Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9065/2025 11.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayədəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına görə onun adına açılmış **********00000 saylı abonent koduna Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərflyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 2073,60 manat məbləğində əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Evdə quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. O sözügedən ünvanda ilin isti vaxtlarında yaşayır. Ona görə də təbii qazdan istifadə etmək zərurəti yaranmır. Azəriqaz İB-nin əməkdaşları 24 fevral 2024-eü il tarixdə onun məlumatı olmadan sözügedən ünvana gəlmiş, onun təbii qazdan qeyri-qanuni, sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini əsas gətirərək akt tərtib etmiş, ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə ona məxsus **********00000 saylı abonent koduna 2073,60 manat məbləğində borc yazmışdırlar. Sözügedən akt istehlakçının iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Başqa sözlə yuxarıda qeyd etdiyi ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Göründüyü kimi "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı kimi ağlabatan da deyildir. Bu ondan irəli gəlir ki, Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, Birliyin əməkdaşları ona məxsus ünvanda mövcud olan cihazları və onların saatlıq sərfiyyatını göstərmədən, sayğacın saatlıq qaz sərfiyyatını 6 kub/metr, cihazların orta günlük iş rejimini 12 saat olmaqla 240 gün üçün hesabat aparmışdırlar. Hər hansı qaz cihazının 240 gün ərzində 12 saat işləməsi mümkün deyil. Digər tərəfdən 240 günün böyük əksəriyyəti ilin isti vaxtına təsadüf eldiyini nəzərə alsaq bu dövrdə istilik qaz cihazlarından istifadə etmək zərurəti yaranmır. Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiya üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Bütün bunlar onu deməyə əsas verir ki, Birliyin əməkdaşları akt tərtib edərkən, hesabat apararkən qanuni əsaslara deyil formal mülahizələrə istinat etmişdir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları İddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi qeyd edilmişdir. Akta əsasən abonentə 2073,60 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasinin Energetika Nazirliyi X1 Agentliyi Baki Filialının 23 yanvar 2026-cı il tarixli 3-15-2-1/2-299/2026 nömrəli məktubuna əsasən ünvan 1 ünvanında yaşayan İddiaçı barəsində X1 Agentliyinin Bakı filialına inzibati məsuliyyətə cəlb edilmə ilə bağlı (qazdan qanunsuz istifadəyə görə) müraciət daxil olmamışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası 30 iyun 1998-ci il tarixli, 513-İQ nömrəli Qanunun 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir
9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi
Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik müddəalarına əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə və ya qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq qərarların mövcud olmadığı müəyyən edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər qanunvericiliyin tələblərinə riayət edilmədən istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarıın pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 2073,60 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, qeyd edilən 2073,60 manat məbləğində borc məbləği silinməlidir.
Məhkəmə xərcləri: Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, 40,74 manat məbləğində dövlət rüsumu da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu: **********00000) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat borc silinsin. Cavabdeh İB-dən 40,74 (qırx manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova