Məhkəmə qərarları › İş №2(011)-88/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-88/2024

03.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-88/2024 03.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə 26 may 2021-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7637/2017 saylı, 02 avqust 2017-ci il tarixli icra olunmuş icra sənədi üzrə mübahisəni barışıq yolu ilə qurtarmaq məqsədi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı cavabdehlərlə 26 may 2021-ci il tarixdə barışıq sazişi imzalamışdır və saziş Bakı şəhəri 12 saylı notariat ofisində təsdiq edilərək qeydiyyata alınmışdır. Barışıq sazişinə əsasən iddiaçı və bacısı Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 8 saylı evin ataları X2 mülkiyyətində olmuş 12/1 hissə üzrə vərəsəlik paylarından Cavabdeh2 xeyrinə imtina edərək həmin miras əmlak üzrə birinci növbəli vərəsə kimi Cavabdeh2 vərəsə payı ayrılmasına etiraz etməmiş və iddiaçı 2 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 8 saylı evdən 10 gün müddətində qeydiyyatdan çıxmağına dair öhdəlik götürmüşdür. Cavabdeh2 isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7637/2017 saylı, 02 avqust 2017-ci il tarixli icra sənədi üzrə özünün, həyat yoldaşı Cavabdeh3, 14 fevral 2006-cı il təvəllüdlü X3 və 29 iyul 2007-ci il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzilindən istifadə hüquqlarından (mənzildə yaşamaq hüquqlarından) imtina edərək həmin mənzildən 10 gün müddətində ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı və uşaqları ilə birlikdə) qeydiyyatdan çıxmaları barədə öhdəlik götürmüşlər. Cavabdehlər tərəfindən qeyd olunan sazişin tələbləri icra edilməmişdir. Bu səbəbdən də cavabdehlərlə 26 may 2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 12 saylı notariat ofisində təsdiq edilmiş barışıq sazişinin ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılmaq məcburiyyətindədir. Cavavdehlərlə bağlanmış barışıq sazişinin 6-cı bəndinə əsasən tərəflər sazişin 1-ci, 2-ci və 3-cü bəndləri ilə üzərlərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə, əqdin etibarsızlığının nəticələri ilə bağlı qanunvericilikdə müəyyənləşdirilmiş qaydalar tətbiq edilir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək onun təmin edilməsini xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında 26 may 2021-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Sazişin şərtlərinə əsasən İddiaçı və Cavabdeh1 atalarının mülkiyyətində olmuş 1/12 hissə üzrə vərəsəlik paylarından Cavabdeh2 xeyrinə imtina etmişlər və həmin miras əmlak üzrə birinci növbəli vərəsə kimi Cavabdeh2 vərəsə payı ayrılmasına etiraz etməmişlər. Sazişə əsasən iddiaçı 2 azyaşlı uşağı ilə birlikdə həmin evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Sazişin şərtlərinə əsasən Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7637/2017 saylı, 02 avqust 2017-ci il tarixli icra sənədi üzrə özünün, həyat yoldaşı Cavabdeh3, 14 fevral 2006-cı il təvəllüdlü X3 və 29 iyul 2007-ci il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzilindən istifadə hüquqlarından (mənzildə yaşamaq hüquqlarından) imtina edərək həmin mənzildən 10 gün müddətində ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı və uşaqları ilə birlikdə) qeydiyyatdan çıxmaları barədə öhdəlik götürmüşdür. Tərəflər arasında “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və miras payın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair mülki iş Azərbaycan Respublikası Mülki kollegiyasının icraatında olan zaman 31 may 2021-ci il tarixli 2(102)- 2654/2021 saylı qərardadla icraata xitam verilmiş və tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilmişdir. İddiaçı cavabdehlərdən Cavabdeh2 və N.Cəbrbayılovanın qərardadla təsdiq edilmiş sazişin şərtlərinə əməl etməmələrini əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2-ci maddəsinə görə barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hazırkı iddia tələbinə qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli qərardadına istinad edərək məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması barədə iddiaya əqdin etibarsızlığına dair qanunda nəzərdə tutulan ümumi əsaslarla baxılmasını zəruri hesab edir. Mülki Məcəllənin 339-347-ci və digər maddələrində müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hallar göstərilmişdir. Məhkəmə Məcəllənin etibarsızlıqla bağlı təsbit etdiyi dispozitiv şərtləri hazırkı mübahisəyə tətbiq edərək belə qənaətə gəlir ki, sazişin şərtlərinin cavabdehlər tərəfindən icra edilməməsi müqavilənin etibarsız sayılması üçün əsas deyil. Hazırkı hal sazişin məcburi icrasının tələb edilməsi üçün əsasdır. İddiaçı tərəfindən müqavilənin etibarsızlığına dəlalət edən digər əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçı məhkəmə iclasında bildirmişdir ki, barışıq sazişi onun hüquqlarının pozulması ilə bağlanıb, belə ki, şərtlər hər iki tərəfə eyni üstünlüklər vermir. İddiaçı miras əmlakda olan payından qardaşının xeyrinə imtina etdiyi halda qardaşı yalnız evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının bu dəlilinə münasibətdə qeyd edir ki, barışıq sazişinin etibarsız sayılması üçün istinad olunan hal əsas sayıla bilməz. Odur ki, iddiaçı iddiasının əsasını təşkil edən hallaarı məhkəmə araşdırması zamanı sübuta yetirə bilmədiyindən hazırkı iddia rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar