Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9118/2024 13.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən 11 saylı ev üçün quraşdırılmış qaz sayğacında baş vermiş nasazlıqlara görə İddiaçı **********00000 saylı abonent hesab nömrəsinə hesablanmış 777.60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən 11 saylı ev iddiaçıya məxsusdur. İddiaçı həmin ünvana aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Evdə quraşdırılmış qaz sayğacı iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan yaşadığı ünvana gəlmiş, bu ünvanda quraşdırılmış qaz sayğacına guya vizual müdaxilə olunduğunu və sayğacın hesablama mexanizimin üzərində mənşəyi məlum olmayan plombların aşkar edildiyini əsas 28 sentyabr 2023-cü il tarixində akt tərtib edərək iddiaçıya 777.60 manat məbləğində əsassız borc yazılmışdır. İddiaçı qaz sayğacına müdaxilə etməmişdir. Təbii qazdan hər zaman istifadəsində olan qaz sayğacı üzrə istifadə etmişdir, ödənişləri də vaxtı-vaxtında etmişdir. Qaz sayğacının texniki vəziyyətində nasazlıq və s. qüsurlar aşkar edilmişdirsə, eləcə də qaz sayğacı istismara yararsız hala düşmüşdürsə bu hal iddiaçının təqsiri ucbatından baş verməmişdir. Qaz sayğacına müdaxilə etmişdirsə, texniki vəziyyəti nasaz vəziyyətə gətirilmişdirsə və ya sayğac istismara yararsız hala düşmüşdürsə bu hal küçədən keçən istənilən şəxs tərəfindən, iddiaçı ilə qərəzliyi və düşmənçiliyi olan şəxslər tərəfindən və ya Cavabdeh İBnin öz işçiləri tərəfindən də qəsdli şəkildə törədilmiş ola bilər. Qaz sayğacında yaranmış texniki nasazlığa və digər qüsurlara görə istehlakçı qismində iddiaçıya əlavə sərfıyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşdüyündən, belə olan halda abonent hesabına yazılmış 777.60 manat məbləğində borcun qanuni əsasını göstərmək öhdəliyi də Cavabdeh İB-nin üzərinə düşür. Azərbaycan Respublikasında təbii qazın istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyət “Qaz təchizatı haqqında” Qanun və “Qazdan istifadə Qaydaları” ilə tənzimlənir. Qeyd edilən Qanun və Qaydalarda istehlakçının təqsiri olmadan və ya təqsiri olmaqla qaz sayğacında yaranmış texniki qüsurlarla əlaqədar istehlakçıya əlavə sərfiyyat hesablanması və bu hesablamanın mexanizmi nəzərdə tutulmamışdır. İddiaçıya məxsus ünvanın abonent hesabına yazılmış 777.60 manat məbləğində borcun qanunsuz və əsassız şəkildə hesablanıb yazıldığını hesab edir. Bu səbəbdən də, hesab edir ki həmin borc məbləği abonent hesabından silinməlidir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: 28 sentyabr 2023-cü il tarixdə cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğaca vizual müdaxilə edildiyi, sayğacın hesablama mexanizminin üzərində mənşəyi məlum olmayan plombların aşkar edildiyi müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun 2023-cü ilin sentyabr ayı üzrə 777.60 manat məbləğində borcunun olması əks olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış borc iddiaçıdan tələb edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Məhkəmə belə qənaətə gəlir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-9118/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9118/2024
13.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver