Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9012/2023 28.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İB tərəfindən hesablanmış 1555,20 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Qeyd edilən yaşayış evi iddiaçı məxsusdur və evə cavabdeh təşkilat tərəfindən qaz xətti çəkilmişdir. İddiaçı hər ay istifadə etdiyi qazın dəyərini ödəmişdir. Lakin cavabdeh təşkilat tərəfindən qaz sayğacı çıxarılmış, yoxlama üçün göndərilmiş və daha sonra məlum olmuşdur ki, iddiaçıya qaz sayğacına müdaxilə əsasən ilə 1555,20 manat məbləğində borc hesablanmışdır. Cavabdehin etirazının dəlilləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Buna baxmayaraq cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin halları - İddiaçı barəsində xx.xx.2023-cü il tarixdə ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi qeyd edilmişdir. - Abonent İddiaçı 2023-cü ilin mart ayı üzrə akta əsasən 1555,20 manat məbləğində borc hesablanmışdır (**********00140 kodlu abonent saldosu). İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir
9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, abonentin təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər qanunvericiliyin tələblərinə riayət edilmədən istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB tərəfindən İddiaçı barəsində tərtib edilmiş akt əsasında 1555,20 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia təmin edilməli və Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış 1555,20 manat məbləğində borc silinməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 35.55 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən ev üzrə İddiaçı (abonent kodu: **********00140) hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 35,55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova