Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8795/2025 13.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Kazımova Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı - Cavabdeh ilə bağlanılan bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə və hüquqi nəticələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qızıdır. Mübahisəli mənzil 2018-ci ildən iddiaçıya və ailəsinə məxsus olan mənzildir. Elə o zamandan da ailəsi ilə bərabər 3 otaqdan ibarət olan mənzilinə köçmüş və hazırda da həmin mənzildə yaşayırlar. İddiaçı bildirir ki, bir neçə vaxt bundan əvvəl onun çox ciddi maliyyə problemləri yaranmış, bir neçə şəxslərə borcu var idi. Çox narahatçılıq keçirirdi. Boclu olduğu şəxslər onu ailəsini təhdid edirdi. Mənzilini əlindən alacaqları ilə hədələyirdilər. İddiaçı qızına bu barədə bildirmiş və belə qərara gəlmişlər ki, mənzili formal olaraq qızı Cavabdeh bağışlasın. 2024-cü ilin noyabr ayında mənzili qızına bağışlamışdır. Mənzil qızının mülkiyyətindədir. Bu gün yeganə yaşayış yeri olan mənzilin geri qaytarmağı istəyir. İddiaçı hesab edir ki, bağlanılan bağışlanma müqaviləsi qanunun tələbini pozmaqla bağlandığından etibarsız hesab edilməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi və bildirdi ki, həyat yoldaşının işləri ilə bağlı maliyyə problemləri olmuşdur, borclular onu incitdiyinə görə mənzili müvəqqəti olaraq qızına bağışlamışdır, hazırda isə problem aradan qalxmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və əvvəlki prossesdə verilən izahatı çıxış kimi qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddia tələbini qəbul edirlər, iddiaçı müvəqqəti olaraq evi qızına bağışlamışdır, qızı bu halı təsdiq edir, cavabdehin həmin evə dair heç bir tələbi yoxdur,cavabdehin ayrıca evi vardır, mübahisəli mənzildə iddiaçı ailəsi ilə birgə yaşayır. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, Məhəmməd Hadi küçəsi, ev 68, 76 saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, Məhəmməd Hadi küçəsi, ev 68, 76 saylı mənzil (Yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, giriş 344, M14, m4) üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2024-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli daşənmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, Məhəmməd Hadi küçəsi, ev 68, 76 saylı mənzilini Cavabdeh bağışlamışdır. xx.xx.2025-ci il tarixli **********42 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən, tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddələrinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığınınayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd edilən Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli müqavilənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, Məhəmməd Hadi küçəsi, ev 68, 76 saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, Məhəmməd Hadi küçəsi, ev 68, 76 saylı mənzil (Yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, giriş 344, M14, m4) üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2024-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli daşənmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, Məhəmməd Hadi küçəsi, ev 68, 76 saylı mənzilini Cavabdeh bağışlamışdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. Beləliklə, əqdin etibarlı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə əqdi bağlamış tərəflərin bağışlamanın həyata keçirilməsi barədə iradəsinin olub-olmaması aydınlaşdırılmalıdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən bağışlama müqaviləsi görünüş üçün bağlanan uydurma əqd hesab olunmalıdır. Çünki uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edir ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. İddiaçı mübahisəli daşınmaz əmlakı bağışlamaq niyyətinin olmadığını, cavabdeh isə həmin müqavilənin iddiaçının borclarından yayınmaq və tələbin həmin əmlaka yönəldilməsinin qarşısının alınması məqsədi ilə bağlanmasından məlumatlı olmuşdur. Məhkəmə qeyd edir ki, sübutetmə yükü baxımından uydurma əqdin yalnız görünüşdə bağlandığını, yəni uydurma əqd olmasını sübuta yetirmək vəzifəsi iddiaçınn üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddia tələbini qəbul edirlər, iddiaçı müvəqqəti olaraq evi cavabdeh olan qızına bağışlamışdır, qızı da bu halı təsdiq edir, cavabdehin həmin evə dair heç bir tələbi yoxdur, cavabdehin ayrıca evi vardır, mübahisəli mənzildə iddiaçı ailəsi ilə birgə yaşayır. Odur ki, məhkəmə mülki iş üzrə əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Məhkəmə iddianın cavabdehin adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi hissəsinə də münasibət olaraq bildirir ki, çıxarışın verilməsinə əsas hesab edilən bağışlama müqaviləsi yuxarıda qeyd edilən səbəblərdən etibarsız hesab edildiyindən çıxarış ləğv olunmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilməli və iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** nömrəli çıxarış ləğv edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçının məhkəmə xərcləri ilə bağlı tələbi olmadığından məhkəmə xərcləri (dövlət rüsumu) iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilsin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** nömrəli çıxarış ləğv edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-8795/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8795/2025
13.01.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver