını göstərmişdir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclası barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, baxış iclasında iştirak edə bilməyəcəyini və baxış iclasını iştirakı olmadan keçirib iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Abonentin saldosundan görünür ki, X1 (abonent kodu: **********00170) 2018-ci il üzrə 1944 manat, 2022-ci il üzrə isə 1036.80 manat olmaqla, ümumilikdə 2980 manat borcu vardır. Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktların surətindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş, müvafiq olaraq “sayğacın çıxış plastmas borusu deşilib” və “mexaniki qoruyucu hissəsinin alt hissəsi deşilib” kimi qeyd edilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 115.0.1 şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin çıxışını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktların surətində müvafiq olaraq “sayğacın çıxış plastmas borusu deşilib” və “mexaniki qoruyucu hissəsinin alt hissəsi deşilib” kimi qeyd edilsə də, cavabdeh iddiaçının təqsiri üzündən həmin qüsurun yaranması ilə bağlı, həmçinin iddiaçının yaşadığı evinə dair hesablanmış 2980.80 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən borcun məbləği 4912.45 manat qeyd edilsə də, işdə olan sübutlarla borcun 2980.80 manat hesablandığı təsdiq edilir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00000) dair hesablanmış 2980.80 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumunun əvəzi olaraq 49.8 manat; Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi qismən təmin edildiyindən cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 49.8 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, QƏT ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən yaşayış evi ilə bağlı qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********00000) hesablanmış xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 1944 manat borc, xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 1036.80 manat borc olmaqla, cəmi 2980.80 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdeh İB-dən 49.8 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-8668/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8668/2025
02.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver