Məhkəmə qərarları › İş №2(011)-920/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-920/2022

13.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-920/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********06000) hesablanmış 4870.90 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 13.04.2020-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən istifadəsində olan smarttipli qaz sayğacı çıxarılaraq yeni mexanika tipli qaz sayğacı ilə əvəz edilmişdir. Yeni sayğacdan bir müddət istifadə etdikdən sonra ona ay ərzində istifadə etdiyi qazın dəyərindən dəfələrlə artıq məbləğdə hesab təqdim edildi. Bununla bağlı cavabdeh təşkilata müraciət etmiş və ona cavab olaraq bildirmişlər ki, guya onun tərəfindən 2018-ci ilin mart ayından 2020-ci ilin may ayınadək, yəni qaz sayğacı mexaniki ilə əvəz olunanadək təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunmuşdur və bu səbəbdən ona 4870.90 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı heç bir zaman təbii qazdan qanunsuz istifadə etməmiş, istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəmişdir. Onun istifadəsində 13.04.2020-ci il tarixədək smart tipli qaz sayğacı olmuş və bu müddət ərzində ona məlumat verilmədən barəsində 21 saxta və qanunsuz akt tərtib edilmişdir. 13.04.2020-ci il tarixədək smart tipli qaz sayğacından istifadə etmiş və istifadə etdiyi qazın dəyərini daim ödəmişdir. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş saxta aktların kim tərəfindən və nə zaman tərtib edildiyindən məlumatı olmamışdır. Aktın özünə baxdıqda məlum olur ki, cavabdeh saxtakarlığa yol vermiş və həqiqətə uyğun olmayan halı əsas gətirərək ona cərimə hesablamışdır. Aktda qeyd edilən hesablama qaydasının hansı qanuna və ya hüquqi akta əsaslanaraq aparıldığı məlum deyil. Akt tərtib edilərkən onun və ya hər hansı hal şahidinin iştirakı təmin edilməli idi. Cavabdeh təşkilat öz qanunsuz hərəkətlərini gizlətmək üçün ona və ya digər ailə üzvlərinə məlumat vermədən saxta akt tərtib etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, qeyd edilən ünvanda əvvəllər bir müddət kənar qoşulma xətti olmuş, lakin Cavabdeh tərəfindən sayğac quraşdırıldıqdan sonra həmin qanunsuz istifadəyə son qoyulmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tərəfinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 152 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.03.2018-ci il tarixli ******* saylı, 28.09.2018-ci il tarixli ******* saylı, 31.10.2018-ci il tarixli ******* saylı, 30.11.2018-ci il tarixli ******* saylı, 28.12.2018-ci il tarixli ******* saylı, 28.01.2019-cu il tarixli ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 30.05.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 20.03.2020-ci il tarixli ******* saylı və 13.04.2020-ci il tarixli ******* saylı aktlarda “abonent qaz sayğacından kənar təbii qazdan istifadə edir” qeyd edilmişdir. Həmin aktlar əsasında tərtib edilmiş “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”lərin və abonent saldosunun surətindən görünür ki, aktlar əsasında qazın dəyərinə görə 4870.90 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. Məhkəmə tərəfindən 31 mart 2022-ci il tarixində həmin ünvana - Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********06000) yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, fərdi yaşayış evinin hasarı ilə diametri 57 mm olan boru ilə qaz xətti keçir, daşıyıcı qaz xəttinin üzərində borucuq aşkar edilmişdir. Paylayıcı qaz xəttindən mübahisə predmeti olan ünvana ötürülən qazın hesabatı üçün qaz sayğacı quraşdırılmış, evə qazın ötürülməsi həmin sayğac vasitəsi ilə təmin edilir. Yerli müayinə protokolundan və Cavabdeh tərəfindən tərtib edilmiş 30.03.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, qaz xəttinə sayğacdan kənar qoşulma olmuş, lakin daha sonra bu hal aradan qaldırılmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən tərtib edilmiş 30.03.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 1209,60 manat məbləğində borcu çıxaraq, qaz sərfinə görə iddiaçıya hesablanmış 3661.90 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan çox olduğundan, yəni 4870.90 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 68.70 (altmış səkkiz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu: **********06000) üzrə İddiaçı hesablanmış 3661.90 ( üç min altı yüz altmış bir manat doxsan qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 68.70 (altmış səkkiz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar