Məhkəmə qərarları › İş №2(011)-8716/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8716/2025

24.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8716/2025 24.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 835,04 manat məbləğində borcun əsassız və qanunsuz hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Qeyd edilən yaşayış evi iddiaçıya məxsusdur və həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmişdir. 2025-ci ilin oktyabr ayında əsassız olaraq 592 manat məbləğində borc yazılmışdır. Abonent saldosunda qeyd edildiyi kimi, 2025-cilin sentyabr ayında 100 manat ödəniş edilmiş və həmin ayın sonuna 213,64 manat borc olmuşdur. 2025-ci ilin oktyabr ayında isə 29,40 manat məbləğində sərfiyyat olmuş, lakin yekunda 835,04 manat məbləğində borc olduğu qeyd edilmişdir. Yazılan borc əsassız və qanunsuzdur. Fərdi yaşayış evi olaraq o qədər sərfiyyatın olması ağlabatan deyil. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçıya məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış, “Azəriqaz” İB Sumqayıt RQİİ-də Şahməmmədov İskəndər İnqilab oğlunun adına qeydiyyata alınmış qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edib borcunu ödəmədiyi üçün qeyd olunan borc məbləği yaranmışdır. İddiaçı İskəndər Şahməmmədovun əsasız hesab edərək silinməsi tələbi ilə məhkəməyə müraciət etdiyi 835,04 manat borc məbləği itirilmiş qaz sərfinə yaxud dəymiş ziyana görə hesablanmış məbləğ yox, abonentin istehlak etdiyi təbii qaz sərfinə görə müəyyən edilmiş məbləğdir və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tam həcmdə ödənilməlidir. Abonentin əsassız olaraq silinməsi tələbi ilə məhkəməyə müraciət etdiyi 835,04 manat borc məbləğinin 592,00 manat hissəsi ünvan üzrə xx.xx.2021ci il tarixdə quraşdırılmış 1002AQ**********7 nömrəli, “Smart G-4 İtron” markalı sayğac üzrə sərf edilmiş lakin dəyəri ödənilməmiş qaz həcminin dəyəridir. Belə ki, iddiaçı tərəfindən imzalanmış “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı aktdan məlum olur ki, 1002AQ**********7 nömrəli, Smart G-4 İTRON markalı sayğacın mexaniki göstəricisi 41856 m3 təşkil edir. İddiaçı tərəfindən isə 39420 m3 qaz həcminin dəyəri ödənilmişdir və dəyəri ödənilmədən istifadə edilən qaz həcmi 2436 m3 təşkil edir ( 39420 m3 - 41856 m3 = 2436 m3 ) İddiaçının abonent saldosuna əlavə edilmiş 592,00 manat məbləğ iddiaçı tərəfindən istifadə edilərək dəyəri ödənilməmiş 2436 m3 qaz həcminin dəyəridir. Sayğacın mənfiyə işləməsi sayğacın üzərində dəyəri ödənilməyən qaz həcminin təyin olunması deməkdir. Smart tipli məişət qaz sayğaclarının istismarı zamanı sayğacların mənfiyə işləməsi halları mümkündür. Bu barədə informasiyalar sayğacların texniki pasportlarında da qeyd olunur. Sayğac mənfiyə işlədiyi dövr ərzində faktiki istifadə edilmiş qazın sərfi barədə məlumat istehlakçı kartı sayğaca daxil edildikdə kartın yaddaşına ötürülür. Lakin bu məlumatın sistemə ötürülməsi kart növbəti dəfə ödəniş terminalına daxil edildikdə baş verir. Kartdan sayğaca ödənişin yüklənməsi zamanı mənfiyə işləmə ilə bağlı istifadə olunmuş, lakin dəyəri ödənilməmiş sərfiyyatın qalıq kreditor məbləğ balansın qarşısında - m3 əks olunur, G-4 və G-6 “İTRON” tipli qaz sayğaclarında menyu 10 bölməsində də, əks olunur. Yəni sayğacın üzərində dəyəri ödənilməyən qaz həcminin olmasını istehlakçı sayğacın ekranında görür və bu barədə məlumatlı olur. İddiaçı barəsində Azəriqaz İB tərəfindən hər hansı bir akt tərtib olunmamış, iddiaçıdan ödənilməsi tələb olunan 404,00 manat onun faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi qazın dəyəridir. Tərəflərin mövqeləri: İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh İB-nin nümayəndələri hər mütəmadi olaraq sayğaclara baxış keçirərək yoxlayırdılar. Bu yoxlanışlar zamanı sayğacın mənfiyə işləməsindən məlumatları olmaması ağlabatan deyil. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan Cavabdeh İB tərəfindən iddiaçının adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, **********54800 nömrəli abonentə məxsus “Smart Kart” tipli, G4 markalı köhnə qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İddiaçı adına olan abonent saldosunun “ayın sonuna borc” bölməsində onun 2025-ci ilin oktyabr ayı üzrə 835,04 manat məbləğində borcunun olması qeyd edilmişdir. İşin müəyyən edilən halları: İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********54800 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, **********54800 nömrəli abonentə məxsus “Smart Kart” tipli, G4 markalı köhnə qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Sayğac dəyişdirildikdən sonra iddiaçıya 2025-ci ilin oktyabr ayında 592 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı X1 Cavabdeh İB tərəfindən hesablanmış 835,04 manat məbləğində borcun silinməsini tələb edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası Maddə 26, İİ hissə. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə” Qaydaları: Maddə 2.2.2. İstehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Maddə 2.3.1. Qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Maddə 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısının əməkdaşları xx.xx.2024-cü il tarixdə mübahisəli ünvanda sayğaca baxış keçirmiş və qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Sayğac dəyişdirilən zaman onun sonuncu mexaniki göstəricisi 41856 m3 olmuşdur. Abonent saldosundan isə iddiaçının həmin sayğacın istismar müddətində 39420 m3 həcmində qaz sərfiyyatına görə ödəniş etdiyi müəyyən olumuşdur. Abonent saldosundan görünür ki, iddiaçı tərəfindən sonuncu dəfə 2023-cü ilin sentyabr ayında 10 manat məbləğində, yəni 50 m3 həcmində smart karta ödəniş edilmişdir. Həmin vaxtı sayğacın elektron göstəricisi 39370 m3 olmuş, sonuncu ödənişlə birlikdə smart sayğacdakı ödənilmiş cəmi sərfiyyatın həcmi 39420 m3 olmuşdur. İşin hallarından müəyyən edilir ki, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin may ayına qədər, yəni sayğac dəyişdirilənə qədər iddiaçıya məxsus olan mənzildə sayğac işlək olmadığı üçün ödənişlər aparılmadan təbii qazdan istifadə olunmuşdur. Bu hal həm iddiaçının izahatı ilə, həm abonent saldosu ilə sübut olunur. Beləliklə, qeyd olunan GPG10156037 (1002A8**********7) nömrəli smart tipli G4 markalı qaz sayğacı mübahisəli mənzildə 2011-ci ildən istismarda olmuş, 2024-cü ilin may ayında sayğacın element daşı bitdiyi üçün sayğac sökülmüş və yeni sayğacla dəyişdirilmişdir. xx.xx.2024-cü il tarixdə sayğac sökülərkən mexaniki göstərici 41856 m3 olmuşdur. Mexaniki göstərici ilə elektron göstərici arasındakı fərq sayğacın işləmədiyi dövrdə istehlak olunan təbii qaza görə yaranmışdır. Borc hesablanan qazın həcmi ilə bağlı məhkəmə qeyd edir ki, sayğacın mexaniki göstəricisi olan 41856 m3-dən, abonent tərəfindən ödəniş edilmiş 39420 m3 qaz həcmi çıxıldıqdan sonra qalan 2436 m3 qaz sərfiyyatına görə 592 manat borc hesablamaqda cavabdeh təşkilat haqlı olmuşdur. Beləliklə, məhkəmə işin məhkəmə iclasında araşdırılan hallarına əsasən bu nəticəyə gəlir ki, mübahisələndirilən borc məbləği mənzildə istehlak edilmiş və sayğacın mexaniki göstəricisinə əsasən hesablanmış təbii qazın dəyəridir. Ona görə də, İddiaçı Cavabdeh İByə qarşı “borcun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar