Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-94/2025 27.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X1 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Heydər Əliyev adına X3 Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında, kəmərdən təqribən 6-7 metr aralı məsafədə Cavabdeh tərəfindən tikilmiş 11 mişar daşı uzunluğunda və 7 mişar daşı hündürlüyündə hasarın özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X2 (NEZ) ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında, kəmərdən təqribən 6-7 metr aralı məsafədə Cavabdeh tərəfindən 11 mişar daşı uzunluğunda və 7 mişar daşı hündürlüyündə hasar tikilməsi faktı aşkar olunmuşdur. Vətəndaş Cavabdeh gördüyü işlərin mühafizə zonasına düşdüyü üçün qanunazidd olması bildirilmiş və əlavə işlərin aparılmaması üçün ona xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Daha sonra iddiaçının nümayəndəsi AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ərazidə NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin "Mühafizə Zonası"nda tikilmiş tikililərin sökülməsi, iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manatın cavabdehdən İddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında tikinti işləri aparılmışdır. İddiaçı cavabdeh tərəfindən tikintisi aparılmış tikililərin zavoda məxsus boru kəmərlərinin ətrafında “Mühafizə Zonası”nda yerləşdiyini iddia edərək tikililərin sökülməsini tələb etmişdir. Məhkəmə cavabdeh tərəfindən tikintisi aparılmış tikililərin zavoda məxsus boru kəmərlərinin mühafizə zonasında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün iş üzrə ekspertiza təyin etmişdir. Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 2(011)-1939/2024 saylı mülki iş üzrə mütəxəssis rəyi 01 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olsa da, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəy verməkdən imtina edilmişdir. Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, iddiaçının nümayəndəsinin iştirakı ilə (Rövşən adlı şəxs) ünvanında ölçü İşləri aparıldı. Müayinə zamanı 300.0 mm-lik, 250.0 mm-lik və 200.0 mm-lik boru xətlərinin 4.3- 6.8 metr məsafəsində hündürlüyü 1.0 metr olan tikintialtı sahəsi 41.0 kv.m yarımçıq tikilinin olduğu aşkar olundu. Bundan əlavə yarımçıq tikilinin şimal divarına bitişik 2.0 kv.m sanitar qovşağı mövcuddur. Şərq divarına bitişik dəmir köşk yerləşdirilmişdir. Faktiki olaraq göstərilən sahənin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Dövlət mülkiyyəti torpağıdır. Sahəyə və üzərindəki tikiliyə dair sənəd təqdim edilməyib. Göstərilən sahənin təqribən yarısı dəmiryolu xəttinin, tamamilə isə magistral neft-qaz kəmərinin mühafizə zonasında yerləşir. Sahənin ətrafında yaşıllıq ağacları vardır Məhkəmə tərəfindən iş materialları mütəxəssis rəyinin verilməsi üçün Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-yə göndərilmişdir. Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-nin 29 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikili tamamilə (bütünlüklə) Heydər Əliyev adına X2 məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin mühafizə zonasında yerləşir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”: 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 2.11-ci bəndinin “a” bəndinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılığı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərini aparmaq qadağandır. Həmin bəndin 8-ci sətrinin 2-ci cümləsinə əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən “Dövlət Neft Şirkətinin yerli orqanları” tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. 2.23-cü bəndinin tələblərinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə, qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 46-cı maddəsinə və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, qaz kəmərlərini istismar edən Dövlət Neft Şirkəti və ya onun yerli orqanları ilə Cavabdeh arasında torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı razılaşma mövcud olmamışdır. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda cavabdehin qanunsuz istifadəsindədir. Aparılmış mütəxəssis tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, mübahisəli tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh magistral qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət təqsirli şəxs kimi onun üzərinə düşür. Eyni zamanda məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla qanunsuz tikilini inşa etmişdir. Qanunun tələblərinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ərazidə NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin "Mühafizə Zonası"nda tikilmiş tikililər sökülməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Tarif Şurasını qərarına müvafiq olaraq iddiaçı tərəfindən 95 manat xidmət haqqı ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçı Heydər Əliyev adına X2 ödənilməlidir. Həmçinin, hesabatdan görünür ki, Hüquq Əmlak Məsələləri Ekspertizası MMC tərəfindən iş üzrə mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqı 300 manat təşkil edir. Məhkəmə belə qənaətə gəlir ki, nə qədər ki, iddia tələbi təmin edilmişdir, 300 manat xidmət haqqı da Cavabdeh alınaraq Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ərazidə Heydər Əliyev adına X2 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin "Mühafizə Zonası"nda tikilmiş tikililər sökülsün. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu və 95 (doxsan beş) manat xidmət haqqı alınaraq iddiaçı Heydər Əliyev adına X2, mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulan 300 (üç yüz) manat xidmət haqqı alınaraq Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-yə (VÖEN: **********, Hesab: AZ57AllB400500C**********211) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-94/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-94/2025
27.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver