Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8768/2025 27.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 901,73 manat məbləğin iddiaçının hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 67B, mənzil 1 ünvanında yerləşən mənzildə Cavabdeh İB tərəfindən sayğac dəyişdirilərək yeni smart kart tipli sayğac quraşdırılmışdır. Cavabdeh İB tərəfindən köhnə qaz sayğacı aparıldıqdan sonra sayğacda problem olması və cərimə ödəməli olması ilə bağlı məlumat verilmişdir. Həmin mənzildə olan qazdan istifadəyə görə yaranmış borclar aybaay ödənilmişdir. İndiyə qədər təbii qazdan istifadə borcuna görə hər hansı mübahisə olmamışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək, bildirmişdir ki, cavabdehin yaşadığı ünvanda birdən artıq ailə yaşasa da, əvvəl bir ümumi qaz sayğacı olmuş, ümumi sayğacın göstəriciləri hər mənzilə uyğun bölünərək ayrı-ayrı abonentlərin borcu hesablanmışdır. Sonradan hər mənzilə ayrıca qaz sayğacı qoyulmuş və ümumi sayğacda qalan qalıq borc da yenə eyni qaydada bölünərək hər mənzilə uyğun yeni qaz sayğaclarına və abonentlərin hesab kodlarına qeyd edilmişdir. 10 ildən artıq vaxt keçdiyi üçün qeyd etdiyi əməliyyatlarla bağlı sənədlər Cavabdeh İB-də saxlanılmır. Lakin, iddiaçının mənzilinə heç vaxt təbii qadan istifadə qaydalarının pozulması ilə bağlı akt tərtib edilməmiş və akt borcu hesablanmamışdır, hesablanan borc yalnız sərfiyyat borcudur. İş materiallarında olan: Qaz paylayıcısı ilə məişət qaz qurğusu isitfadəçisi arasında qazın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Abonentin saldosundan görünür ki, **********20010 saylı abonent kodu İddiaçı adınadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı iddia tələbində Cavabdeh İB tərəfindən təbii qazdan istifadəyə görə hesablanmış borcun cərimə kimi hesablandığını və əsassız olduğunu iddia edərək, 901,73 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi bildirmişdir ki, cavabdehin yaşadığı ünvanda birdən artıq ailə yaşasa da, əvvəl bir ümumi qaz sayğacı olmuş, ümumi sayğacın göstəriciləri hər mənzilə uyğun bölünərək ayrı-ayrı abonentlərin borcu hesablanmışdır. Sonradan hər mənzilə ayrıca qaz sayğacı qoyulmuş və ümumi sayğacda qalan qalıq borc da yenə eyni qaydada bölünərək hər mənzilə uyğun yeni qaz sayğaclarına və abonentlərin hesab kodlarına qeyd edilmişdir. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 67B ünvanında əvvəl ümumi qaz sayğacının olması, mənzilinə ayrıca qaz sayğacının sonradan quraşdırılması ilə bağlı faktları təsdiq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 67B ünvanı üzrə daha əvvəl ümumi qaz sayğacı olmuş, sonradan iddiaçının ünvanı ünvan 1 mənzilinə ayrıca qaz sayğacı quraşdırılmış və ümumi borcdan payına düşən qalıq məbləğlər onun sayğacına və abonent koduna hesablanmışdır. İddiaçının ünvanına təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı akt tərtib edilməmiş, akt borcu hesablanmamışdır. Beləliklə, müəyyən edilr ki, iddiaçıdan yalnız istehlak etdiyi qaza əsasən hesablanmış sərfiyyat borcu tələb edilmişdir. Bu səbəbdən də hesablanmış borcun silinməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli.
Məhkəmə qərarları › İş №2(011)-8768/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8768/2025
27.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver