Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8917/2023 29.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********00394 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Mənzilə quraşdırılmış sayğac yenisi ilə əvəz edilərək, bu barədə ******* saylı akt tərtib edilmişdir.
2. 28.02.2023-cü il tarixdə cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın boş rejimə işləməsi barədə qeyd aparılmaqla, Bakı Regional Qaz İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 17280 m3 olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun 2023-cü ilin fevral ayı üzrə 2073,60 manat məbləğində borcunun olması əks olunmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
3. İddiaçı cavabdeh tərəfindən ona hesablanmış 2073,60 manat mələğində borcun əsassız hesab edilərək silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, yuxarıda qeyd edilən ünvanda yerləşən evdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə cavabdeh tərəfindən qaz xətti çəkilmişdir. Həmin ünvanda smarlkart sayğac quraşdırılmışdır. O, hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin cavabdehin əməkdaşları tərəfindən sayğacı çıxararaq yoxlamaya aparılmış. Bundan sonra o, sayğacın hara aparılmasını bilməmiş, bu barədə ona hər hansı bir məlumat verilməmişdir. Lakin ona məxsus köhnə sayğac aparılandan sonra cavabdehin əməkdaşları həmin sayğaca müdaxilənin aşkar edilməsini bildirilmiş və cavabdeh tərəfindən ona 2073,60 manat zərər hesablanmışdır. Bundan sonra o, cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla hesablanmasını soruşanda, cavabdeh ona Aktı təqdim edərək, kənar təsir nəticəsində ona məxsus Smart kart tipli sayğacın xarab olması bildirmiş və bu əsasla ona qeyd edilən borcun hesablanmasını demişlər. Ona məxsus Smart kart tipli sayğac çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuşdur. Halbuki, həmin plomblar cavabdehin əməkdaşları tərəfindən vurulmuş və sayğac açılan zaman da sayğacda olan plombla cavabdehin əməkdaşları tərəfindən açılmışdır. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
6. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
7. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
8. Maddə 13, 8-1 hissə. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
9. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
10. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
11. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
12. 4.1-ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
13. 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
14. 4.3-cü bəndinə əsasən Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir.
15. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
16. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
17. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.
22. Yuxarıda qeyd edilən müddəalardan da göründüyü kimi, qanun istehlakçıların qazla təmin edilməsi üçün qazın alqı-satqı müqaviləsinin bağlanmasını, eyni zamanda, qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən aktın tərtib edilərək müqaviləyə əlavə edilməsini vacib hesab etmişdir. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın yuxarıda göstərilən müddəlarının tələblərindən görünür ki, istehlakçılar olan məişət abonentlərinin qaz sayğacı ilə təchiz edilməsi onların özləri tərəfindən deyil, müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti quraşdırılmalı olan qaz sağaclarının tipini təsdiq etməklə, onların dövlət reyestrini və sertifikatlaşdırılmasını həyata keçirir, bundan sonra istehlakçı ilə qaz paylayıcı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddinin müəyyən edilməsi barədə akt tərtib edilməklə məişət qaz istehlakçıları sayğacla təmin edilirlər.
23. Bütün qeyd edilən tədbirlər yerinə yetirildikdən və istehlakçılar sayğacla təmin edildikdən sonra istehlakçılarla qazın alqı-satqısı barədə müqavilənin bağlanması öhdəliyi də “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcının üzərinə qoyulur.
24. Lakin cavabdeh iddiaçı ilə aralarında nə qazın alqı-satqı müqaviləsi, nə qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edən aktı (balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir), məhkəməyə təqdim etməmişdir.
25. Şərh edilənlərdən əlavə, məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərəri birbaşa tələb etməsi də qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində qazdan istifadə qaydalarının pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və qazdan istifadə qaydalarını pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi sui-istifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir.
26. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olubolmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər.
27. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qayda cavabdeh tərəfindən pozulmuş, aktın bir nüsxəsi nə iddiaçıya, nə təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən edir.
28. Bundan başqa, məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün həm də sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir.
29. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir.
30. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, eləcə də, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.
31. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə aparılan hesablamaya əsasən hazırkı iddia tələbinin qiymətinin 2073,60 manat olduğu nəzərə alındıqda, cavabdeh tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 40,73 manat təşkil edir.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 518,4- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00394) dair İddiaçı hesablanmış 2073,60 manat məbləğində borc silinsin. 40,73 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı