Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9419/2025 06.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh Azəriqaz İB-in Zaqatala RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı aktın əsasında qanunsuz (abonent kodu **********01800) hesablanmış 777,60 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanından quraşdırılmış qaz sayğacı iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı qeyd edir ki, yaşadığı fərdi yaşayış evində qazdan istifadə etdiyinə görə küçədə Cavabdeh tərəfindən G-4 markalı, **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı bildirir ki, Cavabdeh İB-in əməkdaşları yaşayış evi üçün küçədə quraşdırılmış qaz sayğacına baxış keçirmiş, sayğacın növbəti dövlət yoxlamasının vaxtı çatdığını əsas gətirərək onu ünvanından sökmüşlər. Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və iddiaçının adına 777 manat 60 qəpik məbləğində borc hesablanmışdır. İddiaçı hesab edir ki, Cavabdeh İB-in əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı akt, həmçinin onun abonent koduna hesablanmış 777 manat 60 qəpik məbləğində borc qanunsuzdur. Cavabdehin etirazının dəlilləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Buna baxmayaraq cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin halları İddiaçı barəsində xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Aktda sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi, plombanın üzərində və yuvasının ətrafında əzik-cızıq olduğu qeyd edilmişdir. Abonent adına xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən 777,60 manat məbləğində borc hesablanmışdır (abonent kodu **********01800). İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir
9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik müddəalarına əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə və ya qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq qərarların mövcud olmadığı müəyyən edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər qanunvericiliyin tələblərinə riayət edilmədən istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarıın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 777,60 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, qeyd edilən 777,60 manat məbləğində borc məbləği silinməlidir.
Məhkəmə xərcləri: Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 30 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanı üzrə abonent İddiaçı (abonent hesabı: **********01800) "Təbii qazdan istifadə qaydalarıın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu "Azəriqaz" İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova