Məhkəmə qərarları › İş №2(011)-8704/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8704/2021

24.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8704/2021 24.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı notariat ofisinə qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynovanın “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi haqqında” 12.04.2021-ci il tarixli qərarının ləğv edilməsi, 08.10.2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Xətai rayonu,Naximov küçəsi, ev 45, 37 saylı mənzilə dair vəsiyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynovanın 12.04.2021-ci il tarixli qərarı ilə 08.10.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka vəsiyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Aşağıda göstərilmiş əsaslara görə imtina əsassız və qanunsuz hesab edilməlidir. İstinad edilmiş notariusun qərarından göründüyü kimi, notarius 08.10.2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni almaq üçün mülkiyyət hüququnu təstiq edən sənədin 14.10.2020-ci il tarixdə verildiyini, yeni miras qoyanın ölümündən sonra əldə edildiyini, miras qoyanın vəfatından sonra əldə edilmiş sənəd əsasında vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin qeyri-münkün olduğunu əsas olaraq göstərmişdir. Belə bir nəticəyə gələrkən notarius AR MM-nin 1166-cı maddəsinə görə fiziki şəxsin ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir neçə şəxsə qoya bilməsinin mümkün olduğuna istinad etmişdir. Notariusun imtina qərarında əsas götürdüyü hal işin həqiqi halları və qanunvericiliyin tələbləri ilə tam təkzib olunur. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi,ev 45, 37 saylı mənzildə qeydiyyatda olmuş və yaşamış mərhum X7 ailəlikcə yaxın münasibətdə olduğu qonşusu olmuş, qeyd edilmiş mənzildə o, əvəllər həyat yoldaşı X8 birlikdə yaşamış, onların birgə nikah münasibətlərindən 08.09.1982-ci il tarixdə X11 adında bir övladları olmuş, X8 aralarındakı nikah 09.10.1991-ci ildə ləğv edildikdən sonra Yelena Savinova həmin mənzildə oğlu Maksim Strekalovla birlikdə yaşamağa davam etmiş, uzün müddət astma xəstəliyindən əziyyət çəkən oğlu Maksim Strekalov 01.11.2011-ci ildə vəfat etmişdir. Atası X14 15.10.2000-ci ildə, anası X5 07.02.2001-ci ildə vəfat etdiklərindən, o, 2011-ci ildən tək, kimsəsiz yaşamış, son 5 ildə isə o, əziyyət çəkdiyi xəstəliklərdən çox böyük çətinliklərlə məhdud şəkildə hərəkət etdiyindən,onun maddi və hər cür yardıma ehtiyacı olmuş və ailə üzvülər ilə birlikdə ona mütəmadi olaraq təmənnasız olaraq maddi və lazım olan hər cür köməklik göstərmişdir. Son bir ildə mərhum ona etdiyi köməyin qarşılığında yaşadığı mənzili ona bağışlamaq istədiyini bildirmiş və bu məqsədlə də yaşadığı, order əsasında ona məxsus mənzili özəlləşdirmək, adına reyestrdən çıxarış almaq üçün ona 07.08.2020-ci il tarixdə etibarnamə vermiş, həmin etibarnamə əsasında tərəfindən DƏDRX-nə müvafiq sənədlər təqdim edilmiş, DƏDRX tərəfindən verilmiş təstiqetmə bildirişindən göründüyü kimi, reyestrdən çıxarış 16.09.2020-ci il tarixdə hazır olmalı olduğu halda, həmin tarixdə sənəd hazır olmamış və çıxarışın verilmə tarixi 16.10.2020-ci ilədək uzadılmışdır. Bu müddət ərzində mərhum ona məxsus mənzilinin çıxarışı 16.10.2020-ci il tarixdə hazır olacağını bildiyindən və sanki öləcəyini hiss etdiyindən,onun təkidi və dəvəti ilə iki dəfə Bakı şəhəri 40 saylı Notariat ofisinin notariusu Şəhla Hüseynova mənzilə gəlmiş, əvvəl 06.10.2020-ci il tarixdə mərhumun özünə məxsus olan əmlakı, o cümlətən,yaşadığı saylı mənzili ona bağışlamasına dair vəsiyyətnamə tərtib edilmiş və imzalanmış, 07.10.2020-ci il tarixdə isə notariusun təklifi və qonşular X9 və X2 iştrakı ilə, yeni vəsiyyətnamə tərtib edilmiş və məhhum tərəfindən imzalanmışdır. Notarius ikinci vəsiyyətnamənin reyestrdə qeydiyyatdan keçirilmiş, 08.10.2020-ci il tarixdə isə X7 vəfat etmişdir. Onun vəfatından altı gün sonra, yəni 14.10.2020-ci il tarixdə mərhumun adına reyestrdən çıxarış verilmişdir. AR MM-nin 1151.1-ci maddənin tələblərinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. İş materiallarından məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 45, 37 saylı mənzil ilkin order əsasında mərhum X4 sahibliyində istifadəsində olmuş, sağlığında həmin mənzili özəlləşdirmək və adına reyestrdən çıxarış almaq məqsədi ilə DƏDRXnə müraciət edilmiş, çıxarış 16.09.2020-ci ildə hazır olmalı olduğu halda,hazır olma vaxtı reyestr xidməti orqanı tərəfindən 16.10.2020-ci il tarixədək uzadılmış, 07.10.2020-ci il tarixdə mərhum sahibliyində və sərəncamında olan həmin mənzilə dair adıma vəsiyyətnamə qoymuşdur. Hesab edir ki, mərhumun sağlığında sahibliyində, istifadəsində, sərəncamında olan və öz iradəsi ilə bağışladığı halda həmin əmlaka dair mülkiyyət hüququnun dövlət reyestrində ölümündən 6 gün sonra qeydiyyata alınmasına dair sənədin verilməsi həmin sənəd əsasında vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsində imtina edilməsi üçün əsas kimi qəbul edilə bilməz.. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhəri 40 saylı notariat ofisinə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdr. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, İddiaçı qonşusudur. İddiaçı, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi,ev 45, 37 saylı mənzildə qeydiyyatda olmuş və yaşamış mərhum X4 ailəlikcə yaxın münasibətdə olduğu qonşusu olmuşdur. Yelena Qeorqiyevna qeyd edilmiş mənzildə əvvəllər həyat yoldaşı X8 birlikdə yaşamış, onların birgə nikah münasibətlərindən 08.09.1982-ci il tarixdə X11 adında bir övladları olmuş, X8 aralarındakı nikah 09.10.1991-ci ildə ləğv edildikdən sonra Yelena Savinova həmin mənzildə oğlu Maksim Strekalovla birlikdə yaşamağa davam etmiş, uzün müddət astma xəstəliyindən əziyyət çəkən oğlu Maksim Strekalov 01.11.2011-ci ildə vəfat etmişdir. Atası X14 15.10.2000-ci ildə, anası X5 07.02.2001-ci ildə vəfat etdiklərindən, o, 2011-ci ildən tək, kimsəsiz yaşamış, son 5 ildə isə o, əziyyət çəkdiyi xəstəliklərdən çox böyük çətinliklərlə məhdud şəkildə hərəkət etdiyindən, onun maddi və hər cür yardıma ehtiyacı olmuşdur. İddiaçı və ailə üzvülər ilə birlikdə Savinova Yelenaya mütəmadi olaraq təmənnasız şəkildə maddi və lazım olan hər cür köməklik göstərmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 06.10.2020-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X7 vəfat etdiyi günə qədər özünə məxsus olan bütün əmlakı, o cümlədən, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 45, 37 saylı mənzili X6 vəsiyyət etmişdir. Vəsiyyətnamə Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynova tərəfindən təsdiqlənmiş və reyestrdə 2V-180 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 07.10.2020-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakını İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə şahidlər X9 və X2 iştrakı ilə Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynova tərəfindən təsdiqlənmiş və reyestrdə 2V-181 nömrə ilə qeyd edilmişdir. İİ-JQ seriyalı, 394194 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 X7 arasında nikah 05.09.1980-ci il tarixdə qeidə alınmışdır. Vİİİ-JQ seriyalı, 482699 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 08.09.1982-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X13, anası qrafasında X7 qeyd edilmişdir. İİ-JQ seriyalı, 309056 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 X7 arasında olan nikah 09.11.1991-ci il tarixdə ləğv edilmişdir. İddia ərizəsinə əlavə olunmuş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 atası X14 15.10.2000-ci ildə, anası X5 07.02.2001-ci ildə, oğlu isə X12 01.11.2011-ci ildə vəfat etmişdir. İddia ərizəsinə əlavə olunmuş AZ-İİ seriyalı, 129488 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 08.10.2020-ci ildə vəfat etmişdir. Daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 45, 37 saylı mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət 14.10.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri ofisinin xüsusi notariusu Ş.M.Hüseynovanın “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi haqqında” 12.04.2021-ci il tarixli qərarından görünür ki, 08.10.2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün İddiaçı təqdim etdiyi sənədlərə baxış keçirərkən məlum olmuşdur ki, mülkiyyət hüququnu təsdiq edən sənəd 14.10.2020-ci il tarixdə, yəni miras qoyanın ölümündən sonra əldə edilmişdir. Mülkiyyət hüququnu təsdiq edən sənəd miras qoyanın ölümündən sonra əldə edildiyi üçün vərəsəyə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, qərardan məhkəməyə şikayət vermək hüququ izah olunmuşdur. Azərbaycan Respublikasının MM-nin: Maddə 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyikimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və yamüqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda mülkiyyət hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (§103). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1166-cı maddəsinin tələbinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1-ci maddəsinin tələbinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla Avropa İnsan Hüquqları Məhkəməsinin förmalaşdırdığı presedent hüququna əsasən Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 45, 37 saylı mənzilin X4 mülkiyyəti sayılması, bu səbəbdən də həmin mənzilin İddiaçı vəsiyyət olunmasının qanunvericiliyin tələblərinə uyğun olması, həmin mənzilə dair iddiaçıya vəsiyyət üzrə vərəsəlik hüququ haqqına şəhadətnamənin verilməsindən imtina barədə Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynovanın 12.04.2021-ci il tarixli qərarının əsassız olması müəyyən edildiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynovanın “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi haqqında” 12.04.2021-ci il tarixli qərarı ləğv edilsin. 08.10.2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 45, 37 saylı mənzilə dair vəsiyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi cavabdeh Bakı şəhəri 40 saylı notariat ofisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar