Məhkəmə qərarları › İş №2(011)-915/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-915/2025

14.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-915/2025 14.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və pulun qaytarılması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış qaz sərfiyyatına görə 2.073,60 manat məbləğində borcun əsassız hesab edərək ləğv edilməsi və cərimə ilə əlaqədar iddiaçının hesabından silinmiş 166.47 manat pulun iddiaçının hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin mart ayında iddiaçıSumqayıt şəhərinin ərazisinə aid olan Novxanı bağ massivində 3986 nömrəli bağ evi almışdır. Qaz istifadəçisi kimi abonent nömrəsi **********00860-dır. Qaz sayğacının nömrəsi 1202AQ**********3 olmuş, 2013-cü ilin yanvar ayında bağın əvvəlki sahibi Famil Quliyev olduğu zaman evin həyətindən çöldə, bağın giriş qapısının yanında quraşdırılmışdır. Sayğaca qaz həcmi smart kartla yüklənirdi. Evdə təbii qazla işləyən üç gözlü plitədən və kombi su qızdırıcısından istifadə edilmişdir. Bağ evini aldığı vaxtdan evdə daimi heç kim yaşamamış, yaşayış olmadığı müddətdə təbii qazdan da istifadə edilməmişdir. Məlum olur ki, planlı şəkildə bağ massivində bir çox sayğacların işləmə müddəti başa çatdığından, elementin enerjisi bitdiyindən 12 avqust 2022-ci il tarixdə iddiaçının bağının da sayğacının dəyişdirilməsi zərurəti yaranmış və bu səbəbdən də Sumqayıt Qaz İstismar sahəsinin işçiləri tərəfindən dəyişdirilərək Zenner G4T Smart markalı **********4446 nömrəli sayğacla əvəz olunmuşdur. Bu zaman sayğacla bağlı iddiaçıya hər hansı bir nöqsan barədə bildiriş verilməmişdir. Çıxarılandan sonra həmin sayğacın necə və hansı şəraitdə saxlandığını bilmir, lakin üstündən təxminən bir il keçəndən sonra - 17 may 2023-cü il tarixində “Sənaye və məişət qaz sayqaclarını kalibrləmə” laboratoriyası tərəfindən köhnə sayğaca baxış keçirilir və müəyyən edilir ki, sayğacın elementinin bitməsi ilə yanaşı sayğac klapanı işlək deyil, yivli birləşmələr korroziyaya uğrayıb, sayğac çıxış plasmas borusu deşilib, qayka plombu üçün nəzərdə tutulmuş plastmas qulaqcıq qırıqdır. 19 may 2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və «Dəymiş ziyanın bərpasına dair Tələbnamə» tərtib olunur və iddiaçıya 2.073,80 manat məbləğdə cərimə tətbiq olunur. Bu yoxlama iddiaçının iştirakı və məlumatı olmadan keçirilmişdir. Bunlar barədə iddiaçı yalnız yenə də bir il keçmiş, yəni 2024-cü ilin iyun ayında məlumat almışdır. Belə ki, abonent kodu ilə iddiaçı hesabına pul köçürəndə görmüşdür ki, pulun bir hissəsi dərhal silinir. Sumqayıt Qaz İstismar sahəsinə gedib, səbəbini araşdıranda məlum olmuşdur ki, iddiaçıya cərimə yazılıb və həmin cərimənin ödənilməsi üçün iddiaçının razılığım olmadan pul silinir. Şifahi şikayətinə baxılmadığı üçün Sumqayıt QİS-dən sayğac dəyişdirilməsi, cərimənin yazılması ilə bağlı sənədlərin surətlərini götürüb, rəsmi şikayət ərizələrini göndərmişdir. Qeyd olunmalıdır ki, həm əvvəlki sayğacın, həm də hazırki sayğacın işləməsi smart kartla nəzərdə tutulduğundan, yüklənmiş pul miqdarında da qaz istifadə olunur. Smartkarta yüklənmiş miqdardan artıq yalnız sayğac tərəfindən kredit şəklində verilən miqdarda qaz istifadə oluna bilər. Yəni abunəçi tərəfindən qazın mənimsənilməsi halı mümkün deyil. Əgər sayğacın istismar müddəti bitibsə, günəşdən plasmas hissələri quruyubsa, yağışdan metal hissələri korroziyaya uğrayıbsa, onun plasmasdan olan qoruyucu qutusu quruyub, küləkdən, yağışdan, günəşin təsirində dağılıbsa – iddiaçı bunlara görə heç bir məsuliyyət daşıya bilməz. Bu barədə iddiaçı şikayətlə rəsmi olaraq Cavabdehnə və Sumqayıt Qaz İstismar sahəsinə müraciət etmiş, İstehsalat Birliyi ərizəmi Sumqayıt QİS-nə göndərdi və sonuncu tərəfindən 17 iyul 2024-cü il tarixli məktubla cavab verilmişdir ki, həqiqətən də bağ evinə hələ xx.xx.2013-cü il tarixdə quraşdırılan əvvəlcədən ödənişli G-4 markalı sayğac istismar müddəti bitdiyindən xx.xx.2022-ci il tarixdə yenə də əvvəlcədən ödənişli G-4 markalı sayğacla əvəz olunmuşdur və əvvəlki sayğac yoxlamadan keçirilərkən tərtib olunmuş MSK-14.2-2/3-5- 5024/Y001 nömrəli akta əsasən sayğacın çıxış plasmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğac minimal sərfiyyatda 100 faiz nisbi xəta ilə işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu və son nəticə olaraq müdaxilə nəticəsində qaz itkisinin baş verdiyi müəyyən edilmiş, buna görə də «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» akt tərtib olunmuş, itirilmiş qaz itkisinin 17280 m3 olmaqla, dəyəri 2.073,80 manat olduğu müəyyənləşdirilərək abonent koduna işlənmişdir. Cavabdehndən cavab gəlmədiyi üçün iddiaçı təkrar Birliyə müraciət etmiş və xahiş etmişdir ki, ərizəyə birbaşa Birliyin əməkdaşları tərəfindən obyektiv araşdırmaqla baxılsın. Lakin müraciətindən bir ay keçməsinə baxmayaraq Birlikdən cavab verilməmişdir. Aktda qeyd edildiyi kimi, sayğac «mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu və son nəticə olaraq müdaxilə nəticəsində qaz itkisinin baş verdiyi» yalandır. Belə ki, 11 mart 2022-ci il tarixdə alğı-satqı vasitəsilə iddiaçı bağ evini alıb səhəri günü, yəni 12 mart 2022-ci il tarixdə xaricə getmiş, bağda heç kim yaşamayıb, ailə üzvləri xaricdə yaşayır. 2022-ci ilin 15 iyun tarixində iddiaçı Azərbaycana gəlib 02 avqust tarixində yenədə xaricə getmişdir. İddiaçı xaricdə olduğu müddətdə xx.xx.2022-ci il tarixdə Sumqayıt QİS-nin əməkdaşları tərəfindən qaz sayğacı dəyişdirilmişdir. İddiaçının əldə etdiyi «Qaz sayğac çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» tərtib olunmuş ******* nömrəli aktda çıxarılan sayğacda hər hansı bir nöqsanın olması barədə, həmçinin «yivli birləşmələrin korroziyaya uğraması, sayğac çıxış plasmas borusunun deşilməsi, qayka plombu üçün nəzərdə tutulmuş plastmas qulaqcığın qırıq olması» kimi gözlə görünməli olan nöqsanlar barədə heç bir qeyd aparılmamışdır. Bağda aylarla daimi yaşayış olmamış, bağda yaşayış olduğu vaxt sayğaca kart vasitəsilə pul ödənilmiş, ödənilmiş məbləğə uyğun təbii qaz sərf edilmiş və əgər kart vasitəsilə pul vəsaiti ödənilməsəydi onda təbii qazı sayğac ötürməzdi. Eyni zamanda, əvvəlki sayğac göstəricilərə dair arayışdan görünür ki, 2013-cü ilin yanvar ayında həmin sayğac quraşdırılarkən ilkin göstərici «0» olmuş, sərfiyyat olduqca göstəriciləri artmış və xx.xx.2022-ci il tarixdə sayğac dəyişdirilərkən həm elektron, həm mexaniki göstəricisi 17651 m3 olmuşdur. Beləliklə, sayğac işlək vəziyyətdə olmuşdur. Əgər bu cür nöqsanlar olsa idi, onlar nəzarətçilər tərəfindən vaxtında müəyyən edilərdi. Lakin iddiaçı bağı aldığı vaxt sayğac heç qoruyucu qutusu da olmamış və sayğac günəşin, yağışın altında olaraq, onun plasmas hissələri qurumağa, dəmir hissələri isə koroziyyaya uğramaq riskində olmuşlar. Digər tərəfdən, aktda göstərilən - «sayğacın hesablama mexanizminə müdaxilə» iddiaçı tərəfindən edilməmiş, dəyişdiriləndən sonra bir il sayğac naməlum şəraitdə və qaydada saxlanılmış, aktın tərtib edilməsi cavabdeh orqanın əməkdaşları tərəfindən birtərəfli qaydada aparılmışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğac zədələnməsi müəyyən edilmədiyi haldır. Qeyd edilən sayğac bağ sahəsinin ərazisində yox, ərazidən kənarda quraşdırılmış olduğu üçün iddiaçının sayğacı kənar müdaxilələrdən güdməyi qeyri-mümkündür. Sayğac çıxarılan zaman müdaxilə Qaz istsmar Sahəsinin əməkdaşları tərəfindən aşkar olunmadığından və bu hal qeyd edilən aktdan da öz əksini tapmadığından, sayğac yoxlanılması üçün Metrologiya Departamentinə yalnız bir ildə sonra təqdim edildiyindən, sayğaca iddiaçı və ya ailə üzvləri tərəfindən müdaxilə olub-olmaması müəyyən edilmədiyinən hesablanmış borc qanunsuz və əsassız olmuşdur. İddiaçı vicdanlı abonentdir, həmişə qanuna hörmət etmiş, heçbir qanun pozuntusuna yol verməmişdir, bağ evində heç vaxt təbii qazdan qanunsuz olaraq istifadə edilməmiş və iddiaçının hər hansı bir təqsiri və hüquqazidd əməli nəticəsində cavabdeh orqana zərər vurulmamışdır. Lakin qaz təshizatı müəssisəsinin səlahiyyətli nümayəndələri işə laqeyd münasibət göstərməklə və qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməməklə yanaşı, qaz sayğaca heç bir kənar müdaxilə etmədiyi halda və sayğac iş prinsipinə görə yalnız əvvəlcədən ödəmə olduqda evə qaz ötürdüyü halda əsassız olaraq iddiaçıya 2.073,60 manat borc hesablamışlar və hər dəfə sayğaca pul yüklədikdə bir hissəsini həmin borcun silinməsinə yönəltmişlər. «Abonent saldosu»ndan göründüyü kimi, 2023-cü ilin iyun ayında 2.073,60 manat məbləğində hesablanmış borc 2024-cü ilin may ayında 1.907,13 manat olmuşdur, yəni qanunsuz olaraq 166.47 manat silinmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19 may 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın klapanının işlək olmadığı, yivli birləşmələrin korroziyaya uğradığı, sayğacın çıxış plasmas borusunun deşildiyi, qayka plombu üçün nəzərdə tutulmuş plastmas qulaqcığın qırıq olduğu, sayğacın istismara yararsız olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 2.073,60 manat borc tələb edilmişdir. Tələb edilən 2.073,60 manat borcun ödənilməsi üçün cavabdeh təşkilat iddiaçı tərəfindən edilən ödənişlərdən 2023 və 2024-cü illərdə ümumilikdə 166.47 manat tutulma aparmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2024-cü ilin may ayına abonentin il sonuna qrafasında iddiaçının 1.907,13 manat borcu olduğu görünür. İddiaçı hazırda onun abonent hesabına əsassız olaraq yazılmış 2.073,60 manat məbləğində borcun silinməsi və 166.47 manat pulun hesabına qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbində 2.073,60 manat borcun silinməsini xahiş etsə də, iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 2.072,60 manat borc hesablansa da, borc hesablandıqdan sonra iddiaçının abonent hesabından 2023-cü ildə 66.47 manat, 2024-cü ildə 100 manat olmaq, ümumilikdə 166.47 manat pul tutulma aparılmışdır. 2024-cü ilin may ayına ilin sonuna olan borc qrafasında iddiaçının 1.907,13 manat borcunun mövcud olduğu görünür. Məhkəmə iddianın borcun silinməsi hissəsinə qiymət verərək hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1.907,13 manat borc silinməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən tutulmaların aparılması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. Odur ki, iddia bu hissədə təmin edilməli, cavadehin iddiaçının abonent hesabından sildiyi 166.47 manat məbləğində pul vəsaiti İddiaçı abonent hesabına geri qaytarılmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00860 saylı abunə koduna hesablanmış 1.907,13 manat məbləğində cərimə borcu silinməli, cavabdehin iddiaçının abonent hesabından sildiyi 166.47 manat məbləğində pul vəsaiti İddiaçı abonent hesabına geri qaytarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 40.74 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00860 saylı abunə koduna hesablanmış 1.907,13 (bir min doqquz yüz yeddi manat on üç qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 166.47 (bir yüz altmış altı manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı abonent hesabına geri qaytarılsın. Cavabdehndən 40.74 (qırx manat yetmiş dörd qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar